İttihamların əslində sabiq deputatı həbsdə saxlamaq istəyən hakimiyyətdəki qüvvələrə yönəldiyi bildirilir
Sabiq deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayevin son açıqlamalarında Baş Prokurorluğu hədəfə alması təsadüfi deyil. Bu barədə “Azadlıq”a məlumatlı mənbə bildirib. Mənbənin sözlərinə görə, istintaq orqanının ünvanına səslənən ittihamlar əslində Gülər Əhmədovanın həbsdə qalmasını istəyən hakimiyyətdaxili qüvvələrə ünvanlanıb.
Xatırladaq ki, Raqif Mustafayev son açıqlamasında deyib:
“Ilk növbədə məni maraqlandıran məsələ odur ki, siyasi hakimiyyətin ünvanına təhqiramiz ifadələr işlətmiş, baş prokurorun ünvanına ciddi ittihamlar səsləndirmiş Elşad Abdullayevin təxribatlarına istintaq orqanı tərəfindən bu qədər diqqət yetirilməsinin səbəbi nədir?”
Vəkil daha sonra qeyd edib ki, Gülər Əhmədovanın həbsinin əsassız olduğunu təsdiqləyən bir çox sübut var: “Prokurorluq tərəfindən yolverilməz sübut kimi bir qayda olaraq rədd edilən, qanunsuz yolla əldə edilmiş video və audio yazılar Gülər Əhmədova barəsində hansı əsasla sübut kimi qəbul edilib? Hansı səbəbdən Elşad Abdullayev tərəfindən siyasi avantürizm məqsədilə yayılmış, dəfələrlə montaj olunmuş video yazılar bu günə kimi yararsız sübutlar kimi işin materiallarından çıxarılmayıb? Hansı əsasla istintaq orqanı Gülər Əhmədova barəsində ağır cinayət hesab edilən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbslə bağlı olmayan qətimkan tədbiri seçdiyi halda, sonradan yüngül cinayət hesab edilən Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə əlavə ittiham verib, onu həbs etdirib? Hansı səbəbdən Elşad Abdullayevə qarşı prokurorluq tərəfindən ağır ittiham verildiyi halda, bu günə kimi ”Interpol” vasitəsi ilə axtarışa verilib, tələb edilməyib, yaxud ona başqa dövlət tərəfindən siyasi sığınacaq statusunun verilməsi barədə həmin dövlətdən sənəd tələb olunub ictimaiyyətə təqdim edilməyib?”
Hələ bir müddət əvvəl “Azadlıq” yazmışdı ki, “mandat alveri”ndə adı hallanan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Gülər Əhmədovanın həbsilə mövzunu qapatmaq istəyib. Məhz bundan sonra sabiq deputatın həbsinə qərar verilib. Proseslər də göstərir ki, Baş Prokurorluq istintaqı Ramiz Mehdiyevin istəyinə uyğun istiqamətdə aparır. Yeri gəlmişkən, bəzi məlumatlara görə, baş prokuror Zakir Qaralovun Ramiz Mehdiyevin komandasına daxil olması barədə məlumatlar var. Bu halda Gülər Əhmədovanın vəkilinin Baş Prokurorluğu hədəf seçməsinin səbəbləri aydınlaşır. Və istintaqa yönəlik ittihamların əslində Gülər Əhmədovanı həbs etdirən qüvvələrə ünvanlanması barədə deyilənlərin doğru olduğuna şübhə yeri qalmır.
Hikmət


