II
Azərbaycan Türkləri minilliklər boyunca çoxlu sayda dövlət yaradıblar. Türklüyə yağı iç-dış güclər, tarixçilər illərdir bu gerçəyi danmaqla Azərbaycana tarix adına antitarix düzəldirlər. Ermənilərlə farslar bu işdə illərlə daha böyük aktivlik göstəriblər: onlar da, bir sıra böyük güclər də Azərbaycan-Türk varlığını, Azərbaycan-Türk dövlətçilik faktını danmaqla bizi hər baxımdan yenməyə çalışıblar. Başqaları bizim Ulu dövlətçilik tariximizə bağlı gücümüzü əlimizdən almağa çalışıblarsa, ermənilər bundan savayı bir də bizim dövlətçilik dariximizi danmaqla Azərbaycan coğrafiyasında özlərinə yox yerdən dövlətçilik tarixi yaratmağa çalışıblar.
Əski tariximizin ünlü araşdırıcılarından olan Qiyasəddin Qeybullayev Azərbaycan Türk tarixini danalara qarşı çıxaraq yazır: “Azərbaycanda türkdilli əhalinin orta əsrlərdə gəlmə oluduğunu sübut etməyə çalışmaqla bu müəlliflər əslində Ermənistandan azərbaycanlıların kütləvi qovulması və Qarabağın Azərbaycandan qoparılmasının tarixən əsaslandırılmasına doğru yönəldilmiş erməni tarixşünaslığına istər-istəməz tərəfdar olmuşlar”. Bu “tərəfdarlıq” dışda Azərbaycanı kökündən qoparmaqla gücsüzləşdirməyə yönəlmiş imperiya siyasətlərinə bağlıdir. Burası bəlli. Bəs içimizdəki belələrinə, çağımızda da bu sayaq çıxışlarda bulunanlara nə ad verək? Dönük, separatçı, yoxsa nə?
Q.Qeybullayev dövlətçilik tariximizi dananlara belə səslənir: “Mannalar və Madaylar türk xalqlarının tarixində ilk dövlət qurumlarını yaratmış etnoslardır. Türk xalqları içərisində azərbaycanlılar hələ eradan öncə I minillikdə Manna, Maday, Atropatena, Albaniya dövlətlərini yaratmış tək xalqdır. Həqiqət budur, cənablar, istəsəniz də, istəməsəniz də!”. Mən bu doğruya daha bir sıra doğru qatmaq istəyirəm. Tarixin ilkin çağlarında, dünyanın bir çox uluslarının dövlət, dövlətçilik nə olduğunu bilmədiyi çağlarda güclü dölətlər yaratmış Azərbaycan Türk ulusu var olduqca, Türk etnosu olaraq varlığını qoruyub saxladıqca gələcəyə dövlətsiz, dövlətçilik düşüncəsindən ayrı gedə bilməzdi, getmədi də! Azərbaycan Türkləri sonralar da bir-birinin ardınca irili-xırdalı çoxlu dövlət yaratdılar – çoxu da imperiya dövləti! Onların qısa, bitkin olmayan sıralaması belədir: Saclılar (Sacilər), Eldəgəzlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar… Aradakı “boşluğu” Səlcuqlu, Çingiz, Teymur imperatorluqları doldurur; onlar da yad deyil, doğmalar idilər.
Burada ən önəmlisi yaşı min illəri keçən gələnək-görənəklərə bağlı bir etnosun – Azərbaycan Türk etnosunun parlaq varlığıdır. Alman filosofu K.Yaspers yazır: “Biz insanıq, eləcə də doğa-təbiətik, tarixik. Təbiətimiz özünü varislikdə, tariximiz gələnəkdə göstərir. Yetənəklərimizi (başqa cür desək, tariximizi. – X.B.) unutsaq, ya da tarix boyu qazandığımız yaşamımızdan yox olsa, tarixi sürəc kəsilə bilər. Vərdiş özü, sözsüz olaraq inam gücünə biçimlənmiş özümlü yaşam yolu, düşüncənin az qala bilincsiz dayanıqlığı, sosial ilişkilərin bütün toplusu ilə hər gün biçimlənən, kökü elə bil varlığımızın ən dərin qatlarında olan dayanıqlıq sosial düzən dəyişən kimi yerindən oynamağa başlayır. Gündəlik yaşam gələnəkdən qopanda tarixən biçimlənmiş etnos itirilir, saya yaşam biçimləri dağılır, bütünlüklə inamsızlıq, güvəncsizlik üstünlük qazanır”.
Mənim yazdıqlarımı oxumaya bilərsiz, ancaq alman filosofunun bu sözlərini dönə-dönə oxuyun, görün istər içdə, istərsə də dışda bizim Türk kökümüzü, yaşı min illəri aşan, özümlü gələnək-görənəklərimizə bağlı dövlətçilik tariximizi dananlar nəyə çalışırlar, onların amacı nədir. Fransız filosofu Le Bon yazır: “…hər bir ulusun idealı keçmişin qurumlarını qoruyub saxlamaq, onları getdikcə azacıq dəyişməkdir”. “Azacıq” dəyişikliklə biz keçən yüzilin başlanğıcında üç demokratik respublika qurduq…

Unutdurulan Azərbaycan tarixi
•