mehman aliyev

“Azərbaycanda inqilabi ovqat var”

mehman aliyev“Naxçıvan qruplaşmasında narahatçılıq var ki, Paşayevlər hakimiyyətə gələ bilər”

Mehman Əliyev: «Azərbaycanla bağlı məsələdə ABŞ-la Avropa Birliyinin mövqeləri üst-üstə düşür»

ABŞ dövlət katibinin müavini Tomas Melia Azərbaycana səfərində maraqlı fikirlər səsləndirib. O, birmənalı şəkildə bildirib ki, ABŞ Azərbaycanda demokratiyanı neftə qurban verməyəcək. Əslində bu fikir Azərbaycan ictimaiyyətində Qərbin demokratik dəyərləri enerji maraqlarına dəyişdiyinə dair formalaşan fikrə bir cavab sayıla bilər. “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizə Tomas Melianın bu fikrinə münasibət öyrənməklə başladıq.

– Əslində ABŞ heç zaman Azərbaycanda demokratiyanın müdafiəsini neftə dəyişməyib. Sadəcə olaraq ABŞ-ın Azərbaycanla öz strategiyası var. Bu da cəmiyyətin özünün yetkin olmasından asılıdır. Bir sıra xarici və daxili faktorlar da var ki, onlar nəzərə alınır və onlara uyğun olaraq hərəkət edilir. Bu baxımdan ABŞ hər zaman Azərbaycanda demokratiyanı prioritet kimi saxlayıb və onu heç zaman dəyişməyib. Melianın ABŞ-ın Azərbaycanda demokratiyanı dəstəklədiyinə dair fikirləri suala cavab olub və bir daha ABŞ rəsmisi vurğulayıb ki, ABŞ-ın demiokratiyanı enerji maraqlarına dəyişmək fikri yoxdur.

– Bir müddət sonra Avropa Birliyinin komissarı Ştefan Fülenin Bakıya səfəri reallaşacaq. Avropa Birliyi də Azərbaycandakı durumdan narahatlığını bildirib. Bu baxımdan təşkilatın Azərbaycanla münasibətlərindən gözləntiləriniz nədən ibarətdir?
– Avropa Birliyi özü ABŞ-ın dəstəklədiyi bir layihədir. Avropa Birliyinin hazırkı nüfuzlu duruma gətirilməsində Vaşinqtonun böyük rolu var. ABŞ-la Avropa Birliyi arasında münasibətlər onlara eyni mövqedən çıxış etməyə imkan verir. Bu baxımdan Avropa Birliyinin Azərbaycanla bağlı mövqeyi ABŞ ilə üst-üstə düşür. Ona görə Avropa Birliyinin rəsmilərinin də Bakıya səfərləri zamanı səsləndirdikləri mesajlar ABŞ ilə eyni olacaq. Avropa Birliyinin son bəyanatları da göstərir ki, ölkəmizlə bağlı prinsipial fərq yoxdur. ABŞ Azərbaycanın Avropa strukturlarında iştirakına tərəfdar olub və Azərbaycanı Avropanın bir hissəsi kimi görüb. Azərbaycan Avropa Şurasına daxil olub, bir sıra öhdəliklərə imza atıb, daha sonra Avropa Birliyi “Yaxın Qonşuluq Siyasəti” çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıq edib. Ona görə Avropa Birliyinin Azərbaycanla münasibətlərində götürülən öhdəliklərin yerinə yetirilməsi tələbi dayanır. Növbəti səfərlərdə də əsas müzakirə mövzusu götürülən öhdəliklərin yerinə yetirilməsindən ibarət olacaq.

Normal seçkilər hakimiyyətin sonudur

– Tomas Melia onu da vurğulayıb ki, görüşlərində prezidentliyə 3-cü dəfə namizədliyin irəli sürülməsi ilə bağlı məsələni müzakirə edə bilər. Azərbaycan Belarusdan sonra ikinci ölkə olacaq ki, burada dövlət başçısı ard-arda 3-cü dəfə namizədliyini irəli sürəcək. Dünyanın buna reaksiyası necə olacaq?
– Dünya bu məsələyə münasibətini kifayət qədər diplomatik dildə ifadə edir. Beynəlxalq təşkilatlar birmənalı şəkildə bəyan edirlər ki, Azərbaycanda seçkilər azad və demokratik keçirilməlidir. Xüsusi vurğulanır ki, Azərbaycan xalqına seçim hüququ verilməli və seçkidəki bütün tərəflərə bərabər imkanlar yaradılmalıdır. Bunlar əsas və vacib prinsiplərdir. Bu prinsiplər ona görə sadalanır ki, Azərbaycan hakimiyyəti azad və ədalətli seçkilərin keçirilməsindən qorxur. Hakimiyyət belə hesab edir ki, onlar seçkilər keçirsələr, qalib gələ bilməyəcəklər. Bu, hakimiyyətdə olan qorxudur. Bu qorxu olmasa, beynəlxalq qurumların tövsiyyələri qəbul olunardı.

– Əli Həsənov Ilham Əliyevin 3-cü dəfə namizədliyinin irəli sürülməsi ilə bağlı suala cavab verəndə bəyan etmişdi ki, hələ belə addımın atılmasının zamanı deyil. Eyni zamanda dövlət başçısı da “Əl-Cəzirə” telekanalına müsahibəsində bəyan edib ki, hələ namizədliyinin irəli sürülməsiylə bağlı qəti qərar verməyib. Bu tərəddüdün  görsənişidir, yoxsa?
– Düşünürəm ki, Ilham Əliyev seçkilərə qatılacaq. Hələ seçki kampaniyasının başlamasına vaxt var. Ona görə, görünür, gözləmə mövqeyi tutulub. Hakimiyyət vaxtaşırı nəzarətində olan təşkilatların vasitəsilə Ilham Əliyevin namizədliyinin irəli sürülməsini bəyan edib. Ictimai rəy bu istiqamətdə hazırlanır.

– Ümumiyyətlə, hakim komandadan fərqli namizəd irəli sürülərsə, bu, hakimiyyətdaxili münasibətlərə necə təsir edə bilər?

– YAP-dan hesab etmirəm ki, bir neçə namizəd irəli sürülsün. Hakimiyyət daxilində həqiqətən də qruplaşma problemi var. Naxçıvan qruplaşmasında narahatçılıq var ki, Paşayevlər hakimiyyətə gələ bilər. Amma bu narahatçılığın nədən qaynaqlandığını dəqiq söyləmək çətindir.

İnqilabi ovqat cəmiyyətdə üstündür

– Son zamanlar mətbuata qarşı da hücumlar artıb. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri iri məbləğdə cərimələniblər. Digər tərəfdən, hazırda hakimiyyət mətbuatla yanaşı cəmiyyətin bütün təbəqələrinin üzərinə hücuma keçib. Bu siyasətin perspektivin necə dəyərləndirirsiniz? Gözləntiləriniz nədən ibarətdir?
– Hakimiyyət həmişə seçki ilində ilk olaraq azad mətbuatı, daha sonra ictimai və siyasi təşkilatları təqiblərə məruz qoyub. Sadəcə olaraq bu dəfə təpkilər özünü daha güclü göstərib. Çünki hazırda cəmiyyətdə güclü narazılıq və aktivlik var. Son hadisələr göstərir ki, Azərbaycan cəmiyyətində də inqilabi ovqat var. Əgər bu prosesə müxalifət və başqa aparıcı qeyri-hökumət təşkilatları qoşulsa, hakimiyyət bu prosesin qarşısını ala bilməyəcəyini bilir. Ona görə hakimiyyət aparıcı qüvvələri neytrallaşdırmağa çalışır ki, seçki gününə qədər Azərbaycanda siyasi aktivlik artmasın. Hakimiyyət çalışır ki, seçki prosesi başlayan zaman vəziyyəti nəzarət altında saxlamaq mümkün olsun. Bu mənada hakimiyyət qabaqlayıcı addımlar atır ki, cəmiyyəti nəzarətdə saxlasın. Hakimiyyət bütün xüsusi xidmət orqanlarını prosesə qoşub. Hakimiyyət həm xarici, həm yerli vətəndaşların izlənməsiylə məşğuldur. Hətta Moskva Beynəlxalq Universitetinin Bakıda keçirilən tədbirində hər bir stolda bir nəfər xüsusi xidmət orqanının əməkdaşı oturulmuşdu ki, qonaqların nələrdən danışdıqlarını bilsinlər. Hakimiyyət bu dərəcədə narahatdır.

– Melianın son səfərindən sonra mətbuata qarşı təzyiqlər artdı. Budəfəki səfərdən nə gözləyirsiniz?
– Təzyiqlər hələ dəyişməz olaraq qalacaq. Çünki hakimiyyət maksimum dərəcədə çalışır ki, ölkədə aktivlik artmasın. Amma seçki prosesi başlayandan sonra bu cür təzyiqlərin davam etdirilməsi imkanları xeyli məhdudlaşdırılacaq. Qanun da buna imkan vermir, digər tərəfdən, beynəlxalq təpkilər də artacaq. Ona görə hakimiyyət siyasətinə yenidən baxmalı olacaq.

– Azərbaycan hakimiyyəti təkcə öz vətəndaşlarına qarşı deyil, beynəlxalq qurumları da hədəfə alıb. MDI və ATƏT-ə qarşı nümayiş etdirilən münasibət də bunu sübut edir. Demokratiya və beynəlxalq münasibətlər sahəsində amerikalı analitik Maykl Tkaçik mətbuata açıqlamasında bildirib ki, Azərbaycan hakimiyyətinin ATƏT və MDI-dən imtinası seçkilərin legitimliyini şübhə altına ala bilər. Bu açıqlamanı necə dəyərləndirmək olar?
– MDI və ABŞ tərəfi açıq şəkildə bəyan edib ki, bu məsələ Azərbaycanla alver predmeti olmayacaq. Onlar bildiriblər ki, bu məsələ, ümumiyyətlə, müzakirə predmeti ola bilməz. ATƏT-in fəaliyyətinin məhdudlaşdırılmasına gəlincə, bu qərar təşkilatda konsensus formasında qəbul olunmalıdır. Belə bir qərarına qəbulu isə mümkün deyil. Mən hələ qeyd etmirəm ki, aparıcı Avropa ölkələri, ABŞ bunun əleyhinədir. Ona görə hakimiyyətin təşəbbüsü ciddi məsələ deyil.

Baş verə biləcəklərə görə məsuliyyəti hakimiyyət daşıyır

– Bir müddət əvvəl “Turan” Informasiya Agentliyi Konqressdə yüksək post tutan şəxsə istinadən müsahibə dərc etmişdi. Müsahibədə vurğulanırdı ki, Azərbaycan yol ayrıcındadır. Bu açıqlamanın Tomas Melianın səfərindən əvvəl verilməsi də maraq doğurur. Bu səfərlər Azərbaycandan qəti mövqe nümayiş etdirilməsinin tələbi ola bilərmi?
– Seçki qanunvericiliyinin təkimilləşdirilməsi istiqamətində addımlar atılsa, hakimiyyət xalqı ilə dialoqa başlasa, o zaman Azərbayca evalyusiya yolu ilə seçkilərə getmək və xalqın iradəsini təmin etmək imkanları yaranır. Bu baş verməsə, deməli, Azərbaycan qarşıdurma yolu ilə gedəcək və seçki prosesi də gərgin, qarşıdurma şəraitində keçiriləcək. Bunun hansı nəticələrlə qurtaracağı bilinmir. Amma baş verənlərdə bütün məsuliyyət hakimiyyətin üzərinə düşür. Çünki dəyişikliklərə getməyən tərəf odur.

– Əvvəllər insan haqları və demokratiya uğrunda müxalifət düşərgəsi ilə inanclı kəsim ayrılıqda mübarizə aparırdılarsa, hazırda Islam Partiyasından birliklə bağlı bəyanatlar səsləndirilir. Onalar ölkədə demokratiyaya nail olmaq üçün birgə səylərin vacib olduğunu vurğulayırlar. Bu tendensiyanı necə qiymətləndirirsiniz?
– Bu həqiqətən də yeni tendensiyadır. 2013-cü ilin hadisələri bu baxımdan xeyli fərqlənir. Bu gün əsas namizəd olan şəxslər bir-birinə güzəştə getməyə hazırdırlar. Hamı kompromisli münasibətlərin qurulmasında maraqlıdır. Bu da siyasi qüvvələrin, cəmiyyətin biraraya gəlməsi və vahid siyasi qüvvəyə çevrilməsi deməkdir.

– İlham Əliyev Rusiya telekanllarından birinə müsahibəsində bildirib iki dövlət arasında heç bir problem yaşanmır. Amma hakimiyyət təmsilçiləri ABŞ-da olarkən bəyan etmişdilər ki, Rusiya və Irandan Azərbaycana qarşı ciddi təzyiqlər var. Belə olan halda reallıq nədən ibarətdir?
– Moskva Beynəlxalq Universitetinin Bakıda keçirilən toplantısından Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərgin olduğu hiss edildi. Çünki tədbirə yüksək vəzifə, iş adamlarının tədbirə qatılması gözlənilirdi. Amma bu baş vermədi. Rusiya tərəfdən səslənən təbrik də formal və heç nə deməyən ifadələrdən təşkil olunmuşdu. Elə bu tədbir göstərdi ki, Rusiya Azərbaycan arasında soyuq münasibətlər var və bu soyub ab-hava Rusiyadan gəlir.

Xəyal