ADP Gənclər Təşkilatının aktiv üzvlərindən Mehman Ələsgərov, İlham Baxışov, Niyazı Qurbanov, Elşən Şahbazov və təşkilatın sədri Cəmil Hacıyev həbs edilməklə hədələniblər. Bu barədə saytımıza təşkilatın mətbuat koordinatoru İlham Həziyev məlumat verib.
Məlumatda deyilir ki, 16 apreldə ADP-çı fəallar Təfəkkür Universiteti və Xarici Dillər Universitetinin Təbriz küçəsindəki korpusunun qarşısında vərəqələr paylayarkən küçədəki təhlükəsizlik kamerasına düşüblər. Bundan sonra vərəqə paylayanların kimliyi müəyyənləşdirilib və onlar yaşadıqları ərazilər üzrə polisə çağırılıblar. Çağırışlar qeyri-rəsmi olduğundan rədd edilib.
Bundan sonra fəalların evlərinə gələn polislər onları yaşadıqları ərazilər üzrə polis bölmələrinə aparıblar. Fəallar tələbələrə hakimiyyət əleyhinə kütləvi aksiyalara dəstək verməyə və vətəndaş itaətsizliyinə çağırış edən vərəqələr paylamaqda ittiham olunub və onlardan izahat tələb edilib. Fəallara polis bölmələrində təziq edilib, bir daha belə hərəkətlərə yol versələr uzun müddətli həbsə gedəcəkləri haqda hədə-qorxu gəlinib.
Fəallar isə hər hansı qanunsuz hərəkət etmədiklərini, tələbələri sadəcə, talelərinə biganə olmamağa və demokratiya naminə sivil mübarizəyə çağırıblar.
Fəallar axşam saatlarına qədər polis bölmələrində saxlandıqdan sonra sərbəst buraxılıblar.
ADP GT sədri Cəmil Hacıyev isə Binəqədi rayon məhkəmə icraçılarının vasitəsilə əlavə təzyiqlə üzləşib. Belə ki, məhkəmə icraçıları onu Binəqədi Məhkəmə İcra İdarəsinin rəisinin qəbuluna aparıblar. Orada sorğu-suala tutulan Hacıyevə rəis hədə-qorxu gəlib. Hacıyevin 500 manat cərimə borcunun olduğunu xatırladan rəis onu “dinc oturmamaqda, tələbələri inqilaba çağırmaqda” suçlayıb və 15 sutkalıq həbslə hədələyib. C.Hacıyev 500 manat cəriməni ödəmək imkanında olmadığını, bunun əvəzində 15 sutkalıq həbs cəzası çəkməyə hazır olduğunu deyib. Lakin, ADP GT sədrinə bildiriblər ki, 500 manat cəriməni haradan tapırsa, tapıb ödəsin.