İbrahimliyə hücum edənlərdən biri polis imiş

Naxçıvandakı hüquq müdafiəçiləri hadisə ilə bağlı araşdırma aparırlar

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimliyə hücumla bağlı Naxçıvandakı hüquq müdafiəçiləri araşdırma aparırlar. Yerli hüquq müdafiəçisi, jurnalist Məlahət Nəsibovanın “Yeni Müsavat”a verdiyi məlumata görə, araşdırma nəticəsində I.Ibrahimliyə hücum edənlərdən bir neçəsini müəyyən ediblər: “Hazırda Naxçıvanda Ibrahim bəyə hücum edənlərin kimliyini araşdırırıq.
Onlardan artıq bir neçəsinin kimliyi bizə bəllidir. Hücum edənlərdən biri Bakıdan gəlib, Çevik Polis Alayında işləyir, üç ay olar Naxçıvandan gedib. Digərləri ilə bağlı məlumatları dəqiqləşdiririk. Yəqin ki, yaxın günlərdə onlarla bağlı məlumatları mətbuata verəcəyik”.
Hüquq müdafiəçisi deyir ki, yerli hüquq-mühafizə orqanları əhaliyə təzyiq edərək onlardan I.Ibrahimlinin əleyhinə saxta ifadə almağa çalışırlar: “Naxçıvan DIN-in bəyanatından sonra hüquq-mühafizə orqanları əməkdaşları həmin Tumbul kəndində olublar. Kənd sakinlərinə təzyiq göstərərək yalan ifadə verməyə məcbur edirlər. O adamlardan bir neçəsi bu haqda bizə məlumat verib. DIN əməkdaşları tələb ediblər ki, kənd sakinləri Ibrahim bəyin əleyhinə ifadə versinlər. Guya Ibrahim Ibrahimli yas məclisində camaatı narazı salan söhbətlər aparıb və nəticədə kənd sakinləri ona təzyiq ediblər. Amma mən özüm kənd camaatı ilə görüşdüm, həmin yas yerində məclisində iştirak edən adamlarla söhbət etdim. Onlar bildirdilər ki, Ibrahim Ibrahimli cəmi bir neçə saat yas məclisində olub, camaatla birlikdə qəbir üstünə gedib. Sakinlər bildirdilər ki, məclisdə başqa mövzularda heç bir başqa söhbət olmayıb”.
M.Nəsibova deyir ki, I.Ibrahimliyə hücum əvvəlcədən planlaşdırılıb: “Ibrahim Ibrahimliyə qarşı qurulan təxribat əvvəlcədən hazırlanıbmış. Onlar bunu planlı şəkildə həyata keçiriblər. Eyni zamanda qohumlara təzyiq ediblər ki, onlar I.Ibrahimlini məclisdən çıxarsınlar, ancaq qohumlar buna razı olmayıblar, çünki Ibrahim bəy bacısının oğlunun yasına gəlmişdi. Bizdə olan son məlumat ondan ibrətdir ki, polis  bir neçə kənd sakinindən onların Ibrahim bəyin yasa gəlməsindən narazı olduğu, yasda olduğu zaman Ibrahim bəyə hücum etdikləri ilə bağlı izahat almağa çalışırlar. Lakin kənd sakinləri hələ ki, buna razı olmur”.
M.Nəsibova deyir ki, yaxın zamanlarda Ibrahim Ibrahimliyə hücumla bağlı araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edəcəklər: “Biz bu adamlarla bağlı məlumatları, kimlər olduğu, hansı maşınlarla gəldikləri ilə bağlı məlumatları mətbuata açıqlayacağıq”.
Xatırladaq ki, Ibrahim Ibrahimli aprelin 6-da özlərini hüquq-mühafizə orqanları əməkdaşları kimi təqdim edən şəxslərin hücumuna məruz qalıb. Həmin şəxslər I.Ibrahimlini oğurlayaraq ona fiziki xəsarətlər yetiriblər. Hadisədən sonra I.Ibrahimli DIN və Baş Prokurorluğa müraciət edib.
Aprelin 11-də isə Naxçıvan Muxtar Respublikası DIN mətbuat xidməti Ibrahim Ibrahimlinin döyülməsi ilə bağlı açıqlama yayaraq I.Ibrahimlinin oğurlanaraq döyüldüyünü təkzib edib. Guya I.Ibrahimli Əkrəm Əylislinin “Daş yuxular” romanının ideya xəttini müdafiə etdiyinə görə yasda olanların narazılığına səbəb olub və nəticədə qarşıdurma yaranıb.
I.Ibrahimlinin vəkili Intiqam Əliyev “Azadlıq”a açıqlamasında yaxın günlərdə işin gedişi ilə bağlı mətbuata yeni məlumatlar verəcəklərini bildirib.