gulnara-qurbanova

“Ürəklərini atamı öldürməklə də soyuda bilmədilər…”

gulnara-qurbanovaŞıxəli Qurbanovun qızı ailəsinin başına gətirilən dəhşətlərdən danışdı

Gülnarə Qurbanova: “Atamızı öldürüblər, yetim böyüməyimizə səbəb olublar, indi də özümüzü sanki, günahkar çıxarıblar”

Tanınmış dövlət xadimi, dramaturq Şıxəli Qurbanovun adının Musiqili Komediya Teatrından götürükməsi gündəmin aktual məsələlərindəndir. Bu baxımdan mərhum dramaturqun qızı, sabiq millət vəkili Gülnarə Qurbanova ilə bu barədə söhbətləşmək qərarına gəldik.

Şıxəli Qurbanovun adı da bu teatrın üzərində bir rəmz idi

– Gülnarə xanım, Siz az vaxtda artıq kifayət qədər ictimailəşən bir məsələ – Şıxəli Qurbanovun adının Musiqili Komediya Teatrından götürülməsinin özəl səbəbləri barədə nə deyə bilərsiniz?
– Əsas səbəb qısqanclıqdır. Çünki Şıxəli Qurbanovun 41 ildə gördüyü işləri bir neçə ömürə sığmaq olar. Bunu ona bağışlamayanlar var.

– Sizcə, bu addımı mədəniyyət naziri Polad Bülbüloğlunun vaxtilə can atdığı eyniadlı məqsədin reallaşması hesab etmək olarmı?
– Dərin təhlilə belə ehtiyac yoxdur. Polad Bülbüloğlu da özbaşına deyildi. Hədəf çoxdan müəyyən olunmuşdu. O da gözü götürməyənlərin əlində sadəcə bir vasitə olmağı qəbul etmişdi. Bəziləri olmayan ürəklərini atamı öldürməklə də soyuda bilmədilər. Atamın ölümündən sonra da onun xalq içində qazandığı sevgi, şan-şöhrət onları rahat yaşamağa qoymurdu.
Amma bir şeyi nəzərə almırlar ki, mənim atam doyunca yuxusunu belə almırdı. Xalq yolunda gecə-gündüz çalışırdı. Dul qadınlara, yetim uşağlara havadarlıq edirdi. Maaşından aspirantlarının dissertasiyalarını çap etdirmək üçün pul verirdi və müdafiəyə getmək üçün yenə də maaşdan onlara əyin-baş alırdı. Cavan olduğuna baxmayaraq (axı o, dünyasını 41 yaşında dəyişib) özündən yaşca böyük olanlara belə sahib çıxmağı bacarırdı…
Xalqımızın özünüdərki üçün, onun milli şüurunu oyatmaq üçün balalarını yetim qoydu, canından keçərək Novruz bayramını bərpa etdi. İlk dəfə Azərbaycan xalqının ən əziz bayramının dövlət səviyyəsində keçirilməsinin həm təşəbbüskarı, həm də təşkilatçısı oldu.
İndikilər isə dünyanın keyfini görmək həm də xalq içində özününki kimi qəbul olunmaq istəyirlər. Bu da kənardan həm rəzil və gülünc görünür, həm də ikrah hissi ilə qəbul olunur.

– Bu məsələylə əlaqədar rəsmi şəkildə hansı qurumlara müraciət etmisiniz?
– Heç bir quruma müraciət etməmişəm. Birincisi, Azərbaycan prezidentinin aprelin 18-də Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təmirdən sonra baxış keçirdiyi haqqında İnternetə verilən reportajda bu teatrın adının dəyişdirilməsi barədə oxudum.
Bu gün də Mədəniyyət Nazirliyindən birisi deyir ki, bu teatrın xeyrinə olan bir tədbirdir. Bundan sonra bu teatrın səhnəsində bir tək musiqili komediyalar qoyulmayacaq. Mən bu gün sonsuz hesabda telefon zəngləri qəbul etmişəm. İnsanlar hədsiz narahatdırlar. Zəng edənlər deyirlər ki, bu teatr onların həyatının, keçmişinin tərkib hissəsidir. Şıxəli Qurbanovun adı da bu teatrın üzərində bir rəmz idi.
Bilmirəm nazirliyin rəsmisi baş verəni başa düşmür, ya uşaq aldatmaq istəyir. İş ondadır ki, Akademik Dövlət Opera və Balet teatrı, Dövlət Filarmoniyası olan bir yerdə Musiqili Komediyanın səhnəsini əlindən almaq nə dərəcədə düzgündür? Yəni indən belə bu səhnədə də opera səslənəcək, balet tamaşaları qoyulacaq, ya filarmonik orkestr çıxış edəcək? Nə isə… Bir sözlə, Şıxəli Qurbanovun adını teatrın üzərindən götürmək xətrinə və kimə isə yarınmaq üçün rəsmilər öz naşılıqlarını və səriştəsizliklərini qabarıq şəkildə millətimizə nümayiş etdirirlər.
Azərbaycanda bir rəsmi qurum var, o da ölkə prezidenti. Ona da yazdın-yazmadın xeyri yoxdur. Nəticəsiz qalır.

Abrımıza qısılıb, bunlardan abır-həya gözləyirik

– Şıxəli Qurbanovun adının teatrdan götürülməsini onun ailə üzvlərinə qarşı təzyiqin tərkib hissəsi kimi qiymətləndirmək mümkündürmü? Misal üçün qardaşınızla bağlı məsələ və s.
– Mümkündür. Atamızı öldürüblər, yetim böyüməyimizə səbəb olublar, indi də özümüzü sanki günahkar çıxarıblar. Rus klassik ədəbiyyatına müraciət etsək, bizi unter ofitserin özünü şallaqlayan dul qadınına bənzədiblər.
Mənim başıma deputat seçkiləriylə bağlı nə oyunlar gətirmədilər… Bacımı məcbur etdilər illərlə işlədiyi idarəni tərk etsin. Ailəmizdə yeganə işləyən qardaşım idi, 7 aydır ki, onu da işsiz və maaşsız qoyublar. Bu vəzifənin də adı “ehtiyatda” olmaqdır. Məni düzgün başa düşün, bu dediklərim ağlamaq deyil. Bu sadəcə faktları olduğu kimi açıqlamaqdır.
Rusiya Diplomatiya Akademiyasının məzunu (ispan və türk dillərini öyrənməklə), Xarici İşlər Nazirliyini yaradanlardan biri, 20 ildən artıq Nazirliyin yüksək vəzifələrində çalışan, Nazirliyin Kolleqiyasının Nizamnaməsinin müəllifi və Kollegiya yaranan gündən onun əvəzsiz məsul katibi, Azərbaycan üçün onlarla diplomatik kadr yetişdirən (onun tələbələri artıq on ildən artıqdır ki, müxtəlif ölkələrdə səfir vəzifəsində çalışırlar və İlqarı görəndə başlarını yerə dikillər ki, müəllimləri hələ də səfir vəzifəsində illərlə işlədiyinə baxmayaraq ona Fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməmişdir), son 11 il yarımda xüsusi tapşırıqlar üzrə səfir olan bir adamın birdən-birə milli ruhlu adam olmadığı üçün (Kim? Şıxəli Qurbanovun doğmaca oğlu?) xaricdən səfirin fitvasıyla (o da bununla bağlı, təbii ki, yuxarıdan tapşırıq almışdır) 6 aydan sonra geri çağırıldı. Nazir vaxt tapıb 20 ilin işçisini qəbul edib soruşmadı ki, iş nə yerdədir. Heç olmasa iki tərəfi dinləmək xətrinə. İndi də 7 aydır Nazirlikdən nə xəbər var, nə ətər. Sanki Nazirliyi də Şıxəli Qurbanovun adına olan teatr kimi ləğv ediblər. Halbuku, 1 ay ərzində qanunvericiliyə uyğun olaraq xaricdən gələn işçi xaricə getməmiş tutduğu vəzifəyə bərpa olunmalıdır. Abrımıza qısılıb, bunlardan abır-həya gözləyirik. Yəni biz inanmalıyıq ki, bundan da ölkə başçısının xəbəri yoxdur? Axı qardaşım Prezidentə göndərdiyi məktubun 5 surətini müvafiq rəhbər təşkilatlara göndərib. Hamısının bildirişləri evimizə poçt vasitəsiylə çatdırılıb, lakin heç birindən cavab alınmayıb. Soruşmaq istəyirəm: Bu nə deməkdir?! Üç nəfər cəmiyyət üçün xeyir verə bilən ziyalını evdə bağlayıb, küçələrdə kadr axtarmaq və hər tin başında kadr çatışmamazlığından danışmaq, budurmu yüksək siyasət?! Qardaşıma hər yeni gələn Xarici İşlər naziri bildirib ki, yuxarıdan tapşırıq var ki, Şıxəli Qurbanovun oğlu səfir gedə bilməz. Buna nə demək olar? Sizcə bizim ailənin hövsələsi nə dərəcədə sonsuzdur? Bu yandan da bu teatr xəbəri. Görəsən özləri ilə belə davransaydılar səsləri haraya gedib çıxardı?

Şıxəli Qurbanovu unutdurmaq əbəs yerə vaxt itirməkdir

– Atanızın müəmmalı şəkildə dünyasını dəyişməsinin əsl səbəbi, sifarişin kimdən gəldiyi, ananazın bu haqda Sizə söylədiklərini mətbuata açıqlamaq istərdinizmi?
– Əfsuslar olsun ki, bu gün bu məsələ öz həllini tapa bilməz elə ona görə də bu haqda indi danışmağına dəyməz. Amma tam əminəm ki, belə bir vaxt mütləq gələcək.

– Rəsmilərin bu gün Şixəli Qurbanovun irsinə münasibəti necədir?
– Sovet dövründə rəhmətlik anam canı bahasına atamın on bir kitabını nəşr etdirib. O cümlədən birini də Moskvada, “Наука” nəşriyyatında. Müstəqillik əldə olunandan sonra atamın heç bir çümləsi də nəşr olunmayıb.
Təbii ki, bu məqsədyönlü şəkildə olunur ki, Şıxəli Qurbanovun siması gənc və gələcək nəsillərimizin xatirəsində qalmasın. Amma bunu edən əsl xalq düşmənləri unudurlar ki, bu mümkün deyil. Axı yazılı ədəbiyyatdan öncə şıfahi ədəbiyyat peyda olub və ölümündan sonra dillər əzbəri olan Şıxəli Qurbanovu unutdurmaq əbəs yerə vaxt itirməkdir.

– Gülnarə xanım, Şixali Qurbanovun adı teatrdan götürüldüyü təqdirdə başqa bir formada əbədiləşdirilməli idi. Bu barədə Sizə hansısa qurumdan təklif gəlibmi? Eləcə də, teatrdan adın götürülməsi barədə öncədən məlumatınız olubmu, Sizə bu haqda bilgi verilibmi?
– Bilirsiniz, Sizin bu sualınız mənə illər uzunu vaxtaşırı verilən bir sualı xatırlatdı. Məndən çoxları soruşur: “Şıxəli müəllimin ölümünün üstünü niyə açmırlar?” Bu suala hər zaman eyni cavabı verirəm: “Məgər Şıxəli Qurbanovu öldürmüşdülər ki, ölümünün üstünü açsınalar?”
İndi Sizə də deyirəm ki, bunlar Şıxəli Qurbanovun adını unutdurmaq üçün illərlə plan qurublar ki, indi yenidən onu əbədiləşdirsinlər və yaxud da bununla bağlı bizə təklif versinlər? Yaranmış vəziyyətdə bu azından gülüncdür.
Qədirbilən və ağı-qaradan çox gözəl seçə bilən xalqımız bu işi hökumətin yerinə görüb və Şıxəli Qurbanovun adını dərin hörmətlə tutaraq, onun şəxsiyyətini əbədiləşdirib.
Şıxəli Qurbanovun ailəsi olaraq bizim üçün bundan böyük fərəh və səadət ola bilməz. Biz atamızın sağlığında da, onun yanımızda olmadığı bu 46 ildə də həmişə onun adı qələndə başımızı uca tutmuşuq və bu adın həmişə yüksəkdə qalmasına var gücümüzü sərf etmişik. Məncə budur əsl xoşbəxtlik!

Bunların çirkin əməlləri nəticəsində 85 yaşlı anamın ürəyi partladı

– Teatrlardan şəxsiyyətlərin adının götürülməsini rəsmi şəkildə əsaslandırmağa çalışır, bunun qərəzli şəkildə olmadığını iddia edirlər. Lakin Azərbaycanı başdan-başa H.Əliyevin heykəlləri, “Heydər park”ları, sabiq prezidentin adına olan fondlar zəbt edibsə, bu siyasəti necə başa düşmək olar?
– Mən heç nəyə təəccüblənmirəm. Biz unikal bir ölkəyik. Fikir verin, bizim dahilərimiz hərəsi bir ölkədə dünyasını dəyişib və onların məzarları da oradadır: Füzuli – İraqda, Nəsimi – Suriyada, Məmməd Əmin Rəsulzadə – Türkiyədə, Mehdi Hüseynzadə – Sloveniyada, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəlixan Xoyski, Əhmədbəy Ağayev – Gürcüstanda.Bu dahilər Azərbaycanı dünyaya tanıdıblar, özü də inzibati resursları işlətmədən. Əfsuslar olsun ki, müxtəlif səbəblərə görə bu insanlar Azərbaycanda dəfn olunmayıblar. Lakin bugünkü Azərbaycanda on standartlı siyasətin yürüdüldüyünü gördükdə, düşünürəm: yaxşı ki, onlar burada dəfn olunmayıblar, yoxsa onları da hörmətsizlik edərdilər.
Atamın qəbri ölümündən 43 il sonra yararsız vəziyyətə gəlmişdi. Hökumətə müraciət etdik. İki ildən sonra cavab aldıq ki, sən demə atamın məzarı normal vəziyyətdədir və ona görə də orada bərpa işlərinə ehtiyac yoxdur. Bağımızı satıb, atamın qəbrini yenidən düzəltdirdik. Özü də ki, birinci Fəxri xiyabanda. Afərin belə hökumətə!

– Cümhuriyyət dövrünün liderlərinə olan rəsmi münasibət göz qabağındadır. Bəlli bir siyasət aparıldığı kimsəyə sirr deyil. Lakin Şixəli Qurbanovun şəxsiyyəti xalqın ürəyində siyasətlə deyil, mənəvi bağlarla həkk olunub. Hakimiyyətin bu bağları hansısa yolla qoparması, silməsi mümkün deyil. Xalqın qəlbində əbədi yeri olan atanıszın adının məqsədyönlü şəkildə teatrdan götürülməsini hakimiyyətin qısqanclığı adlandırmaq olarmı?
– Cümhuriyyət dövrünün liderlərinə olan rəsmi münasibət məni dəhşətə gətirir. Məhəmməd Əmin Rəsulzadənin adını bildirən yaman gündə olan və günəşdən artıq rəngi bilinməyən lövhəsinin ölçüsünü qardaşım Ankarada olarkən çıxartdı, Bakıda onun Azərbaycan Cumhuriyyətiylə bağlı sözlərini qara qranit daşa yazdırdı və mən Ankaraya gedəndə həmin daşı aparıb İlk Dövlət başçımızın qəbir daşının üstünə vurdurdum. Bundan başqa İlqar öz əlləriylə orada ağaclar və qızıl gül kolları əkmişdir. Biz bunu fərəh hissi ilə, böyük məmnuniyyətlə etdik, amma əslinə qaldıqda bunu fərdi şəxslər mi etməlidir? Hələ onu demirəm ki, Azərbaycanın İlk Dövlət başmısının məzarının üstünü Türk hökuməti götürüb. Biz isə xarici dövlətlərə humanitar yardım etməklə onları təəccübləndirməkdən yorulmaq bilmirik.
Başımıza gələnlərə nə ad qoysaq azdır. Çünki bunların çirkin əməlləri nəticəsində mənim 85 yaşlı heç bir zaman ürəyindən şikayət etməyən anam – Xavər xanımın ürəyi partladı (bu yaşda insanlar belə bir diaqnozdan nadir hallarda dünyalarını dəyişə bilərlər). Bizim, onun zülümlə atasız böyütdüyü və cəmiyyət üçün xeyir verə bildiyi balalarının mənəvi əzabına ana ürəyi dözmədi. Tarixi şəxsiyyətlərin içində anam yeganə adam idi ki, ona Prezident təqaüdünü çox gördülər və bununla da çox-çox ayıb etdilər. Odur ki, dünən eşitdiyimiz xəbər bizi təəccübləndirmədi. Sadəcə başımıza gələn haqsızlıqların sırasını davam etdi. Həm də mənim atam və anam kimi giymətsiz insanları itirən övladlar məgər belə bir insaniyyətdən kənar hərəkətə fikir verməlidirlərmi?

Nigar