Gəlin, əyri oturub düz danışaq. Siyavuş Novruzov ömründə bir kərə yaxşı söz demişdi, düz söz demişdi, ancaq yazığın gözündən gətirdilər o düz sözü, ağzından vurdular, o da məcbur oldu öz sözündən boyun qaçırsın; Isa peyğəmbər demiş, xoruz banından qabaq üç dəfə həqiqəti dansın. Yazıq indi bildi ki, düz söz nə deməkmiş! Aman-aman!
Ancaq Siyavuş da az aşın duzu deyil. Adamın elə reputasiyası var ki, bu gün qəfildən durub desə ki, Allah var, əminəm ki, onun bu sözü də masqaraya qoyulacaq, mətbuat Siyavuşun Allahın varlığı ilə bağlı dediyi fikrə elə bir bucaqdan baxacaq ki, yazıq axırda məcbur olub hətta “Yeni Müsavat”a da zəng vuracaq, sözlərinin təhrif olunduğunu deyəcək, yəni bir başa deməyib ki, Allah var, sadəcə, demək istəyib ki, indi dünyada demək olar ki, az qala ateistlər də deist olub Allahın varlığına inanır, bütlərə inam gün-gündən sarsılıb sıradan çıxır, mən demirəm ki, deyək Allah var, ancaq gəlin, biz də dünya təcrübəsindən istifadə edək, bunun bir yolunu tapaq, elə eləyək ki, allahsızlığımıza xələl gəlməsin, YAP gözdən düşməsin, ancaq Allahın mövcudluğuyla bağlı da bir yol tapaq.
Zarafat-zarafat, Siyavuşun fahişəliyin leqallaşması ilə bağlı çıxışında ən maraqlı məqam dünya təcrübəsi məsələsi idi. Adama sözünü axıra qədər demək imkanı verilsəydi, bir az da dəstəkləyən olsaydı, nə bilirsiz, bəlkə də sabah ürəklənib deyəcəkdi ki, gəlin demokratiya, şəffaf seçki, söz, mətbuat, sərbəst toplaşmaq azadlığı ilə bağlı da dünyadan nümunə götürək. Yəni Siyavuş demokratiyanı fahişəlikdən aşağı tutmayacaq ki! Ola bilsin o, sabah daha irəli gedib deyəcəkdi ki, ay YAP, ay hakimiyyət, ay canım-gözüm, heç utanmırsızmı, gedib Sabirabadda cəbhəçinin evinə hücum çəkirsiz, tərbiyəsizlik eləyirsiz, stol-stulu dağıdırsız, nədi-nədi adamlar partiyalarının toplantısını keçirirlər; nə qədər əbləh olmalısan ki, vətəndaşın xüsusi mülkiyyətinə hücuma keçəsən, vəhşilik edəsən, axı dövlətin nə ixtiyarı var ki, heç nədən vətəndaşının həyətinə basqın eləyə? Özü də bilirsiz ki, ora niyə toplaşıblar, nədən danışırlar və ondan da əlavə, onsuz da elə bir qrup yoxdu ki, orda sizin “böcək”ləriniz olmasın, dinləyib, hər şeyi yerli-yataqlı məlumat verəcəklər də. Indi adınız dünyanın bədnam siyahılarına düşməsin neynəsin? Bəli, Siyavuşa imkan versəydilər, sabah o belə-belə şeylərdən danışa bilərdi.
Hətta Siyavuş “Azadlıq”ın müdafiəsinə qalxardı. O “Azadlıq”ın ki, Siyavuşun da, onu bu gün bağlanmaq təhlükəsi ilə üz-üzə qoyanların da hamısı onun cəfakeş fəaliyyətinin sayəsində çörəyə çatıblar. Deyərdi, burnumuzdan gəlsin o çörək. Belə də şərəfsizlik olarmı? Belə də qorxaqlıq olarmı? Bir qəzetdən, bir sosial şəbəkədən, bir partiyanın toplantısından qorxmaq, özünü batırmaq ayıb deyilmi? Harda qaldı sizin analoqsuz qüdrətiniz? Siz Amerikaya, Avropaya meydan oxuyub, ancaq bir qəzetdən qorxursunuzsa, bu sizə yaxşı heç nə vəd eləmir, camaat da görür ki, bizimki elə boş-boş loplanmaqmış. “Azadlıq” ən ağır şərtlərdə belə çap edilib, yenə də çap ediləcək. Hər məşəqqətə dözüb qəzetlərini ölməyə qoymayacaqlar, yaxşısı, gəlin bunun dünya praktikasına baxaq, əksinə imkan verək ki, bu qəzetə reklam verilsin, bölgələrdə rahat yayılsın, istədiyini yazsın, korrupsiyanı, rüşvəti yığışdıraq, ofşorlarla bağlı qanuni tədbir görək, ondan sonra görək hələ bu qəzet nə yazacaq…
Yox, e, namərd mətbuat imkan vermədi Siyavuşa. Yaxşı başlamışdı, yaxşı da gedəcəkdi. Hələ elə şeylər deyəcəkdi ki, Isa Qəmbər, Əli Kərimli, Seymur Həzi yalan olacaqdı…
Əslində, mən Siyavuşun o çıxışına qədər elə bilirdim ki, ölkəmizdə fahişəlik tam leqaldı. Gördüklərim bunu deyirdi. Necə ki, dövlətin qanunlarıyla bu ölkədə hər azadlıq var, ama sadəcə kağız üzərindədi, yəqin fahişəlik də eləcə, ancaq əksinə. Tam sərbəstmiş, sadəcə, bunu qanuniləşdirmək lazımmış – yəni rüşvət-korrupsiya-filan. Imkan vermirlər ki…

Fahişəlik, Siyavuş və daha nələr
•
•