Azərbaycan tarixini unutdurma praktikası son 20 ildə geniş yayılıb. Geniş yayılaraq da dövlət siyasətinə çevrilib. Bu siyasətin maskalanmış daşıyıcılarından olan bir politoloq deyir: “Tarix boyu Azərbaycanın nə dövləti olub, nə dövlətçiliyi”. Hamı susur. Tarixçilər də susur, siyasətçilər də. Hamı susursa, demək, politoloq düz danışır. Ancaq… politoloq yalan danışır.
“Azərbaycan prezidenti” adını daşıyan Ilham Əliyev bugünlərdə dünya uluslararası konfrans tribunasından bütün Yer üzünə səsləndi: “Əsrlər boyu Azərbaycan digər imperiyaların tərkibində olub”. Hamı susur. Tarixçilər də susur, siyasətçilər də. Hamı susursa, demək, ölkəbaşı düz danışır. Ancaq… ölkəbaşı yalan danışır.
Bunların, son 20 ildə geniş yayılmış oxşar görsənişlərin hamısı Azərbaycanın min illəri aşan Ulu, Örnək tarixini danmağa yönəlmiş çıxışlardır. Azərbaycanda min illərdən bəri dövlət də olub, dövlətçilik də. Azərbaycan özü min illərdən bəri imperiya dövləti olub. Ta Rusiyanın Qafqazı tutmasınadək. 19-cu yüzildə Qafqazın tutulması, Azərbaycanın yenilməsi faktının özündə ulusumuz, ölkəmiz üçün bir yenilməzlik faktı da var. Rusiya o çağlar I Pyotr reformalarının sonucu olaraq dünyanın ən güclü dövlətinə çevrilmişdi. Rusiya dövlət adamlarından biri onda demişdi: “Rusiyanın istəyi olmadan Avropada bircə top belə atıla bilməz”. Azərbaycan Abbas Mirzə başçılığında belə bir Rusiya ilə gücü çatdıqca döyüşdü. Sonralar Rusiya generallarının da yazdıqları kimi, Azərbaycan Türkləri o çağlar Azərbaycanın – Iranın bağımsızlığı, bütövlüyü uğrunda böyük döyüşkənlik, yenilməzlik örnəkləri yaratdılar. Güc gücdən üstün oldu: Iran din xadimləri ilə ermənilərin əlbir satqınlığı da Rusiyanın gücünə güc artırmaqla bizim yenilməyimizə, Quzey Azərbaycanın Rusiya imperiyasına qatılmasına gətirib çıxardı.
Quzeydə Rusiya işğalınadək, Güneydə ingilislərin Qacarları devirməsinədək (1925-ci il) Azərbaycan özü imperiya dövləti olmuşdu. Ta tarixin əski çağlarından başlayaraq. Ancaq o Azərbaycan Əliyevlərin onları hakimiyətə gətirənlərə yarınmaq, özlərinə üstünlük qazandırmaq üçün döndərib etdikləri “azərbaycanlı” Azərbaycan deyil, Türk Azərbaycan idi! Unutmamalıyıq: Türk Azərbaycan tarixi ilə “azərbaycanlı” Azərbaycan tarixi başqa-başqa tarixlərdir. Birinci tarixin kökü min illərin dərinliyinə gedib çıxırsa, ikinci tarixin kökü uzaqbaşı stalinçi Türkə düşmən Sovet dönəminə gedib çıxır. Azərbaycanı yalnız coğrafiya baxımından deyil, bundan qat-qat artıq ideya baxımından, ideoloji baxımdan kiçiltmək, balacalaşdırmaq qabaqca çar, sonra sovet ideologiyasında, sovetlərin Qafqaz siyasətində ayrıca yer tuturdu. Bu ideologiyanın, bu siyasətin də üstün bir prinsipi vardı: Azərbaycan Türklüyünü, Azərbaycanın köklü Türk ölkəsi olduğunu danmaq! Beləcə, ölkəni, ulusu asanlıqla yenmək üçün Türk adı üzərindən götürülərək ona qondarma “azərbaycanlı” adı verilir, eləcə də qondarma tarix yaradılırdı. Türk adı ortadan qaldırılandan sonra Azərbaycan qanadı qırılmış quşa, kökündən ayrı düşmüş ağaca bənzəyirdi. Quzeydə ruslar birbaşa, Güneydə ingilislər farsların əlilə Türklüyü danma siyasətlərinə baş vurmuşdular: qanadsız quşu asanlıqla ələ keçirmək, köksüz ağacı oduna çevirmək üçün!
Türk Azərbaycanın nə başlanğıcı var, nə sonu. Ancaq… “azərbaycanlı” Azərbaycan stalinzmlə başlayır, stalinizmdən daha dağıdıcı olan heydərizmlə qurtarır. Türk Azərbaycan min illərin ULUSAL dövlət, ULUSAL dövlətçilik sürəci olaraq yenidən ortaya çıxır. Biz indi addım-addım Böyük, Bütöv, Özgür, Demokratik Türk Azərbaycana doğru gedirik! Bu yol “azərbaycanlı” ideya kiçikliyindən Türk ideya böyüklüyünə aparan yoldur! Biz “azərbaycanlı” olanda asılı – hansısa imperiyanın “tərkibində” (stalinizm, heydərizm, farsizm imperiyaları) oluruq, Türk olanda asılıqdan qurtuluruq!

Unutdurulan Azərbaycan tarixi
•