Avtobus qəzalarına görə kim məsuliyyət daşıyır?
Statistik məlumatlara görə, bu il ərzində 18 nəfər avtobus qəzaları nəticəsində dünyasını dəyişib. Təkcə bir sutka ərzində – aprelin 18-də paytaxtda avtobusların 3 ağır yol qəzası nəticəsində 32 nəfər yaralanıb. Yaralılar arasında hələ də vəziyyəti ağır olanlar var.
Bu göstəricilər Azərbaycanda nəqliyyat sahəsində xaos hökm sürdüyünü deməyə əsas verir. Vəziyyətin bu həddə çatmasının səbəbi nədir? Yol qəzalarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Günah heç də həmişə avtobus sürücülərində olmur…
Baş Dövlət Yol Polisi Idarəsinin (BDYPI) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, avtobus qəzaya uğrayıbsa, və o demək deyil ki, mütləq günahkar avtobusun sürücüsü olub. Mümkündür ki, qarşı tərəf qayda pozuntusuna yol versin və qəza da bu üzdən qaçılmaz olsun.
Hər bir yol-nəqliyyat hadisəsinin ayrı-ayrılıqda araşdırıldığını deyən Kamran Əliyevin sözlərinə görə, aprelin 18-də baş vermiş avtobus qəzalarıyla bağlı iki halda avtobuslar bir-birilə toqquşub.
Şöbə müdiri onu da qeyd edib ki, şəhərdə baş verən qəzalar əsasən ötmə, yol ayrıcını keçmə qaydalarının pozulması, qırmızı işıqda hərəkətin davam etdirilməsi kimi səbəblərdən baş verir: “Qayda pozuntularına qarşı həmişə mübarizə aparırıq. Qayda pozan sürücülər məsuliyyətə cəlb olunur”.
Sürücü pul yığmalı deyil…
Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov xarici təcrübədən misal çəkərək deyir ki, Avropada ictimai nəqliyyat şəhər meriyasına aid olan məsələdir: “Metropoliten bir ayrıca idarədir, Nazirlər Kabinetinə tabedir. Avtobus nəqliyyatıyla bağlı isə başqa bir struktur yaradıblar, ona tabedir. Artıq buna ictimai nəqliyyat da demək olmur, çünki sərnişindaşıma ayrı-ayrı şirkətlərə verilib. Qəzaların qarşısını almaq üçün əvvəlcə ictimai nəqliyyat sistemi tənzimlənməlidir. Əvvəldən məlum idi ki, nəqliyyatın intellektual idarəetmə sistemi işləməyəcək, elə gözlənildiyi kimi də oldu – işləmədi. Ona görə tənzimləmə lazımdır”.
Sahib Məmmədov hesab edir ki, ictimai nəqliyyat vahid bir qurumun nəzarətində olmalıdır. Sərnişindaşıma üçün lisenziya verilmiş şirkətlər marşrut xəttinə keyfiyyətsiz, köhnə avtobuslar buraxmamalıdır: “Müasir nəqliyyat sistemi olmalıdır. Əmək müqavilələri bağlanmalıdır. Sürücülər növbəlilik əsasında işləməlidir. Heç bir halda, sürücü pul yığmalı deyil. Avtobusda adam var, ya yox – ona dəxli olmamalıdır. Öz növbəsini işləyib, maaşını almalıdır. Plan sisteminin olması ona gətirib çıxarır ki, sürücülər bir-birilə pul yığmaq uğrunda mübarizə aparır. Sürücülər çox yorğun olurlar. Səhər 6-dan axşam 24:00-a qədər işləyirlər. Insan taleyilə bağlı məsələlərdə belə hallara yol verilməsi düzgün deyil”.
Azərbaycanda avtobus qəzalarının adi hala çevrildiyini deyən Sahib Məmmədov onu da qeyd edib ki, bu cür qəzalarda həyatını itirən və ya xəsarət alan şəxslərə, onların ailələrinə kompensasiya ödənilməlidir.
Sərnişinlərin məcburi sığortalanması vacibdir
Azad Istehlakçılar Birliyi nəqliyyat sahəsində vəziyyətin araşdırılması üçün bir müddət əvvəl komissiya yaradıb. Bu barədə məlumat verən Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, komissiya əsasən sərnişindaşımada qəzaların səbəblərini araşdırır. Eyyub Hüseynov da hesab edir ki, ictimai nəqliyyatda bilet sistemi tətbiq olunmayana qədər müsbət dəyişikliyə ümid etməyə dəyməz: “Nə qədər ki, avtobus sürücüləri pul dalınca qaçır, biletli ödəniş tətbiq olunmur, bu cür qəzalar davam edəcək. Ikincisi, avtobusların texniki cəhətdən saz olmamasıdır. Digər səbəblər isə xətt sahiblərinin qeyri-professionallığı, sürücülərlə təlim işlərinin aparılmamasıdır”.
Eyyub Hüseynov qeyd edir ki, nəqliyyat sahəsindəki problemlərdə sərnişinlərin özlərinin də günahı az deyil: “Avtobusları dayanacaqlardan kənarda saxlamağa məcbur edirlər”.
Eyyub Hüseynov sərnişinlərin məcburi sığortalanması ilə bağlı qanunun qəbulunu vacib sayır. Onun sözlərinə görə, 4 il əvvəl Milli Məclis bu qanunu müzakirə etdi, lakin qəbul olunmadı: “Bu qanun qəbul olunsa, vəziyyət xeyli dəyişər. Həmin qanunun tələbilə sərnişin dayanacaqda dayandığı andan etibarən sürücü məsuliyyət daşıyır. Çox təəssüf ki, bu qanun qəbul olunmadı”.
Bəyim Həsənli