Nazir Londondakı mülklərin üzə çıxmasından narahat olub
Kənd təsərrüfatı naziri Ismət Abbasovun oğlu Yunis Abbasovun Londonda bahalı mülklərə sahib olması barədə “Azadlıq”ın ötən saylarında yazılıb. Londonda yaşayan azərbaycanlı fəal Murad Həsənlinin yazdığı və qəzetimizə göndərdiyi həmin yazıda bildirilirdi ki, Yunis Abbasovun sahib olduğu mülklərin qiyməti milyon dollarla ölçülür.
Yunis Abbasov bu məsələ ilə bağlı “Qafqazinfo”ya müsahibə verib. Nazir oğlu iddia edib ki, o, bizneslə məşğuldur və həmin mülklərə sahiblənməsinin atasının fəaliyyətilə heç bir əlaqəsi yoxdur: “Mən bir necə ildir ki, bizneslə məşğul oluram. Bura daşınmaz əmlak biznesi də daxildir. Ixtisasım da daşınmaz əmlak sahəsidir. Mən bu işləri Azərbaycandan çox-çox uzaqda edirəm. Başa düşə bilmirəm ki, bunun Azərbaycanda nazir vəzifəsində işləyən atama nə aidiyyəti var? Nazir oğlu olmağımın gördüyüm işlərə nə aidiyyəti var? Əksinə, biznesimi Azərbaycanda qurmadım ki, atamın adına xələl gətirə bilərəm”.

Nazir oğlu deyib ki, həmin yazıda əsas hədəf atası olub:
“Bu yazılar mənim haqqımda olsa da, hesab edirəm ki, əsas hədəf nazir işləyən atamdır. Hər prezident seçkisi öncəsi atama belə hücumlar olur, beş ildən bir bunlar təkrarlanır. Ötən prezident seçkisində də belə olmuşdu. Bununla atamı gözdən salmaq istəyirlər”.
Yunis Abbasovun dediklərinə inanmaq üçün sadəlövh olmaq lazımdır. Hər kəsə bəllidir ki, Azərbaycanda fəaliyyət göstərən məmur övladlarının “biznes uğurları”nı atalarının dəstəyi olmadan əldə edə bilmirlər. Daha doğrusu, onlar elə atalarının biznes imperiyasını idarə edirlər. Sadəcə görünür, “Azadlıq”da məlum yazı dərc edildikdən sonra Ismət Abbasova ciddi təpiniblər. Bu baxımdan da nazir oğlunu önə verərək Londondakı mülklərin ona heç bir aidiyyətinin olmadığını sübut etmək istəyir. Yunis Abbasovun bir fikri də maraqlıdır: Nazir oğlu bildirir ki, hər dəfə prezident seçkisi öncəsi atasına qarşı hücumlar olur. Aydın deyil, məgər Ismət Abbasov prezident olmaq istəyir?


