Hökumət Vəkillər Kollegiyası rəhbərliyinin qanunsuzluğuna niyə göz yumur?
Vəkilliyin problemlərilə bağlı Işçi Qrup yaradıldı
Bu gün ölkənin hüquq sistemindəki ağrılı sahələrdən biri də vəkillikdir. Ölkənin həyatında kifayət qədər önəm daşıyan bir sahə olmasına baxmayaraq, kifayət qədər ciddi problemləri olan vəkilliyin dərdləri təəssüf ki, son illərdə çox nadir hallarda qabardılır. Bugünlərdə tanınmış vəkil Osman Kazımov da daxil olmaqla bir neçə nəfərin Vəkillər Kollegiyasından uzaqlaşdırılmasıyla bu sahədəki qanunsuzluqlar, özbaşınalıqlar gündəmə gəldi. Dünən ölkənin bir sıra tanınmış vəkilləri bir araya gələrək vəkilliyin və vəkillərin problemlərini müzakirə ediblər.
Qanunsuz vəkillik
Ölkənin tanınmış vəkillərindən olan “Adisad” hüquq firmasının rəhbəri Adil Ismayılov bildirib ki, bu gün vəkilliyin, o cümlədən onun rəhbər orqanlarının fəaliyyəti qanunsuzdur. Çünki “Vəkillik və vəkillərin fəaliyyəti haqqında” qanuna görə, ən azı, üç ildə bir dəfə Vəkillər Kollegiyasının ümumi yığıncağı keçirilməlidir. Amma Azərbaycanda Vəkillər Kollegiyasının ümumi yığıncağı sonuncu dəfə 2004-cü ilin noyabrında keçirilib. Deməli, bu gün vəkillərin fəaliyyəti legitim deyil: “Bu gün deyirik ki, vəkilləri Kollegiyadan çıxarırlar. Kim çıxarır? Rəyasət Heyəti. Bəs Rəyasət Heyəti kimdir? Qanunsuz qurumdur”.
Adil Ismayılov həmçinin Osman Kazımova dəstək əlaməti olaraq, Kollegiya üzvlüyünə bərpa iddiası üzrə məhkəmə proseslərində onun vəkili olmağı təklif edib.
Vəkilliyə siyasi basqılar
Media Hüquqları Institutunun rəhbəri Rəşid Hacılı problemin kökünün mövcud siyasi rejimə gedib çıxdığını vurğuladı. Onun sözlərinə görə, Azərbaycanda hazırkı siyasi rejimdə hətta bitkilərin hüquqlarının müdafiəsilə məşğul olan qurumun belə, müstəqil fəaliyyət göstərməsi çox çətindir: “Avtoritar rejimlərdə bütün qurumların fəaliyyəti ümumi siyasətdən asılı olmalıdır. Vəkillər Kollegiyasının müstəqilliyi normal demokratik rejimlərdə mümkündür. Azərbaycanda vəkilliyin üzərinə siyasi basqı o qədər güclüdür ki, bugünkü Vəkillər Kollegiyasının onun qarşısında dayanmaq imkanları çox məhduddur. Bunun nəticəsidir ki, 2004-cü ildən bəri ümumi yığıncaq keçirilməməsinə baxmayaraq, hər QHT-nin fəaliyyətində, nizamnaməsində bir ”əmma” tapan Ədliyyə Nazirliyi buna göz yumur. Ümumi yığıncaqda tənqid, etirazlar kimlərisə çəkindirir”.
Vəkil Əsabəli Mustafayev isə vəkilliklə bağlı qanundakı boşluqlara diqqət yetirib. Onun sözlərinə görə, qanunvericilik bazasında ciddi problemlər var və bundan istifadə edərək, vəkillərin hüquqlarını pozurlar. Əsabəli Mustafayevin fikrincə, qanunvericilikdə dəyişiklik olmalıdır ki, vəkillər ən azı, hüquqi müstəvidə hüquqlarının müdafiəsi istiqamətində mübarizə apara bilsinlər: “Ən azı, hüquqi müstəvidə təminatımızın olmasına çalışmalıyıq”.
Vəkillərin ödədiyi pullar hara gedir?
Vəkil Elçin Namazov da qaldırılan məsələlərə ayrıca vəkilliyin problemi kimi baxmağın tərəfdarı deyil. Bu problemlərin də bütövlükdə siyasi sistemdən qaynaqlandığını deyən Namazov Vəkillər Kollegiyasındakı maliyyə şəffaflığı məsələsinə də diqqət yetirib: “Hər bir vəkil ayda 37 manat Kollegiyaya üzvlük haqqı ödəyir. Son məlumatlara görə, Vəkillər Kollegiyasının 780 nəfər üzvü var. Bu pullar hara və necə sərf olunur?”
Vəkil Akif Əlizadə isə vəkilliyin problemlərinin getdikcə dərinləşməsinin səbəblərindən biri kimi bu peşə sahiblərinin həmrəy olmamasını qabardıb. Həmçinin Kollegiya üzvlərinin böyük əksəriyyətinin peşəkarlıq səviyyəsinin qənaətbəxş olmadığını vurğulayan Akif Əlizadənin sözlərinə görə, VK-nın rəhbərliyi də nədənsə, üzvlərinin təkmilləşməsində maraqlı deyil: “Bu gün Vəkillər Kollegiyası üzvlərinin təxminən 500-ü bu qurumdan çıxarılmalıdır. Həmin o vəkillərin işi-peşəsi məhkəmələrdə oturub müştəri axtarmaqdan, yaxud da hansısa müstəntiqin, prokurorun çağırışını gözləyib ”növbətçi vəkillik” eləməkdən ibarətdir”.
Akif Əlizadə həmçinin Azərbaycanda vəkillərin prokurorluğun təqdimatı ilə Kollegiya üzvlüyündən çıxarılmasını qanunvericilikdəki anormallıq kimi qiymətləndirib: “Azərbaycanda məhkəmə hakimiyyəti yoxdur, prokurorluq hakimiyyəti var”.
Alternativ Vəkillər Kollegiyası yaradılsın!
Vəkil Vidadi Mirkamal isə Azərbaycanda dövlət orqanlarının vəkillərlə hesablaşmadığını və hakimiyyətin bilərəkdən bu sahəni nüfuzdan saldığını bildirdi: “Normal dövlətlərlə dövlət orqanları dərhal vəkil sorğusuna reaksiya verir. Bizdə isə vəkil sorğusunu vətəndaşların müraciətləri kimi, bir kənara atıb, heç cavab da vermirlər”.
Vidadi Mirkamal alternativ Vəkillər Kollegiyası yaradılması, həmçinin vəkillərin üçdə birinin imzası ilə konfrans çağırılması kimi təkliflər irəli sürüb.
Vəkil Xalid Bağırov isə Kollegiyanın üzvü olan şəxslərin əksəriyyətinin müstəqil fəaliyyətə can atmamasından, rəhbərliyin göstərişilə oturub-durmalarından gileylənib: “Təəssüf ki, Kollegiya üzvü olan vəkillərin bir çoxunun da iradəsi yoxdur. Məhz belələrinin ucbatından vəziyyəti dəyişmək bir qədər çətinləşir. Ona görə də Vəkillər Kollegiyasının rəhbərliyi iradəsiz vəkillərin sayını artırmaqda maraqlıdır”.
Dəyirmi masanın yekunu olaraq, vəkilliyin problemlərilə bağlı Işçi Qrupun yaradılması qərara alınıb. Işçi Qrup qısa müddətdə toplaşaraq, atılmalı addımları müzakirə edəcək. Yaxın günlərdə Işçi Qrupun vəkilliyin problemlərilə bağlı yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatı gözlənilir.
Aytən Məmmədova