Aydınlar Partiyasından AXCP-yə dəstək

Aydınlar Partiyası aprelin 20-də AXCP-nin Sabirabad rayon şöbəsinin müşavirəsini polisin dağıtması ilə bağlı bəyanat verib. Partiya bu faktı qətiyyətlə pisləyir və bunu vətəndaşların sərbəst toplaşma azadlığına növbəti qəsd kimi qiymətləndirir. Bu barədə Aydınlar Partiyasının mətbuat xidmətindən məlumat daxil olub.
Bəyanatda bildirilir ki, vətəndaşların sərbəst toplaşmaq azadlığı fundamental insan hüquqlarının ən vacib komponentlərindən biridir. Hakimiyyətin də əsas vəzifələrindən biri sərbəst toplaşmaq azadlığını təmin etməkdir: “Müxalifət partiyasının tədbirinə icra hakimiyyəti və polisin zorakı müdaxiləsi Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulmasıdır. İcra hakimiyyəti və polisin funksiyası qanunları pozmaq yox, qanunların aliliyin təmin etməkdir.”
Aydınlar Partiyası siyasi hakimiyyətdən siyasi müxalifətin təqib olunmasına son qoyulmasını, vətəndaşların sərbəst toplaşmaq azadlığını təmin olunmasını tələb edir.