Əvvəla bütün dünyada, sonra Şərq aləmində, xüsusilə müsəlman dünyasında və ələlxüsus da şiə yaddaşında suyun xüsusi çəkisinin olduğunu hər kəs bilir. Kərbəla hadisələri üstündən min ildən çox zaman keçsə də, həmişə Zəmzəm suyu kimi diri və canlı qalır. Inancında ilahi səmimiyyəti olan istənilən şiə üçün insanları qiymətləndirməyin bəlkə də ən dəqiq tərəzisi də sudu.
Hətta Heydər Əliyevin də su haqda tarixi kəlamı var: “Su həyat mənbəyi olaraq qalır”.
Aprelin 15-də ölkə başçısı Hacıqabul rayonuna səfər eləyib. Daha doğrusu, səfər proqramının yekunları ilə maraqlananda, belə qənaətə gəlmək olur ki, dövlət başçısı rayona su vermək üçün gedibmiş. Ancaq bu su hələ verilməmişdən qabaq rayon əhalisinə çox baha başa gəlib. “Azadlıq” yazır ki, Əliyevin səfər proqramı başqa regionlara, elə Hacıqabula da buna qədər etdiyi səfərlərdən fərqlənməyib. Sadəcə, rayon əhalisinin həmin günü üzləşdiyi problem bir qədər fərqli olub. Yəni Ilham Əliyevin Hacıqabula səfəri başlamamışdan bir neçə saat əvvəl rayonda bütün yollar bağlanıb, orta məktəblərdən birində dərslər təxirə salınıb. Məktəbin aşağı siniflərində oxuyan uşaqlar məktəbə buraxılmayıb. Bütün küçələr, evlərin qarşısı polis nəzarətində olub. Ölkə başçısının keçmədiyi küçələr, dəmir yolu vağzalı belə ciddi nəzarətə alınıb. Hətta bəziləri evinə gedərkən polis maneəsi ilə üzləşib. Sözün qısası, əsil fövqəladə vəziyyət, elə əsil Kərbəla müsibəti. Əslində isə müsibət hələ qarşıda olub.
Yaxşı padşahların yerlərə səfərləri camaat üçün toy-bayram olub tarixən. Zurnalar çalınıb, qavallar döyülüb, qurbanlar kəsilib, yerində bişirilib, ac xalq da öz qismətinə düşəni yeyib, padşahın yeddi arxadönəninin əmvatı üçün… salavat çevirib.
Nə isə, keçək əsas məsələyə. Yəni həyat mənbəyinə. Əliyev rayona çəkilən yeni su xəttinin açılışında iştirak edib. Əslində isə artıq bir neçə ildir tikintisi davam edən su xəttinin açılışı olmayıb. Buna baxmayaraq, ölkə başçısı Hacıqabula etdiyi bütün səfərlərdə bu kəmərin “lentini kəsib”.
Bu dəfə də “Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak edən dövlət başçısı suyun verilməsini bildirən düyməni basıb”. Əslində isə nə su var, nə də kəmər işə düşüb. Heç su borularının çəkilməsi başa çatmayıb. Şəhərin bir çox küçəsində hələ indi bu istiqamətdə işlər aparılır. Buna görə də su və kanalizasiya xətlərinin artıq ikinci ildir gedən çəkilişləri ucbatından bu rayonun da küçələri bərbad günə qalıb, küçələrdə gediş-gəliş məhdudlaşdırılıb, qabaqlar çəkilmiş asfalt örtüyü tam olaraq sıradan çıxıb, yollar zığın-palçığın tozun içindədi.
Hə, dövlət başçısı lenti kəsib, düyməni basıb. Ancaq su yoxdu. Yəni həyat mənbəyi yoxdu. Var, ama yalandan. Məni bu yalanlar maraqlandırır. Bu yalançı lent və düymə ölkədəki durumu tam ifadə eləyir. Guya nəsə var, hətta lenti kəsilib, düyməsi basılıb, əslində isə, heç nə yoxdu – o suyu da daşıyacaq borular belə tam çəkilməyib. Yaxşı sən lenti kəsdin, şəkil çəkdirdin, rəsmi saytlar da bunu yazdı, verdi. Səni aldatdılar, sən də aldandığını bilə-bilə camaatı aldatdın, camaat da özünü inanmış kimi göstərdi. Bununla su hasil olmur ki! Bəs bu yalana görə arxandan camaatın nə danışacağını təsəvvür eləmirsənmi?
Kəsilən bu saysız-hesabsız qırmızı lentlər mənə həmişə qurbanlıq toğlunu xatırladır. Bütün ölkənin lenti o cür kəsilir. Hacıqabulda da kəsilən, suyun lenti deyil, özüdü. Bunlar suyun lentini kəsməyiblər, başını kəsiblər. Şiələrin suyunun başını kəsmək isə kifayət qədər qorxulu məsələdi.

Hacıqabulda qurbanlıq su
•
•