“Melia «qırmızı xətt» fikrini düşünülmüş şəkildə səsləndirib”
Zəfər Quliyev: «Baş verənlər hakimiyyətə qarşı ciddi xəbərdarlıq idi; biz bir addım geriyə atırıq, amma sizə vaxt veririk ki, düşünün»
ABŞ dövlət katibinin müavininin səfəri və Azərbaycandakı demokratik proseslərə dəstək verən bəyanatları hakimiyyət düşərgəsində sərt təpkiyə məruz qaldı. ABŞ rəsmisinin Bakıda xüsusilə bir sıra məqamların altını cızması, Azərbaycanla münasibətlərdə Amerika üçün bu məqamların mühüm əhəmiyyət kəsb etməsini vurğulamasını ekspertlər birmənalı qiymətləndirmir. Siyasi ekspert Zəfər Quliyevlə müsahibəmizin ilk sualı Melianın ABŞ-ın Azərbaycanda demokratiyanı enerji maraqlarına güzəştə getməyəcəyi fikri ilə bağlı oldu.
– Əslində Melianın açıqlaması yeni bir şey deyil. Demokratiyanın neftə qurban verildiyi ilə bağlı suala cavabda bəlkə də yeni yanaşma ABŞ rəsmisinin əks cavab verməsi ola bilərdi. Yəni lazım gələrsə, biz demokratiyanı neft maraqlarına qurban verə bilərik. Vaşinqton rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar üçün prioritetlər eyni dərəcədə vacibdir. ABŞ həm təhlükəsizlik, həm enerji, həm də demokratik məsələlərin onlar üçün başlıca prioritet olduğunu qeyd ediblər. Elə Melia da əvvəlki mövqedən çıxış edərək etiraf etdi ki, demokratiya ilə neft eyni dərəcəli prioritetlərdir. Bu baxımdan da bir qədər təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda son zamanlar yaranan vəziyyətlə bağlı ABŞ-ın münasibəti nə qədər prinsipial yanaşma göstərməyə çalışsalar da, hər halda çox ehtiyatlı ifadələr işlədilir. Daim seçkilərlə, insan haqları, korrupsiya, məmur özbaşınalığı və demokratiya ilə bağlı suallara cavab verərkən, mövqe bildirərkən, Vaşinqton rəsmiləri praqmatik, geosiyasi maraqlarını da nəzərə alırlar. Ona görə də bir çox məsələlərdə biz ehtiyatlı yanaşmanı müşahidə edirik. Melianın dövlət başçısının 3-cü dəfə namizədliyini irəli sürmək niyyəti ilə bağlı səslənən fikirlərə münasibətinin dəyişməsi buna misaldır. Əgər ilkin variantda Melia 3-cü dəfə namizədliyi qırmızı xətt kimi dəyərləndirmişdisə, düzəlişdən sonra bu fikir, ümumiyyətlə, mətndən çıxarıldı.
ABŞ mövqeyini bir daha sərt formada bildirdi
– Elə Melianın adından dövlət başçısının namizədliyinin 3-cü dəfə irəli sürülməsiylə bağlı mövqeyinə bir daha sonra tam fərqli münasibətin açıqlanması maraq doğurdu. Ilkin variant tərcümə səhvi kimi qiymətləndirildi. Amma bu bəyanat təkzib olunmasına baxmayaraq, Melianın açıqlamalarını hakimiyyət süngü ilə qarşıladı. Bunun səbəbi nəylə bağlıdır?
– Melianın bu məsələ ilə bağlı ilk açıqlaması cəmiyyətdə ciddi rezonans doğurdu. Həm müxalifət düşərgəsində, həm toplumda birmənalı qarşılanmadı. Bu açıqlama eyni zamanda hakimiyyəti də ciddi narahat etdi. Mətbuatda Melianın adından belə bir fikir getmişdi ki, Ilham Əliyev üçüncü dəfə namizədliyini irəli sürərsə, bu qırmızı xətti keçməyə bərabər olacaq. Beləliklə də bu məsələyə çox sərt və mənfi mövqe bildirilirdi. Bu, faktiki olaraq hakimiyyətə sərt bir xəbərdarlıq kimi ünvanlanan bir mesaj idi. Eyni zamanda deyilirdi ki, bu məsələyə ABŞ rəsmisi növbəti səfərində dönəcək və müzakirəyə çıxaracaq. Lakin səhəri bir addım geri atıldı və söylənildi ki, bu fikir tərcümədə yanlış gedib. Söhbət hər hansı bir qırmızı xəttdən, sərt xəbərdarlıqdan getmir. Mən şəxsən hesab edirəm ki, burada Tomas Melianın improvizəyə yol verib, sərt fikir səsləndirməsi fərziyyəsi ciddi qəbul edilə bilməz. Eyni zamanda bütün məsuliyyəti, günahı “Turan” Informasiya Agentliyinin və tərcüməçinin üzərinə atmaq düzgün olmazdı. Bu da ciddiyə alına bilməz. Çünki bu tip prinsipial məsələlərdə tərcümədə inanmıram ki, kimsə bu qədər kobud yanlışlığa yol versin. Düşünürəm ki, daha ağlabatan versiyə ondan ibarət ola bilər ki, Melia ilkin variantdakı fikri səsləndirib. Bu fikir düşünülmüş şəkildə səsləndirilib və heç bir improvizasiya yox idi. Bu, faktiki olaraq Vaşinqtonun mövqeyi idi və onlar xəbərdarlıqlarını hakimiyyətə çatdırdılar. Əsas məsələ həmin xəbərdarlığın çatdırılması idi. Ondan sonra geriyə doğru bir addım atmaq da olardı. Bəyan etmək olardı ki, biz bu məsələ ilə bağlı siyasi fikir söyləmirik, yanlışlığa yol verilib. Hakimiyyətin qulağına bu xəbərdarlıq çatdırılıb. Eyni zamanda Vaşinqtonun 3-cü dəfə namizədliyin irəli sürülməsinə qayıdılacağının bəyan etməsi də bir sərt mesajdır ki, bu məsələ diqqət mərkəzində saxlanılacaq. Azərbaycanda Belarus kimi Avropa dəyərlərinə zidd olan bu qəbuledilməz bir addımı atacaqsa, ABŞ üçün nə qədər neft vacib olsa da, onlar demokratiya prioritetindən imtina etməyiblər. Istər-istəməz ABŞ demokratik məsələləri diqqətdə saxlayır. Ona görə baş verənlər hakimiyyətə qarşı ciddi xəbərdarlıq idi ki, biz bir addım geriyə atırıq, amma sizə vaxt veririk ki, düşünün.
Hakimiyyət bilərəkdən sərt siyasət yürüdür
– Baş verənlərin fonunda azad mətbuata qarşı da basqılar artıb. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri iri məbləğdə cərimələniblər. Hakimiyyətin seçki öncəsi bu cür sərt siyasət yürütməsi nəylə nəticələnə bilər?
– Azərbaycan hakimiyyəti inadkarlıq nümayiş etdirir. Hesab etmirəm ki, Avropanın və ABŞ-ın xəbərdarlığı dərhal rəsmi Bakı tərəfindən nəzərə alınacaq və Ilham Əliyev namizədliyini verməyəcək. Hakimiyyətin hələlik strateji xətti ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun Ilham Əliyev prezidentliyə namizədliyi verilməli və seçilməlidir. Nəticədə də daxili siyasi kurs davam etdirilməlidir. Bu mövqeyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gücləndirmək üçün hakimiyyət son vaxtlar sərt repressiv siyasi xətt aparır. Bütün oponentlərinə, mətbuata, sosial narazılıq ifadə edən insanlara qarşı həddindən artıq sərt mövqe ortaya qoyub. Bu da faktiki olaraq həm də siyasi ritorika baxımdan hakimiyyətin mövqelərini gücləndirməlidir. Eyni zamanda hakimiyyət Rusiya ABŞ-la aparılan gizli bazarlaşmada bz mövqeyini gücləndirmək istəyir. Hakimiyyət bəyan edir ki, baxın, mən sərt repressiya apara bilərəm. Əgər siz məndən güzəşt istəyirsinizsə, müəyyən məsələlərə göz yumulmalıdır. Yəni üçüncü müddət məsələsində hakimiyyət güzəştə getməmək üçün təzyiqi artırır ki, bazarlaşma vaxtı sərt xəttdən geri çəkilmək əsas güzəşt olsun. Nəticədə də hakimiyyətin geri çəkilməsi sadəcə olaraq əvvəlki status-kvonun bərpası ilə yekunlaşacaq. Hakimiyyətin həddindən artıq sərt mövqeyi daha sonra geri çəkiləndə vəziyyəti əvvəlki kimi saxlamağa xidmət edir.
– Dövlət başçısının bu yaxınlarda daha bir yaddaqalan müşavirəsi keçirildi. Növbəti dəfə məmurlara sərt mesajlar verildi, Azərbaycanın dünyada inkişaf tempinə görə bənzəri olmadığı vurğulandı. Bu tip müşavirələr nəyə xidmət edir?
– Hakimiyyətin, aydın məsələdir ki, başqa bir yolu da yoxdur. Zəruri islahatlara getmirlərsə, heç bir dəyişikliyi qəbul etmirlərsə, bunların başqa ritorikası ola bilməz. Hakimiyyət deyə bilməz ki, bizdə nöqsanlar var, inkişaf zəifləyib. O zaman sual yaranar ki, inkişaf zəifləyibsə, problem varsa, nəyə görə islahatlara getmirsiniz, niyə kadrları dəyişmirsiniz? Ona görə hakimiyyət siyasətini dəyişmək istəmədiyindən, məcburdular ki, eyni sözü sona qədər desinlər. Bizdə heç bir problem yoxdur, biz çox sürətlə inkişfa edirik. Yəni aydındır ki, bu cür təbliğatın nə ölkə daxilində, nə də xaricdə heç bir effekti yoxdur. Hakimiyyətin alternativ variantı ondan ibarətdir ki, gərək iqtidar dəyişikliklərə getsin. Dəyişikliklərə getmək də bizim hakimiyyət üçün ölümə bərabədir. Hakimiyyət islahatlara hazır deyil.
Hakimiyyət dövlət deyil, öz maraqlarından çıxış edir
– Dövlət başçısı eyni zamanda vurğulayıb ki, heç bir ölkə Azərbaycanın daxili işlərinə qarışa bilməz. Bundan əvvəl də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxşar bəyanatla, amma daha sərt formada çıxış etmişdi. Bu ritorika nədən xəbər verir? Hakimiyyət bu cür siyasətini sona qədər davam etdirə biləcəkmi?
– Paradoks ondan ibarətdir ki, ən çox suverenlik, müstəqilliyə qarışmamaq çağırışlarıyla adətən, avtoritar rejimlər çıxış edir. Demokratik, normal ölkədən bu cür bəyanatın səsləndirildiyinin şahidi olmuruq. Təəccüblü də odur ki, böyük ölkələrdən daha çox, balaca ölkələr sinələrinə vururlar ki, biz müstəqilik, heç kimi işlərimizə qarışmağa qoymarıq. Iraq kimi ölkənin rəhbəri Səddam Hüseyn də deyirdi ki, heç kəs bizim işimizə qarışa bilməz. Amma sonda özü cəzalandırıldı. Iran da deyir ki, bizim daxili işlərimizə heç kim qarışmasın. Iranın da dövlət kimi böyük potensialı var. Amma balaca Azərbaycan kimi bir dövlət deyəndə ki, bizim işimizə qarışmayın, bu real alınmır. Onsuz da qarışırlar. Digər tərəfdən, Azərbaycan özü onun işlərinə qarışmaq üçün şərait yaradır. Lazım olanda Irandan, Rusiyadan kömək istəyir. Yəni köməksiz, başqalarının yardımı olmadan Azərbaycan inkişaf edə bilməz. Indi hakimiyyət üçün təhlükə yarananda birdən-birə suverenlik yada düşür. Əslində burada söhbət ölkənin milli, dövlət maraqlarından getmir. Elə olsaydı, Ilham Əliyevin bəyanatına mən böyük hörmətlə yanaşardım. Söhbət hakimiyyətin saxlanılmasından gedir.
– Azərbaycan hər dəfə dəyişikliklər ərəfəsinə gələndə həmin dəyişikliklərin baş verməsinə ölkəmizdə maraqlı olan güclərin, dövlətlərin maraqları da təsir edir. Bu sırada iqtisadi maraqları xüsusi vurğulamaq lazımdır. Amma artıq bu iqtisadi maraqlara, sabitliyə hakimiyyət özü təhlükə yaradır. Belə olan halda 2013-cü ildə necə, Azərbaycanda maraqları olan dövlətlər, beynəlxalq güclər hansı mövqeyi seçəcəklər?
– Əslində hakimiyyəti daha çox narahat edən məsələlərdən biri də budur ki, yalnız xarici siyasi dairələr yox, beynəlxalq transmilli kampaniyalar, beynəlxalq maliyyə institutları Azərbaycandakı vəziyyətdən çox narahat və narazıdır. Bu narazılıq artıq hakimiyyəti çox qorxudur. Narazılığın əsası da ondan ibarətdir ki, əvvəlki illərdə bu hakimiyyət sabitliyin qarantı idi. Amma beynəlxalq maliyyə strukturları o qədər də demokratiya və insan haqlarını fikirləşmirdilər. Onlar hakimiyyəti sabitliyin qarantı kimi lazım gələndə müdafiə edirdilər və dəyişiklikdə maraqlı deyildilər. Lakin indiki mərhələdə artıq hakimiyyət sabitliyin qarantı kimi çıxış edə bilmir. Sabitliyin qarantı olması üçün hakimiyyətin gərək güclü sosial dəstəyi olmalıdır. Yalnız güc və pul vasitəsilə sabitliyi uzun müddət saxlamaq olmur. Bu baxımdan həm enerji sahəsində çalışan şirkətlər, həm beynəlxalq maliyyə institutları özləri də düşünürlər ki, necə edək ki, Azərbaycanda dəyişiklik də baş versin. Amma uzunmüddətli sabitlik də pozulmasın.
Xəyal


