Saakaşvilinin masajisti, Əliyevin masajistləri

Nəhayət ki, görənlərin dilində əfsanəyə çevrilən yeni Gürcüstanda olmaq mənə də qismət oldu. Oğlumla bərabər hara getdiksə, heç yerdə divarları çirkləndirən, yolların kənarında sürücünü çaşdıran, sərnişini əsəbləşdirən şəkillərə rast gəlmədik. Oğlum heyrətlə yol kənarındakı ağaclara, binaların təmiz divarlarına baxıb elə hey suallar verirdi: “Ana, niyə Saakaşvilinin şəkillərini yolların qırağına, divarlara vurmayıblar? O, Gürcüstanın prezidenti deyil bəyəm?”. Eh, uşaq hardan biləydi ki, şəkillərlə, portretlərlə, heykəllərlə idarə olunan yeganə ölkə ancaq Azərbaycandır. Ölkəmizdə, unudulmaqdan, atılmaqdan, qovulmaqdan, lənətlənməkdən qorxanların şəkilləri, heykəlləri qaratikan kimi gözə girir. Azərbaycan vətəndaşları qorxudan boynunda nifrət etdiyi cəlladların, qəlbində isə xilaskarlarının şəklini gəzdirən bədbəxt millətdir.

Görəsən, nə vaxt zorla boyunlardan asılan şeytan şəkillər qırılıb yerə atılacaq, ürəklərdəki şəkillərin adları dilə gələcək? Görəsən, nə vaxt ürəkdəki şəkillərlə divarlardakı şəkillər eyni olacaq? Qibtə etdiyimiz Gürcüstanı Saakaşvili əfsanəyə çevirdi. Çünki Gürcüstan prezidenti ölkəni portreti ilə deyil, başı, əli, ayağı və ən əsası vicdanlı ürəyi ilə idarə edir. Korrupsiyaya qarşı mübarizəni SMS, zurna-qavalla, bər-bəzəkli saraylarda iclaslar keçirməklə etmir. Saakaşvili ölkədəki korrupsiya məsələsini müzakirə etmək üçün hökumətin iclaslarını dağların başında, küçənin ortasında, yağış-qarın altında keçirdir. Ekologiya Nazirliyindəki korrupsiya problemlərini həll etmək üçün isə məmurları tarixi mağaraya toplayıb: həmin mağara vaxtilə dinozavrlar məskəni sayılan Platoya yaxın yerdə yerləşir. Sanki Saakaşvili hökumət nümayəndələrinə daşlar üzərindəki nəhəng heyvanların izini göstərməklə demək istəyib ki, ölkəni inkişaf etdirmək istəyirsinizsə, nəhəng ayaqlı heyvan olmayın, nəhəng qəlbli insan olun.

Əliyev isə hər dəfə məmurları ən zəngin, lüks salonlara toplayıb, iclas keçirdir. Və onlara demək istəyir ki, həmişə cah-cəlal içində kef etmək istəyirsinizsə, ən nəhəng ayaqlı heyvan olun: insanlığa, mədəniyyətə, tarixə aid nə varsa, əzin, dağıdın, məhv edin. Mixail Saakaşvilini Ilham Əliyevdən fərqləndirən təkcə iclas üçün seçdiyi məkanlar, ölkəsi üçün gördüyü işlər deyil ki. Gürcüstan prezidentinin hətta dəlləyi, dərzisi, masajisti də Əliyevə xidmət edənlərdən çox fərqlidir. Saakaşvilinin bir masajisti var və onu əlləri ilə masaj edir. Rusiya ilə Gürcüstan arasındakı ən gərgin vaxtlarda Saakaşvilinin boynunu masaj edən masajist xanım həyəcanını gizlədə bilməyib: “Vay! Sizin boyun əzələləriniz necə də gərgindir!? Prezident isə sakitcə cavab verib: ”Zarafatsız, axı orda Rusiya oturub”. Masajist Dr.Dot bloqunda Gürcüstan prezidenti ilə Berlində necə tanış olduğu, onu masaj edərkən etdiyi söhbətlərdən geniş yazıb, maraqlananlar tanış ola bilərlər. Amma Əliyevin xidmətində dayanan yüzlərlə DƏLLƏK, DƏRZI, MASAJIST var ki, prezidentə toxunmadan yaltaq baxışları, sözləri ilə onun başını, üzünü qırxıb, geyindirib, masaj edib, quluncunu elə tuturlar ki, boynunda oturan onlarla ölkənin ağırlığını, məmləkətdəki tozanağı, təhsildəki rəzaləti, ordudadkı özbaşınalığı… zərrə qədər də hiss etmir.
Əliyev yaltaq məmurların yalançı vədləri, şirin sözlərilə qəşəngcə masaj olunduğu üçün məsti-xumar olub. Görünür, yaxın vaxtlarda prezident H.Abutalıbovu, M.Mərdanovu, S.Əbiyevi… və yaşı 70-i keçən şairləri, yazıçıları “Prezidentin ən yaxşı masajisti” ordeni ilə təltif edər. Çünki onlar prezidenti isti daşlarla, balla, şokoladla, yağlarla, keçi piyi ilə, elektron aparatlarla… masaj edib əziyyət vermirlər. O, Azərbaycan məmurlarının elə sirli, özəl üsuldur ki, elə “masaj”ın hesabına illərlə yüksək vəzifədə qalıb milyonlara sahib olmaq olar.

P.S. Bakıda əxlaqsızlıqla məşğul olan masaj salonları aşkar edilib, bağlanılıb, amma bütün əxlaqsız salonların mənbəyi olan “MM” masaj salonu hələ də fəaliyyətini davam edir…