“Kür” fövqəlnazirin yalanını çıxartdı

Oqtay Gülalıyev: «Dövlət başçısı korrupsiyaya qarşı mübarizə aparmaq istəyirsə, əvvəl öz sağ-soluna baxsın»

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələ bölgəsində indiyə qədər görülən işlər barədə məlumat verib və bəzi rəqəmlər açıqlayıb.
Nazirin dediklərindən məlum olur ki, bu ilin aprelin 15-ə qədər Qax, Balakən və Zaqatalada 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Təhvil verilən evlərdən 292-i Qax, 203-cü Balakəndə, 2750-i Zaqataladadır. Hazırda 1847 qəzalı evin tikintisi davam etdirilir. K.Heydərov indiyə qədər əhaliyə 17 mln 734 min manat yardım paylandığını da deyib.
Nazirin açıqladığı rəqəmlər nə dərəcədə həqiqəti əks etdirir?
Fövqəladə Hallar Nazirliyinin mütəmadi olaraq rəqəmlər açıqladığını deyən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev fevral ayında nazirliyə sorğu göndərdiyini bildirdi. Sorğuya cavab veriləndən sonra isə həmin rayonlarda vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı ilə monitorinq keçirilib. Monitoriq nəticəsində rəsmi məlumatların həqiqəti əks etdirmədiyi ortaya çıxıb: “Araşdırmalar göstərib ki, fövqəladə hallar nazirinin təqdim etdiyi evlərin xeyli hissəsi ya tikilməyib, ya da hələ tikilməkdədir. Ən yaxşı halda qışı başa vurmaq üçün bir otaq hazırlanıb. Lakin həmin evlər şəraitsizdir və orada natəmizlik hökm sürür. Bu evlərin keyfiyyəti şübhə altına alınır”.
O.Gülalıyev zəlzələ bölgəsində işlərin ləng aparıldığını və prosesin çox uzandığını da qeyd etdi: “Demişdilər dekabrda evlər istifadəyə veriləcək. Ancaq hələ işlər gedir və nə vaxt sona çatacağı bəlli deyil”.
O.Gülalıyev zəlzələ bölgəsində xərclənən vəsaitlərlə bağlı rəsmi məlumatların da reallığı əks etdirmədiyini deyir: “Fövqəladə Hallar Nazirliyi sorğulara cavab olaraq deyirdi ki, zəlzələnin nəticələrinin aradan qaldırılmasına Prezidentin Ehtiyat Fondundan 20 mln manat ayrılıb. Ötən ilin avqust ayında dövlət büdcəsindən 300 mln manat ayrıldı. Sonra bəlli oldu ki, Nazir Kabinetinin sərəncamı ilə oktyabr ayında daha 100 mln manat ayırılıb. Ancaq bu pulun hara xərclənməsi ilə bağlı uzun müddət heç bir məlumat verilməyib. Bu yaxınlarda bizim hesabatlardan, sorğulardan sonra nazirlik məcbur qalıb bu rəqəmləri açıqladı. Məlum oldu ki, ümumilikdə 420 mln manat ayrılıb. Ancaq görülən işlər bu rəqəmlərə adekvat deyil”.
O.Gülalıyevin sözlərinə görə, rəsmi məlumatlarda göstərilən qəqəmlər tikilən evlərin olduqca baha başa gəldiyini göstərir: “Hesabatda deyilir ki, 2984 evin tikintisinə 252 mln manat vəsait xərclənib. Layihələndirmə və materialların alınması bura daxil deyil. Həmin məbləği evlərin sayına böləndə bir evin 84 min 400 manata başa gəldiyi məlum olur. Ümumilikdə tikilməsi nəzərdə tutulan 3500 evin sayına böləndə isə bir ev 71 min manata başa gəlir. Bir ev təxminən 100 min dollara tikilir. Bu qiymətə Bakıda, Avropanın paytaxt şəhərlərində ev almaq olar. Bu absurd rəqəmlərdir, dövlət büdcəsinin talanmasıdır. Bununla bağlı ciddi ölçü götürülməlidir. Dövlət başçısı korrupsiyaya qarşı mübarizə aparmaq istəyirsə, əvvəl öz sağ-soluna, Zaqatalada baş verənlərə baxsın və korrupsiyanın hansı səviyyədə olduğunu görsün”.

Fizzə