«Kür» Qərargahı FHN-in zəlzələ zonasında fəaliyyətini araşdırmaq üçün Korrupsiya Idarəsinə müraciət edib
“Kür” vətəndaş cəmiyyəti qərargahı bazar ertəsi 2012-ci ilin may və sentyabr aylarında zəlzələ baş vermiş zonada – Zaqatala, Qax və Balakən rayonlarında vəziyyətə həsr olunmuş mətbuat konfransı keçirib. “Kür”ün koordinatoru Oqtay Gülalıyev bildirib ki, FHN nümayəndələri son bəyanatlarında qərargahın iki ay əvvəl hazırladığı zəlzələ zonasında vəziyyət haqqında rəyləri şübhə altına alıblar.
Fevralın ortalarında “Kür” qərargahının keçirdiyi monitorinq zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı ciddi qanun pozuntuları və işlərlə bağlı hesabatllığın pozulması hallarını üzə çıxarıb. Monitorinq göstərib ki, FH naziri Kəmaləddin Heydərovun 2012-ci ilin sonlarına qədər 2984 ev və 22 məktəb tikildiyi haqda yanvarın 7-də söylədiyi sözlər həqiqətə uyğun deyil. Sonradan nazirlik etiraf edib ki, rəqəmlər yanlış idi, bu gün isə vəsait olmadığı üçün işlər, demək olar ki, dayanıb. “Ictimaiyyətin yalnız dövlət tərəfindən bərpa işləri üçün ayrılmış 320 mln. manat haqqında xəbəri var idi və yalnız indi FHN etiraf edib ki, 420 mln. manat ayrılıb”, deyə Gülalıyev bildirib.
Bu qədər böyük məbləğə baxmayaraq, vəsait və inşaat materialı olmadığı üçün zəlzələ zonasında işlər dayanıb.
FHN öz monitorinqi əsasında 5725 evin qəza vəziyyətində olduğunu bildirib. Zaqatala rayonunda 2707, Qaxda 274, Balakəndə 196 ev tikilib və təhvil verilib, 1915 evin tikintisi isə davam edir. Bu günə 5900 şagirdlik 24 məktəb binası, 55 uşaq üçün 1 uşaq bağçası istismara verilib: Zaqatala rayonunda 3360 şagird üçün 11 məktəb və 55 uşaq üçün 1 bağça, Balakəndə 380 şagird üçün 2 məktəb və Qax rayonunda 1300 şagird üçün 9 məktəb.
Qısa müddət ərzində Zaqatalada daha 9 məktəb, Qaxda 2 və Şəkidə 1 məktəb tikilib təhvil verilməsi planlaşdırılır.
Lakin işlərin dəyəri xeyli şişirdilib və inşaat korrupsiya, vəsaitlərin mənimsənilməsi, işçilərin hüquqlarının pozulması ilə müşaiyət olunub. FHN-in rəsmi bəyanatlarına əsasən, 1 kv. metr mənzil 600-800 manata tikilir və ya evlərin dəyəri 60-80 min manat olaraq qiymətləndirilir. Amma qərargahın əlinə düşən smeta sənədlərinə əsasən, ikiotaqlı evin dəyəri 7,8 min manat, üçotaqlı evin tikintisi isə 11,3 min manata başa gəlir. Bununla əlaqədar olaraq, qərargah FNH-ə evlərin dəyəri, podratçı seçilməsi üçün meyarlar, ziyanın dəyərləndirilməsinə yanaşma və s. haqqnda informasiya sorğusu göndərib.
Araşdırmaçı jurnalistlər Əfqan Muxtarlı və Nəsimi Şərəfxanlı FHN-in yalan raportlarına dəlalət edən bir sıra nümunələr göstəriblər. Onların sözlərinə görə, fəlakət zonasında narazılıq artır, əhali dövlətin yalanlarından yorulub.
Mətbuat konfransında Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasına, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə FHN-in zəlzələ, habelə 2010-cu il Kür daşqını zonasında fəaliyyətinin araşdırılmasına başlamağa çağırıb. Bu fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ümumilikdə 1,1 mlrd. manat ayrılıb, bu vəsaitin böyük hissəsi mənimsənilib.


