Ömərovun tarixi mesajı

Azərbaycan ictimaiyyəti Ismayıl Ömərovla vidalaşdı. Bundan sonra ITV-yə Ismayıl TV demək mümkün olmayacaq. Lakin ITV-də nəsə dəyişəcəkmi? Xeyr, birmənalı olaraq cavab vermək olar ki, yox!
Hansısa kadr dəyişikləri ola bilər, dekorasiyalara əl gəzdirə bilərlər, əskilərindən fərqlənməyən yeni layihələr üzə çıxa bilər, vəssalam.
Elə təhsil nazirinin dəyişməsi də eləcə. Təhsil necə vardı, elə də bərbad gündə qalacaq, məktəblərdə yenə də əski qaydada, dərs deyilən şey keçirilməyəcək, müəllimlər dərsdən başqa hər şeydən danışacaqlar, valideynlər yenə də uşaqlarını əlavə müəllim yanına qoyub hər fənn üçün 60 manatdan başlayan məbləği ödəməyə məcbur olacaqlar. Təhsil yenə də dövlət hesabına və pulsuz olacaq, ancaq bu pulsuz təhsildən heç bir şagird xeyir götürə, yəni bilik qazana bilməyəcək. Şagirdlər məktəbə sadəcə statistika xətrinə və dövlətin əvəzinə müəllimləri dolandırmaq, bayramlarda onlara hədiyyə vermək, büdcənin talanmasında vasitə olmaq üçün gedəcəklər. Artıq elə vəziyyət yaranıb ki, valideynlər bu cür pulsuz təhsildənsə pullu təhsil arzulayırlar. Heç olmasa övladları həm məktəbə, həm də əlavə müəllim yanına gedib bütün enerjilərini və vaxtlarını itirməkdən qurtularlar.
Nə qədər valideyn var ki, övladının məktəbə getməməsi üçün direktorlarla danışıb, müəyyən məbləği ödəyir. Sanki pulsuz təhsildən yaxa qurtarmaq üçün adamlar həm də rüşvət verirlər ki, övladları “get naxıra, gəl axura”dansa, uşaqlara həqiqi bilik verən müəllimlərin yanına getsinlər və gələcəkləri kor olmasın. Iş ondadı ki, həmin müəllimlər elə həmin bu məktəblərin dərs deməyən, şagirdin bilik qazanmasında maraqlı olmayan müəllimlərdi. Məktəbdə tirə, evdə şirə dönürlər müəllim kimi. Niyə? Çünki məktəbin verdiyi maaşı onlar ay ərzində ikicə şagirddən qazanırlar. Halbuki bacarıqlı müəllimlər hər ay onlarla şagirdə əlavə məşğələ keçir və özü öz dövləti funksiyasını yerinə yetirirlər. Müəllim də məktəbdə yalnız statistika və seçkilərin saxtalaşdırılması üçün lazımdı.
Yeni təhsil nazirinin gəlişi ilə də heç nə dəyişməyəcək. Olsa-olsa, kadr dəyişiklikləri olacaq, bir də təmir olunan, yeni tikilən məktəblərin fasadlarının, dam örtüklərinin rəngi dəyişəcək. Çünki bu ölkədə kimin hansı vəzifədə oturması heç nəyi dəyişmir. Misir Mərdanov, Ismayıl Ömərov bu yırtıcı sistemin içində xırda vintcikdən başqa heç nə deyildilər. Sadəcə, şəxslər bu tip rejimlərdə onunla başqalarından fərqlənir ki, onların şəxsi keyfiyyətləri və keyfiyyətsizlikləri daha yaxşı xırda vintcik rolu oynamağa yarayır, vəssalam.
Ismayıl Ömərovun açıqlaması isə diqqətə layiqdir. Bu müsahibə ilə Ömərov ITV-də görə bilmədiyi, görmək istəmədiyi işi görmüş, mesajı xalqa çatdırmış oldu. Ömərov deyir: “Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik, şəffaf bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xətrinə kölgə sala bilmərəm”. Söhbət üçüncü dönəm direktor seçkisinə qatılmamaqdan gedir. Bu, üçüncü kərə namizədliyini verməyə hazırlaşan və əbədi olaraq prezident postunu tutmağa hazırlaşan Ilham Əliyevə mesaj deyilmi? Yəni bir TV-nin nüfuzuna kölgə salmaq bir dövlətin nüfuzuna kölgə salmaqdan dəhşətli ola bilməz ki… Bu sözlər Ömərovun ömrü boyu deyə biləcəyi tək doğru fikirdi və əminəm ki, bu sözlər tarixdə qalacaq.
Nəyinsə dəyişilməyinə qalanda, aydındı ki, heç nə dəyişə bilməz. Əsas olan sistemdi. O sistem dəyişmədikcə, hətta bu gün ən demokratik bir müxalifət lideri prezident seçilsə belə, yenə də heç nə dəyişə bilməz. Bizlərin dəyişilməsini istədiyimiz tək şey də elə o sistem, o rejimdi. Artıq heç nə. Çox şey istəmirik ki?..