Hansı məmurun seyfindən qızıl yumurta çıxdı?

Dünən səhər dükana getdim, yumurtanın qiymətinin 20 qəpik olduğunu gördüm. Almadım və evə döndükdən sonra Facebook-da xaricdə yaşayan dostlardan xahiş etdim ki, yaşadıqları ölkədə yumurtanın və toyuq ətinin (buzlu) qiymətini mənə yazsınlar. Aldığım cavabları siz də oxuyun…
Yusif Abulov, Almaniya, Maynz:

– Hər vaxtınız xeyir, bəy! Almaniyada 1 kq. toyuq 1.85 avrodan (2 manatdan az) başlayır. Yumurtanın isə 10 dənəsi 0.9 sentdən (biri 10 qəpikdən az) başlayır. 
Sərdar Ağayev, Isveç:
– Şahvələd bəy, Isveçdə yumurta Azərbaycan pulu ilə 12-13 qəpik, toyuq əti isə 2-2,2 manat arasında dəyişir.
Rəşad Əliyev, ABŞ:
– Vaşinqton şəhərində 12 ədəd yumurtanı 2,09 dollar (biri 14 qəpikdən az), 1 kq. bütöv toyuğu 3,40 dollara (2.7 manat) almaq olur.
Hicran Qurbanlı, Rusiya:
– Burada, Sankt-Peterburqda buzlu toyuq ətinin 1 kq-ı 100-150 rubl (2.5-4 manat), yumurtanın bir ədədi 3-5 rubl (8-13 qəpik) arasındadır. Firmaya və marketə görə dəyişir.
Isa Yusifli, Hollandiya:
– Burada yumurta Azərbaycan pulu ilə 10 qəpik, toyuq isə 2 avro 69 sentdir (yəni 2 manat 80 qəpikdən az).
Mayis Əlizadə, Türkiyə:
– Şahvələd bəy, Türkiyədə “buzlu toyuq əti” məfhumu yoxdur. Marketlərdə yumurtanın 6 ədədi 50 qəpikdir (biri 10 qəpikdən ucuz). Toyuğun kilosu 1.5 manatdır.
Mübariz S.Əzimli:
– Salam bəy! Məhz Stokholmda 10 ədəd yumurtanın aşağı qiyməti 1 avrodur.
Elman Fəttahın (Bakı) Odessadakı dostu ilə yazışması:
– Anar, Odessada yumurtanın və toyuğun qiymətini yaz.
– Nədir, biznesə girişirik? Ölçüsündən asılı olaraq yumurta fərqlənir, 10 ədədi bizim pulla 60 qəpiyə də var, 70 qəpiyə də, 1 manata da. Marketdə. Amma fabrikdə aşağıdır.
– Bəs toyuq?
– 2 manata toyuq. 1 manat 90 qəpiyə bazarda almaq olur. Topdan ucuzdur. Nə məsələdir?
– Heç, Şahvələd biznes qurur.
– Ona denən mənim FB-də dostluğumu qəbul etsin. Gör neynirsiz, pul tapsanız, maneə olmasa, yaxşı iş qura bilərik. Su qiymətinədir burda. Hər şey ucuzdur.
Ilqar adlı dostumun yazdığı:
– Irandan mənə dostlar yumurta təklif etdi, gömrük buraxmadı. Topdan 3 qəpiyə.
– 3 qəpiyə təklif edirlər? Doğrudan? Bəs niyə gətirmirsiniz?
– Qardaş, mənə dedilər gömrükdə adam tap. Icazə ala bilmədim, dedilər monopoliyadır. Günəbaxan tumu dedim gətirəm, ucuz var, dedilər icazəni “Azərsun” Holding verir. Başa düşmürəm ki, bu “Azərsun” şirkətdir adicə. Niyə icazəni bunlar verməlidir? Burdan baha yer yoxdur. Təzəlikcə Dağıstana getmişdim, banan 30 rubldur. Bizim pulla 80 qəpik…
Ramiz Dəmirçi:
– Gürcüstandan bazar günü qayıtmışam. Marneuli bazarındakı qiymətlər: 1 kq. dana əti – 4,7 AZN, buzlu balıq – 3,7 AZN, təmizlənmiş kənd toyuğu – 3 AZN, kənd yumurtası – 0,16 AZN (bizdə kənd yumurtası 0.30 AZN-dir)…
Gənc dostumuz Əli Reşin və ABŞ-da yaşayan tanınmış gənc fəal Səid Nurinin göndərdiyi linkləri də saf-çürük edirəm. Məlum olur ki, bizdə yumurta qızıla dönüb. Düşünürsən ki, bu oyunun arxasında olan hakimiyyət adamlarının seyfindən qızıl yumurta, ya xəzinəsində yumurta boyda brilyant çıxmaya bilməz…
P.S. Bananın qiyməti ilə bağlı iki il öncə jurnalist araşdırması apararkən, Uqanda prezidentinin aparatından mənə yazmışdılar ki, bizim ölkəyə bananın 1 kq.-nı 0.3 dollara təhvil verə bilərlər. Orada yığılan bananın ildə 60 faizi satılmadığı üçün xarab olur…