Türkiyənin Trabzon şəhərində polisə “azerimisin” sualına “azeriye benzer bir halimmi var” deyə cavab verən 30 yaşlı Çiğdem Tekdemirə məhkəmə 1 il 2 ay həbs cəzası verib. Sual bizim türkcəmizdə təxminən belə məna verir: “Allah eləməsin!!!”.
Məhkəmə zamanı Tekdemir onun polis məmurunu deyil, əksinə polisin onu təhqir etdiyini deyib: “Polis məmuru məni ”sen azerimisin” deyə təhqir etdi”.
Türkiyədə bir polisə yanaşıb türkcə ünvan soruşsan, əlbəttə, dərhal “azerimisin?” soruşacaq. Bizdə də eynən. Polis “türksən?” soruşacaq. Bu, haraya çəkirsən-çək, maraqdan irəli gəlir. Ancaq alacağın cavab əsasdı: “Azeriye benzer bir halimmi var?” və ya “Allah eləməsin, mən heç türkə oxşayıram?”. Ancaq yaxşı yadımdadı, bizdə qızlara “turçanka” (özü də rusca) deyəndə, çox sevinərdilər. Bu da heç yadımdan çıxmır: 1991-ci ildə “Nizami” k\t-nin foyesində türkcə danışan qaraşın bir kişiyə yaxınlaşıb sevincək “türksünüzmü” soruşanda, qızarıb-bozardı, pörtdü, acıqlandı və nifrətlə “hayır, ben kürdüm” dedi…
Heç inanmıram ki, türk türkə oxşamaqdan utana. Ola bilsin ki, Çiydəm milliyətcə kürd, erməni, laz və ya başqasıdı. Ancaq bu onun sualının təhqir yükünü qətiyyən dəyişmir. Bu sualı bir erməni kökənli qadın verərsə, nifrətini anlamaq olar. Nə də olsa, milli ədavət var. Lakin bir türkün, ya kürdün, ya lazın belə deməsi heç anlaşılan deyil. Canı cəhənnəmə, hər kim olur-olsun, bu sualı verib və polisin sualını da özünə təhqir hesab eləyib. Zənnimcə, onu həbsə də azərbaycanlıları aşağıladığına görə yox, özündən çıxıb polisə dişinin dibindən çıxanı dediyi üçün atıblar.
Hər halda “azeri”liyi özünə təhqir hesab eləmək üçün adamın ciddi əsasları olmalıdı. Ola bilər ki, bu qızın əri, sevgilisi onu atıb və bir “azeri” qızıyla evlənib. Ya da sevgi yaşamağa başlayıb. Bəlkə də, Azərbaycandan Türkiyəyə gedib bədənini satan azərbaycanlı qadınlar onun ürəyini yaralayıb, ya alverə gedən qadınlarımızla anlaşılmazlıqları olub – onun Fb hesabından anlamaq olur ki, gəlinlik paltarı satan bir müəssisədə çalışır. O da ola bilər ki, 1999-cu ildə bitirdiyi Kanuni Anadolu Lisesində onun bir “azeri” kökənli sinif yoldaşı olub və aralarından da nə üçünsə qan axıb.
Səbəbləri sonsuza qədər uzatmaq olar bəlkə də. Ancaq bizimçün səbəblər maraqlı deyil. Sadaladıqlarımı da, məsələnin psixoloji köklərinin olmasını çatdırmaq üçün yazdım.
Əsas, “azeri” deyərkən, “azeri” qadınlarına bənzədilərkən yaranan mənfi təəssüratdı. Məsələn, bizdə kiməsə erməni demək, onu təhqir etmək hesab olunur. Ya da elə bu günlərdə, Vaqif Səmədoğlu ilə Sərdar Cəlaloğlunun atışmasında bir-birini təhqir etmək üçün seçdikləri ən aşağılayıcı fənd: Rəqsanə (Yeri gəlmişkən, zavallı Rəqsanə heç cür anlaya bilmir ki, bu iki kişi niyə onun adını çəkir. Özü də belə deyir: “Başa düşə bilmirəm ki, mənim adımın onların mübahisəsinə nə dəxli var?”) Binəva-binəva…
Indi mən nə Azərbaycan qadınını ağ yuyub, qara sərmək, dünyanın bütün millətlərinin qadınlarından aşağı olmasını gözə soxmaq, isbatlamaq fikrindəyəm, nə Həcərin nəticələri olduqlarını (yeri gəlmişkən, indi Həcər adı da heç yaxşı anlam daşımır (erməni ər-filan)), nə də türk (Türkiyə) qadınlarına cavab atəşi açıb ağzıma gələni yazmaq. Bunlar əbləh adamların işidi.
Ancaq ortada bir fakt var: “azeri” deyəndə özünü təhqir olunmuş saymaq. Bu, “azeri”lərin hər gün öz evlərində, yurdlarında, məmləkətlərində təhqir olunmalarına dözdüklərinə görə olmasın? Axı susmaq, dözmək əxlaqsızlıqdı dünyanın azad millətlərinin gözündə. Nə bilim, səbəblər çoxdu, ancaq bu da bir fakt oldu. Deməyəsən, “mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı heç yaxşı nəticə verməyibmiş. Hər halda, bir nəfərçün də olsa, qıraqdan belə görünürmüş haçansa “Ilin xalqı” seçilən xalq…

Azeri olmaq ayıbı
•
•