Cəmiyyətin dəstəyini yalnız vahid namizədlə qazanmaq olar
«Bu birlik olmasa, biz öldürücü zərbə alacağıq»
Aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bakı şöbələrinin iştirakı ilə geniş müşavirəsi keçirilib. Müşavirədə çıxış edən partiya sədri Əli Kərimli demokratik qüvvələri birliyə səsləyib.
“Bizim vəziyyətimizi yaxşılaşdıracaq, xalqın seçkilərə ümidini artıracaq, milyonlarla insanı bu mübarizəyə qoşacaq bir resursumuz var – birləşmiş müxalifət və birləşmiş müxalifətin tək namizədi. Birləşmiş müxalifət etimad göstərsə, birləşmiş müxalifətin namizədi olaraq, Azərbaycan xalqını demokratiyaya qovuşdurmaqdan ötrü hər şeyi edəcəyik, bu məsuliyyəti üzərimizə götürəcəyik. Yox, birləşmiş müxalifət belə qərara gəlsə ki, AXCP sədri Əli Kərimlinin deyil, bir başqasının namizəd olmasını istəyir, biz bununla razılaşacağıq. Amma istəyirəm ki, bunu hər bir lider öz partiyasında desin. Biz o zaman birləşə biləcəyik ki, hər kəs bu millətin qarşısına çıxsın və desin ki, mənim şəxsi ambisiyalarım sizin qurtuluşunuzdan vacib deyil”- deyə Əli Kərimli bildirib.
“EL” hərəkatının üzvü Eldəniz Quliyev hesab edir ki, birlik məsələsinə münasibət birmənalı olmalıdır. Çünki bu, sosial sifarişdi. “Əli Kərimli öz fəaliyyətində həmişə ləyaqət nümunəsi göstərib, birliyə çağırışı təkcə sözdə deyil, əməldə də sübut edib. Hər kəs başa düşməlidir ki, bu birlik olmasa biz növbəti zərbə deyil, öldürücü zərbə alacağıq”- deyə Eldəniz Quliyev vurğuladı.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, birlik çağırışını yanvarın 4-də Müsavat məclisinin yığıncağında Isa Qəmbər də təklif etmişdi. “Isa Qəmbər həmişə deyib ki, lazım gəlsə, mən Əli Kərimliyə, Əli Kərimli mənə, yaxud da hər ikimiz başqa bir namizədə güzəştə gedə bilərik. Əli Kərimlinin də bu cür çağırış etməsini müsbət qiymətləndiririk”- deyə Gülağa Aslanlı bildirdi.
ACP sədri Sülhəddin Əkbər həmişə birlik tərəfdarı olduqlarını, fəaliyyəti də bu istiqamətdə qurduqlarını dedi: “Biz AXCP-ni özümüzə potensial strateji müttəfiq hesab edirik. Bir çox məsələlərdə, o cümlədən birlik məsləsində biz AXCP ilə eyni fikirdəyik. Əli Kərimlinin birlik çağırışını alqışlayırıq”.
ALP sədri Əvəz Temirxanın fikrincə, demokratik seçki mühiti, seçkilərin şəffaflığına təminat yaradıldıqdan sonra vahid namizəd müəyyən olunmalıdır. “Biz seçkiyə vahid komanda ilə getməyin tərəfdarıyıq. Əli Kərimlinin çağırışı o adamlara ünvanlanıb ki, onlar birliyə müsbət münasibət bildirməyiblər”- deyə Əvəz Temirxan vurğuladı.
AMIP sədri Yusif Bağırzadə qeyd etdi ki, Azərbaycan müxalifəti status-kvonu dəyişmək istəyirsə, vahid platforma, vahid namizəd formasında seçkiyə getməlidir. “Əli Kərimli zaman-zaman bu cür çağırışlar edib və bu düzgün yanaşmadır. Azərbaycan xalqı da bizdən birlik gözləyir. Hakimiyyətin siyasətindən narazı olan adam 5 müxalif namizədə səs verə bilməz. Birləşmiş komandanın vahid namizədi olmalıdır”- deyə Yusif Bağırzadə bildirdi.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə hakimiyyətin siyasətindən narazı insanların dəstəyini yalnız müxalifətin birliyi ilə qazanmağın mümkün olduğunu dedi: “Bizim birliklə bağlı dəyişməz mövqeyimiz var və Əli Kərimlinin çağırışı bizim fikirlərlə üst-üstə düşür. Ölkədə demokratik sistemin qurulması üçün müxalifətin birliyi zəruridir. Biz Əli Kərimlinin çağırışını müsbət qiymətləndiririk və AXCP-ni özümüzə müttəfiq hesab edirik”.
İlham Hüseyn


