Gənc nazir, ahıl akademiya prezidenti, ən yaxşı liseyin bağlanması…

Təhsil nazirinin əvəzlənməsi üzərində aparılan spekulyasiya bizim hakimiyyətin nə qədər hiyləgər və məsuliyyətsiz olduğunu göstərdi. Indi də Mikayıl Cabbarovun nazir təyin edilməsini uğur kimi və yaxud da prezidentin Qərbdə təhsil almış yeni düşüncəli insanı irəli çəkməsi kimi qələmə verməyə başlayıblar. Misir Mərdanov köhnə fikirli, Mikayıl Cabbarov yeni fikirlidirsə, onda bəs görəsən köhnə fikirli yaşlı kadrı kim təyin etmişdi vəzifəyə? Niyə həmin köhnə fikirli kadr düz 15 il bir kresloda otururdu? Bunun məsuliyyəti kimin üzərindədir? Mütərəqqi kadrlar nə yaman erkən yada düşüb?!
Bu, Bakının mərkəzi küçələrində abadlıq yaradılmasını inkişaf kimi qələmə verməyə bənzəyir. Nazir cavan ola bilər, Qərbdə təhsil ala bilər, məktəblərdə vəziyyətə dəyişməyəcəksə, bunun cəmiyyətə heç bir fərqi olmayacaq. Buna bəzəkli konfet kağızı deyirlər…
Digər tərəfdən, təzə nazir Mikayıl Cabbarovun yeni fikirli bir insan olması indiyəcən niyə görünməyib? Nazir olanacan bu adamın bircə vicdanlı, mütərəqqi çıxışı və yazısı niyə olmayıb? Göstərin görək, onun yeni düşüncələri nədən ibarət olub, nə zaman, hansı addımı ilə? Nəyə etiraz edib, hansı təşəbbüsü qaldırıb? Biz qəzetçilər ölkədən hamını, hər şeyi izləyirik. Biz niyə eşitməmişk bu adamın yeni düşüncəli bir əməlini və sözünü? Yaxşı işləyər, yaxşısını deyərik, amma indiyədək hakimiyyətin sakit icraçısı olan bu adam Misir Mərdanovdan heç nə ilə fərqlənməyib. Bəli, heç nə ilə.
Qərbdə təhsil almasına görə deyirsinizsə, ABŞ-da təhsil almış çox sayda diktator adı çəkə bilərəm. Yaşını deyirsinizsə, bu da mütərəqqilik istəyi kimi görünmür. Çünki baş nazir, başqa çox sayda nazir və yüksək vəzifəli məmurlar arasında yaşlı qocalar, ahıllar çoxluq təşkil edir. Onlar niyə kreslolarında şellənir? Bu amili dəlil kimi istifadə etmək açıq spekulyasiyadır…
Buyurun, başqa bir misal. Milli Elmlər Akademiyasının prezidenti bu yaxınlarda vəfat etdi. Onu kim əvəz edir? Deyəsən 80-ə yaxın yaşı olan Akif Əlizadə. Yəqin də bu günlərdə seçki olacaq və onu AMEA-ya prezident seçdirəcəklər. Bəs yeni düşüncəli və gənc kadrlara üstünlük verməyə başlayan bizim hakimiyyət niyə çox yaşlı bir alimi gətirdi bu vəzifəyə?
Görürsünüzmü, bu hakimiyyətin yeni nəsil və mütərəqqi düşüncə axtarışı haqda deyilənlər hamısı boş sözlərdir, hamısı siyasi fırıldaqdır. Deyilənə görə, Elmin Inkişaf Fondunun milyonlarla vəsaitinə çıxışı nəzarətdə saxlamaq istəyən Fatma Abdullazadə özünə yaxın olan Akif Əlizadəni bu vəzifədə saxlamaq üçün canfəşanlıq edir. Misir Mərdanov üçün bir başqası canfəşanlıq edirdi. Mikayıl Cabbarov da yəqin kiminsə canfəşanlığının nəticəsi kimi nazir olub. Ümumi sistem isə eynidir, hamı da enində-sonunda eyni marağa işləyir. Elmin və təhsilin taleyi isə qalır arxa planda. Cəmiyyət yaxşılaşma gözlədiyi halda, kadrlar bir-birinin atasına rəhmət oxutdura-oxutdura bir-birini əvəzləyirlər. Niyyət dəyişmirsə, qoca da, cavan da, Qərbdə oxuyan da, Bakıda təhsil alan da eyni məqsədə çalışırlar. Hətta bu yerdə “çalışırlar” deməyə adamın dili gəlmir…
Biz isə nəticə olaraq uşaqlarımıza normal məktəb tapa bilmirik. Hamı türk liseyi axtarır övladı üçün. Gerçək budur. Mütərəqqi təhsil sistemi qurmaq istəyirsiniz, buyurun verin təhsil nazirliyini Türkiyə təhsil nazirliyinin idarəçiliyinə. Heç olmasa, oradan yaşlı, təcrübəli bir nəfəri gətirib nazir qoymaq olar…
Yeri gəlmişkən, Azərbaycanda ən yüksək göstəricilərə şəriksiz sahib olan Bakı Türk Liseyi (Türkiyə Diyanət Vəqfi) bu il binasız qaldığı üçün şagird qəbulunu dayandırıb. Məktəbin köhnə binasını dövlət söküb, təzə sığınacaq isə o qədər darısqaldır ki, yeni uşaqlar götürməyə imkan vermir. Budurmu təhsilə yeni və mütərəqqi yanaşma?