Amerika səfirliyindən hakimiyyətə mühüm mesajlar

“Hansı ölkələr demokratik islahatlar keçirirsə, Amerikanın həmin ölkələrlə münasibətləri daha yaxın olur”

 

“Biz, yenə də hesab edirik ki, terror təhlükəsi mövcuddur. Bununla əlaqədar yerli strukturlarla əməkdaşlığımızı davam etdiririk. Biz yenə də Amerikanın Azərbaycandakı vətəndaşlarının diqqətinə çatdırırıq ki, diqqətli olsunlar, təhlükə yenə də mövcuddur. Həyəcan siqnalı yenə də qüvvədə qalır. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində bildirib.
O, son zamanlar Azərbaycanın rəsmi mediasında Amerika əleyhinə tənqidi məqalələrin dərc edilməsinə dövlət siyasəti kimi baxmır: “Bir-iki qəzetdə belə məqalələr dərc olunub. Amma  səfir Brayza prezident Əliyev tərəfindən çox yaxşı qarşılanıb və biz həmin məqalələri dövlətin siyasəti kimi qəbul etmirik”.
Mətbuat katibi Amerika-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən danışarkən bildirib ki, Amerika gələcəkdə Azərbaycanla əməkdaşlığını müxtəlif sahələrdə daha da gücləndirmək niyyətindədir: “Bura enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, iqtisadi və demokratiya sahədə islahatların aparılması daxildir”.
K.Bin iki dövlət arasında demokratiya və iqtisadi islahatlarla bağlı əməkdaşlığın gələcək perspektivləri ilə bağlı da danışıb. “Biz Azərbaycana yol göstərən deyilik. Bu, Azərbaycanın öz işidir. Azərbaycana onu deyə bilərik ki,  hansı ölkələr demokratik islahatlar keçirirsə, Amerikanın həmin ölkələrlə münasibətləri daha uzunmüddətli, daha geniş və daha yaxın olur. Bu sahədə Azərbaycanla bir tərəfdaş kimi əməkdaşlığımızı davam etdiririk. Onu da bilirik ki, demokratiya tez bir zamanda həll edilən məsələ deyil. Bu, uzunmüddətli bir prosesdir və bu sahədə Amerika Azərbaycanla əməkdaşlığını davam etdirəcək. Hansı ölkələrdə bütövlükdə insan haqlarına hörmətlə yanaşılırsa həmin ölkələrlə daha sıx əməkdaşlıq edirik”, – vurğulayıb.
O, dövlət katibinin müavininin Azərbaycana fevralın 24-də gələcəyini  deyib. Dövlət katibinin müavini James Steinberq səfər zamanı Azərbaycan tərəfi ilə qarşılıqlı münasibətlər geniş formatda müzakirə ediləcək və prezident Əliyevlə də görüş gözlənilir.
O, bir müddət əvvəl Birləşmiş Ştatların terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə maliyyə nazirinin müavini Stüart Levi Azərbaycanda və Türkiyədə səfərdə olduğunu da xatırladıb: “Cənab Levinin səfəri zamanı İranın beynəlxalq maliyyə qurumlarından istifadə etməklə Azərbaycana nə dərəcədə zərər vura biləcəyi məsələləri müzakirə edilib. Cənab Levi həmçinin Azərbaycan tərəfinə çatdırıb ki, İran tərəfi Azərbaycan maliyyə institutlarından istifadə edərək Azərbaycana təhlükə yarada bilər. İrana qarşı sanksiyalarla bağlı məsələlər də müzakirə olunub”.
Mətbuat katibi hesab edir ki, Azərbaycan maliyyə sistemi İran tərəfindən maliyyə institutlarına qanunsuz daxil olmaların olub-olmamasına nəzarət etməlidir.
K.Bin gənc bloger, Azərbaycan Xalq Cəbhəsinin üzvü Cabbar Savalanın həbsinə də münasibət bildirib. “Bizdə bu barədə tam ətraflı məlumat yoxdur. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycan rəsmilərinə müraciət edirik ki, qanun çərçivəsində lazımi addımlar atılsın”, – o qeyd edib.