
Siyavuş Novruzovun təklifi etirazla qarşılandı
Milli Məclisin dünənki iclasında ölkədə fahişəliyin leqallaşdırılması təklif olunub. “Insan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı YAP-ın deputatı Siyavuş Novruzov deyib: “Indi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Indi hamı milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləməyə başlayacaq. Ancaq fahişəliyin leqallaşması bir çox problemlərin qarşısını alacaq. Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”.
“İnsan alveri bəzi məmurların ən böyük gəlir mənbələrindən biridir”
Parlamentdə YAP funksionerinin irəli sürdüyü təklifə münasibət bildirən AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, insan alveri bu gün bəzi məmurlar üçün ən böyük gəlir mənbələrindən biridir: “Vaxtilə yol kənarlarındakı iaşə obyektlərinin ləğvi də bu sahədəki monopoliyanı təmin etmək üçün idi. Dövlət orqanlarında təmsil olunan insanların himayədarlığı ilə Azərbaycanda bu şəbəkə sürətlə inkişaf edir. Bu gün dünyaya qadın ixrac eləyən ən böyük şəbəkələrdən biri Azərbaycandadır. Azərbaycan hakimiyyəti heç zaman bu biznes şəbəkəsinə qarşı mübarizə aparmayıb. Bu sahənin leqallaşdırılması cəmiyyətdə birmənalı qarşılanmayacaq və bu, bizim milli xüsusiyyətlərimizə uyğun deyil”.
“Bu, hakimiyyətin mahiyyətindən irəli gəlir”
Müsavat başqanının müavini Gülağa Aslanlı deyir ki, səslənən təklif bəlkə də insan haqları baxımından düzgündü, amma Azərbaycan xalqının mentaliteti baxımından qəbulolunmazdır: “Siyavuş Novruzov və təmsil olunduğu hakimiyyət vicdan azadlığı, hicab azadlığı, söz azadlığının qarşısına daş qoyub insanların haqqını tapdayır, ancaq fahişəliyin leqallaşmasından danışırlar. Bu da onların mahiyyətindən irəli gəlir. Insan alveri ilə bu ölkədə adi adam məşğul ola bilməz, bu sahə də məmurların monopoliyasındadır”.
“Bu, ən böyük günahlardan biridir”
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Ilqar Ibrahimoğlu fahişəliyin leqallaşdırılmasının qətiyyən yolverilməz olduğunu bildirdi. Onun sözlərinə görə, bu, bütün ilahi dinlərdə ən böyük günahlardan sayılır: “Fahişəliyin leqallaşdırılmasını təsdiqləyən, bu işə dəstək olan, təklif edən hər kəs bu əmələ dəstək vermiş kimi Allah dərgahında Qiyamət günü cavab verəcək. Müsəlman olan hər bir kəs vəzifəsindən asılı olmayaraq, ilk növbədə özünün Allah dərgahında olmasının fərqinə varmalı, bir gün cavab verəcəyini düşünməlidir. Ümumiyyətlə, hansısa fəsadı legitimləşdirmək həmin toplumun mənəvi aşınmasına xidmət etmək deməkdir”.
İlham Hüseyn


