“Məmmədyarovun İsrailə səfəri seçkilərə hesablanıb”

Vəfa Quluzadə: “İsrailin xatirinə İranla əlaqələri korlamağa gediriksə, bu, təhlükəli addımdır”

 

Xəbər verdiyimiz kimi, xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfəri rəsmi Bakı üçün mümkün başağrısı ilə yadda qaldı. Belə ki, xarici KİV-də yer alan məlumatlara görə, Məmmədyarovun İsrail prezidenti Şimon Pereslə görüşündə İran və Rusiya əleyhinə bəyanatlar səslənib. Hətta “Associated Press” agentliyi bu görüş barədə xəbəri “İsrail Azərbaycanın İran böhranındakı rolunu tərifləyir” başlığı ilə verib.
Keçimş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Məmmədyarovun İsrail səfəri ilə bağlı “Azadlıq” radiosuna kiçik müsahibə verib. Müsahibəni təqdim edirik.

– İsrailin Azərbaycanın İran böhranındakı rolunu tərifləməsinə Azərbaycan sevinməlidir yoxsa narahat olmalıdır?
– Mən hesab edirəm ki, İsrailə olan bu səfər Azərbaycanda bu ilki prezident seçkilərinə hesablanıb. Azərbaycan İsrailin dəstəyinə nail olmaq istəyir. Hər tərəfli dəstəyinə.
Ancaq eyni zamanda, bu səfər nəticəsində Azərbaycan öz qonşuları ilə əlaqələrinin korlanmasını arzu etmir. Ona görə Şimon Peresin belə bəyanatlar verməsi bizi narahat edir.  Çünki belə bəynatlardan sonra narahatam ki, İran Azərbaycana qarşı tədbirlər də görə bilər və bunun Azərbaycan üçün ağır nəticələri ola bilər.
Mən ümumiyyətlə hesab edirəm ki, İsraillə yaxınlaşmanı hələ 1990-cı illərdən aparmaq lazım idi. Mən onda bu təklifləri verirdim. O vaxt vəziyyət indiki kimi gərgin deyildi. İndi isə gərgindir. İran aqressivləşib. Azərbaycn İranla əlaqələrinə fikir verməlidir.  
Mən hesab edirəm ki, heç bir dövlət öz prinsiplərindən imtina etməməlidir. Azərbaycnın prinsipi nədir? Qonşularla yaxşı münasibətlər. Qonşularla dostluq.
İndi biz İsrailin xatirinə İranla əlaqələri korlamağa gediriksə, bu, təhlükəli addımdır. Çünki Azərbaycan İranla həmsərhəddir. Azərbaycanın İrandan asılılıqları var. Məsələn, Naxçıvana İran ərazisi ilə gedilir. İranın Azərbaycana xeyli təzyiq vasitələri var. İsrail bizi bunlardan qoruya biləcəkmi? Budur əsas məsələ.

– Məlumatlarda deyilir ki, İsrail Azərbaycanın İran böhranındakı mövqeyini alqışlayır. Bu mövqe nədən ibarətdir?
– Mən hesab edirəm ki, Məmmədyarovun konfidensal danışıqlarını İsrail rəhbərliyi mediaya ötürməməli idi. Məmmədyarov özü İran əleyhinə heç bir bəyanat verməyib.
İsrail rəhbərliyi bəyanat verəndə, sözsüz ki, Məmmədyarovla danışıqlara əsaslanır. Ancaq İsrail rəhbərliyi İran əleyhinə nəyi səsləndirirsə, öz adından səsləndirsin, bizim adımızdan səsləndirməsin.

– Məmmədyarov deyib ki, İsraillə Azərbaycanın münasibətlərini genişləndirməkdə böyük imkanlar var. Nədir bu böyük imkanlar?
– Mən hesab etmirəm ki, bizim İsraillə əlaqələrimizin genişlənməsində böyük imkanlar var. Çünki mən dövlət müşaviri işlədiyim müddətdə bütün bu imkanlar açılmışdı.  Azərbaycan investisiyalara açıq idi. İsrail Azərbaycan böyük investisiya qoymadı. Hardadır bu imkanlar, mən bilmirəm.
İsrail Azərbaycandan nəyi ala bilər, neftdən və qazdan başqa, mən bilmirəm.