AXCP Şəki şöbəsinin qərargahı yerli polis tərəfindən qapadılıb. Bu barədə “Azadlıq”a şöbənin sədri Əli Abdullayev məlumat verib. Onun sözlərinə görə, dünən polislər axşam saatlarında qərargaha gələrək oranın bağlanmasını tələb ediblər: “Biz 3 nəfər qərarcahda oturmuşduq. Polis rəisinin müavini içəri daxil olaraq heç bir əsas gətirməyərək bildirdi ki, qərargahı bağlayın özünüz də dağılışın.
Mən isə bildirdim ki, AXCP qeydiyyatdan keçmiş partiyadır və polisin bu addımı qanuna ziddir. Rəis müavini isə dedi ki, bu gün bağlayın sabah açarsınız. O, əlavə etdi ki, əks təqdirdə zorla sizi buradan çıxarıb qərarcahı bağlayacağıq. Biz qarşıdurma yaranmasın deyə qərargahı bağlamağa məcbur olduq”.
Əli Abdullayev deyib ki, qərarcahı bağlamaq üçün bayıra çıxanda maraqlı mənzərənin şahidi olublar: “Qərargahın böyür-başı polis əməkdaşları ilə dolu idi. Qərargahdan bir az aralıda isə xeyli adam toplaşmışdı. Öyrəndik ki, məcburi köçkün və qaçqınlardır. Onları ora polis gətiribmiş ki, qarşıdurma yaratsınlar”.
Sonradan bütün bunların səbəbi Şəki cəbhəçilərinə aydın olub: “Sən demə Şəkidə şayiə yayılıb ki, AXCP sədri bura müşavirə keçirməyə gəlir. Rayon polisini ayağa qaldırıblar. Təxribatçı qüvvələri də onlara qoşublar ki, qarşıdurma yaratsınlar və bəyan etsinlər ki, guya Şəki camaatı Əli Kərimliyə etiraz edib”.