YAP-çı deputat əsgər ölümlərinə bəhanə tapıb

Mübariz Qurbanlı: «Səngərdə olan ordu ilə qışlaqda olan ordunun psixoloji durumu eyni deyil»

YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı “Amerikanın səsi”nə müsahibəsində bir sıra siyasi məsələlərlə yanaşı, Azərbaycan ordusunun vəziyyəti barədə də danışıb. O, Azərbaycan ordusunun 20 ildir səngərdə olduğunu söyləyib.
M.Qurbanlı səngərdə olan ordu ilə qışlaqda (kazarma) olan ordunun psixoloji durumunun eyni olmadığına diqqət çəkərək,ÿonu regionun ən güclü ordusu adlandırıb: “Istər təchizat, istər nizam-intizam, istərsə də nizamnaməyə əməl edilməsi baxımından ordumuz xeyli irəli gedib. O ki qaldı əsgər ölümü ilə bağlı keçirilən kütləvi aksiyalara, əsgər ölümünə kim ”hə” deyə bilər? Hamımız “yox” deyirik. Amma bunu cəmiyyətə çatdırmaq üçün qanunu pozmağa ehtiyac yoxdur”.
Hərbçi-psixoloq Azad Isazadə sözügedən məsələ barədə şərh verərək siyasətlə məşğul olan insanın hərbi psixologiya barədə birmənalı söz deməsinə ehtiyac olmadığını söyləyir. Ekspertin sözlərinə görə, döyüş hazırlığı, gündəlik hərbi qulluq və hərbi qulluqdan əvvəl hərbi-psixoloji hazırlıq məsələləri böyük bir elm və hərbi psixologiyanın tərkib hissələridir: “Bu gün ordu barədə çox şey danışıla bilər. Lakin orduda hərbi qulluqdan əvvəl və həmin müddətdə hərbi-psixoloji hazırlıq yoxdur. Eləcə də döyüş psixoloji hazırlığı yoxdur. Yəni, döyüş şəraiti ilə hərbi hazırlıq arasında fərq var. Orduda bu sahədə yetərincə problemlər olduğu halda, bu barədə birmənalı şəkildə danışmaq olmaz. Hərbi sahədəki psixoloji məqamlardan danışıb, sonradan özünü gülünc vəziyyətdə qoymaqdansa, susmaq yaxşıdır”.

Nigar