Yaxın olduğu qədər də uzaq olan Yaxın Şərq

Yaxın Şərqə ilk yüksək səviyyəli səfərin təfərrüatlarına varmaq üçün doğrusu, çox cəhd etdik, amma ciddi bir şey əldə edə bilmədik. Aydın olan budur ki, siyasi gücü instinktiv olaraq hiss edən rəsmi Bakı Israil və yəhudi lobbisi ilə əlaqələrə həmişə önəm verib. 
Amma Israillə Bakının əlaqələri hər bir vaxt Iranın ciddi pressinqi altında olub. Başqa vaxt müstəqil siyasət yürütməklə öyünən rəsmi Bakı Israillə bağlı siyasətini həmişə Irana baxaraq korrektə edib. Son vaxtlar Türkiyənin də Israillə münasibətlərinin korlanması Bakı üçün daha bir problem yaratmışdı. Indi bu problem aradan qalxıb, Israil ilə Türkiyə arasındakı münasibətlər normallaşmağa başlayıb. Bu səbəbdən Bakının əli-qolu nisbətən açılıb.
Bütün hallarda, Israilə indiki səfəri müəyyən mənada Türkiyə ilə bu ölkə arasındakı münasibətlərin yaxşılaşmasının nəticəsi kimi yozardıq. Bu haqda daha nə demək olardı? Təqdirəlayiq siyasətdir. Amma baxır bu, nə məqsədlə edilir? Elə bütün incə nüanslar da bununla bağlıdır. Düşünürəm ki, Bakını ən çox narahat edən qarşıdan gələn prezident seçkisidir.
Rusiya ilə münasibətləri soyuqlaşmış, üçüncü dəfə prezident olmaqla bağlı Qərbin hələ də razılığını almamış Bakı özü üçün əlavə imkanlar arayır. Bu, hətta ölkənin içində də özünü büruzə verir. Son vaxtlar ölkə içində məmurlar çox canfəşanlıq edirlər, səfərlər təşkil edir, guya əhalinin problemlərini yerində həll edirlər. Inanaqmı? Çətin məsələdir.
Bəli, bəlkə də bizim məmurlar özləri də başa düşmür ki, əhali üçün bir nömrəli problem onların özləridir, bəlkə özləri də bilmirlər ki, əhalinin qarşılaşdığı problemləri məhz onların özləri yaradır. Bunu başa düşmək siyasətdə və vəzifədə olan adam üçün o qədər də asan məsələ deyil.
Amma 20 ilin heç olmasa, bircə ayını özlərinin siyasətlərinin təhlilinə həsr etsəydilər bunu başa düşərdilər. Qayıdaq bir daha Israil məsələsinə. Bu hakimiyyət istəsəydi idarəçiliyi həmin ölkədən də öyrənərdi.
Yarandığı vaxtdan bu günə qədər müharibə şəraitində yaşayan bu ölkə daxili həyatında demokratik prinsiplərdən geri çəkilmir. Bəlkə elə onların dinamik siyasətinin səbəbini də burada axtarmaq lazımdır?
Demokratik prinsiplərlə idarə olunan kiçik ölkə neçə illərdir ki, monarxist ərəb rejimlərinin qarşısında duruş gətirə bilib. Bəli, həmin rejimlər ilk baxışda daha stabil və daha varlı görünür. Amma onlar kiçik Israillə bacara bilmir. “Stabilliyi” və sərvəti münaqişədə qalib gəlmək üçün əsas resurs sayan Bakı rəsmiləri bu haqda düşünsələr yaxşı olar. Əslində bu hakimiyyətin ölkədə yaratdığı rejimin yeganə “bəraəti” budur.
Elə deyirlər ki, biz müharibə şəraitindəyik, bizim üçün stabilliyimiz və iqtisadi yüksəlişimiz qələbəmizin təminatıdır. Amma 20 ildir ki, bu təminat özünü konkret nəticələrdə ifadə edə bilməyib. Hanı qələbə? Hanı qaytarılan torpaqlar? Mən hətta deyərdim ki, bunların Qarabağ problemi ilə bağlı indiyə qədər bizə zorla həzm etdirdikləri “doktrina” tam iflasa uğrayıb.
Bəli, nə stabillik xatirinə yaradıldığı iddia edilən bu avtoritar rejim, nə də ki, iqtisadi parametrlər Qarabağ problemində heç bir irəliləyiş yaratmadı. Bu gün də Ermənistan elə 80-ci illərin sonlarında olduğu kimi bizim qarşımızda duruş gətirə bilir. Bu hakimiyyət ölkənin neft resurslarından yalnız özləri üçün siyasi dividendlər götürdü, neft gəlirlərini özləri üçün sərvətə çevirdi. Əslində bunlara ayrılan siyasi limit tükənməlidir. Bu hakimiyyətin 20 ildə dediklərinin heç biri həyata keçmədi.
Siyasəti tamamilə iflasa uğrayan hakimiyyət yalnız bir halda duruş gətirə bilər – ölkədə sərt avtoritar rejim yaratmaqla. Bunu da ediblər. Üstəlik, hələ on illərlə hakimiyyətdə qalmaq niyyətindədirlər.
Indi də bu keçidi – müddətsiz hakimiyyət siyasətini həyata keçirmək üçün var gücləri ilə özlərinə imkanlar axtarırlar. Ona görə də Israil səfərinə məhz bu aspektdən yanaşmaq lazımdır.
Kiçik sözardı
O ki qaldı səfərin ABŞ müdafiə nazirinin səfəri ilə eyni bir vaxta təsadüf etməsinə, bunu bir təsadüf adlandırmaq olardı. Təbii ki, bir detal da var, onu qeyd etməmək düzgün olmazdı.
Bunlar başa düşür ki, Iran bu səfərə özünün neqativ münasibətini bildirəcək və bunu çox gözləmək lazım gəlməyəcək. Amma bundan narahat deyillər və bunu belə yozmaq olardı ki, rəsmi Bakı Iranın ölkə ətrafında cızdığı çərçivədən kənara çıxmağa cəhd edir. Iran məsələsinə gəldikdəsə, ABŞ-ın dövlət katibi bu yaxınlarda dedi ki, növbəti prezident seçkisinə qədər dözməliyik. Bunu isə belə başa düşmək lazımdır ki, bu il Iranla bağlı ciddi bir hadisə görünmür.