
Naməlum blogger “Anonimous” adlı məşhur beynəlxalq hakerlər qrupunun Azərbaycanın dövlət strukturlarının elektron məlumat bazasından ələ keçirdiyi sənədləri yaymağa başlayıb. Bir neçə gündür ki, həmin blogger http://azerbaycannnos.blogspot.com adlı bloq açaraq sənədləri hissə-hissə yayır, habelə onların məzmunu barədə məlumatlar yerləşdirir.
Xəbər verildiyi kimi, “Anonimous” qrupu ötən həftə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron məlumat bazasına daxil olaraq 1.5GB-lıq sənəd ələ keçirdiyini elan edib. Nazirlik məlumat bazasına haker müdaxiləsini təsdiqləyir və araşdırmalar apardığını bəyan edir. Hakerlərin ələ keçirdiyi sənədlərdən biri – Türkiyədən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ünvanlanmış “məxfi” qrifli sənəd ötən həftə internetdə açılmışdı. “Yeni Müsavat” bu barədə məlumat verib. Lakin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sənədin saxta olduğunu bəyan edib.

http://azerbaycannnos.blogspot.com bloqunda yayılan sənədlər isə ARDNŞ-in Azərbaycan neftinin dünya bazarlarında satışı üçün əməkdaşlıq etdiyi offşor şirkətlə bağlıdır. Sənədlərdən biri 27 sentyabr, 2010-cu il tarixlidir və Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən “İNG Bank” üzərindən ARDNŞ-in hesabına Sinqapurun “Sumato Energy PTE Limited” şirkətinin göndərdiyi 71 milyon 250 min dolların hesabat vərəqəsidir. “Sumato Energy PTE Limited” 2005-ci ildə Yeni Zelandiyada qeydiyyatdan keçmiş offşor şirkətdir, Azərbaycan neftinin dünya bazarlarında satışını həyata keçirən offşor şəbəkəyə daxildir. Bundan əvvəl yerli mətbuat həmin şirkətin əslində Azərbaycan hakimiyyətindəki şəxslərə bağlı ola biləcəyini yazıb.
Digər sənəddə isə “İNG Bank” əməkdaşlığı ilə “Sumato Energy PTE LTD” şirkətinə “Vitol SA” şirkətindən 1 milyon ton “Azəri LİGHT” adlı Azərbaycan neftinin daşınması göstərilir (tarix: 27 sentyabr, 2010 cu il). Növbəti sənəddə “Sumato Energy PTE LTD” şirkətinin Azərbaycan neftini Böyük Britaniyanın “Glencore Energy UK LTD” şirkətinə sataraq bir barel üçün 1,35 dollar olmaqla cəmi 1 milyon 313 min 500 dollar gəlir əldə etdiyi barədədir (23 sentyabr, 2010-cu il).
Bloggerin yaydığı başqa sənəddə ARDNŞ-in törəmə şirkətlərindən olan və İsveçrədə yerləşən “SOCAR Trading SA” tərəfindən “Sumato Energy PTE LTD” şirkətinin hesabına “İNG Bank” üzərindən 46 milyon 500 min dolların göndərilməsi əksini tapır. Növbəti sənəddə isə ARDNŞ-in “Sumato Energy LTD” şirkətinə göndərdiyi sənəd göstərilir. Bu sənəddə deyilir: “Bareli 77.672 USD olmaqla 627713273 barel Azərbaycan nefti 48 milyon 978 min 578,36 dollara satılır. 6 sentyabr, 2010″.
Naməlum blogger daha sonra “Sumato Energy PTE LTD” şirkətinin “İNG Bank” üzərindən apardığı maliyyə əməliyyatları, şirkətin bank hesabları və kommersiya xarakterli digər məlumatları əks etdirən sənədləri öz bloqunda yerləşdirib. Həmin sənədlərin hakerlərin əlinə necə keçdiyini və onların yayılmasının ARDNŞ-in biznesinə necə təsir edəcəyini isə yəqin ki, müvafiq strukturlar araşdırmalıdır. blogger sənədlərin yayılmasını hissə-hissə davam etdirəcəyini bildirir və yazır: “Bloqu izləməyə davam edin. Hələ çox şeylər var. Əslində bu yazıların gerçək olduğunu hamımız bilirik. Amma bu bildiklərimizi mən faktlarla və sənədlərlə sizə göstərəcəyəm. Bu bloq yazısını hər gün davam etdirəcəyəm. Əgər davam etdirə bilməsəm, bilin ki, bu hakimiyyət onun iç üzünü sənədlərlə göstərdiyimə görə məni də tutub 🙂
P.S. Hamınıza təşəkkür edirəm. Bloqumuzu paylaşın, daha çox adamlar oxuya bilsin”.
Qeyd edək ki, “Anonimous” qrupu ələ keçirdiyi sənədləri əvvəlcə par-anoia.net adlı saytda yerləşdirmişdi. Lakin həmin sayta Azərbaycandan daxil olmaq mümkün deyildi. Ehtimal var ki, sənədləri yayan blogger xaricdə yaşayan azərbaycanlı mühacirlərdən biridir. “Anonimous” qrupu isə dünyanın ən qüdrətli təşkilatlarının belə məlumat bazasına daxil olmaq gücündədir. Əvvəllər qrup ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Təhqiqatlar Bürosunun, İsrailin kəşfiyyat strukturlarının məlumat bazasına daxil ola bilib.
Ötən il Amerikanın nüfuzlu “Time” jurnalı “Anonimous” hakerlərini dünyanın 100 ən nüfuzlu simaları sırasına daxil etmişdi. Jurnal əvvəlcə zarafatla yazmışdı ki, “Anonimous” hakerlərini bu siyahıya daxil etməsələr, onsuz da onlar özləri “Time”ın saytını sındıraraq adlarını ora daxil edəcəkdilər. Daha sonra jurnal zarafatı bir kənara qoyaraq yazıb ki, hələ heç kim dünya düzəninə “Anonimous” hakerləri kimi açıq-aşkar meydan oxuya, MKİ, FTB və digər qüdrətli strukturların sənədlərini oğurlaya bilməmişdi. Ona görə də qrup üzvləri dünyanın 100 ən nüfuzlu siması sırasına düşə bilib.
“Yeni Müsavat”


