Vəfa Quluzadə: «Belə vəziyyətdə münaqişənin həlli real görünür»
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar bir müddət səngisə də, yenidən gündəmə gəlməkdədir. Əgər son illərdə münaqişə tərəfləri arasında danışıqların təşkilində Rusiya fəallıq göstərirdisə, indi ABŞ və Türkiyə təşəbbüsü ələ ala bilər. ABŞ dövlət katibi Con Kerri də Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində çıxışı zamanı bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllinə kömək etmək üçün müzakirə aparır. Kerri Türkiyənin bu məsələlərdə konstruktiv bir oyunçu olacağını düşündüyünü də dilə gətirib.
Bu ərəfədə isə Türkiyəyə səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin də müzakirə predmeti olacağı gözlənilir.
Bütün bunlar nədən xəbər verir və ABŞ-la Türkiyənin bu istiqamətdə birgə fəaliyyəti nə ilə nəticələnə bilər?
Politoloq Vəfa Quluzadə Qarabağ münaqişəsinin həm Azərbaycana, həm də ABŞ-ın maraqlarına böyük təhlükə olduğunu deyir. Eyni zamanda 20 ildir dondurulmuş münaqişədən nə Rusiya, nə də Ermənistan bəhrələnə bilir. Bununla belə Rusiyanın müdaxiləsi olmadan münaqişənin yenidən alovlanması təhlükəsi qalır: “Ermənistan da, Azərbaycan da öz daxili problemlərini həll etmək üçün müharibəyə başlaya bilər. Ona görə də münaqişənin ABŞ-Rusiya-Türkiyə müstəvisində həllinin vaxtı çatıb. Azərbaycan Rusiyanın əlindən çıxıb və yenidən bura qayıtmaq perspektivi də yoxdur. Yəni Rusiya Qarabağ münaqişəsindən istifadə edib Azərbaycanı öz nəzarəti altına ala bilmir. Ona görə də atəşkəsin davam etməsində maraqlı deyil. Bu səbəbdən də sülhin bərqərar olmasına etiraz etməyə bilər”.
Ekspertin sözlərinə görə, Gürcüsatnın NATO-ya yaxınlaşmasından sonra Azərbaycan və Ermənistanın da bu yolla getməsi daha Rusiya üçün problem deyil. Çünki yeni şəraitdə Rusiya-ABŞ əlaqələri başqa müstəviyə keçə bilər. Artıq ABŞ Rusiya üçün təhlükə də deyil. Hətta Vaşinqton nüvə dövləti olan Rusiyada hərc-mərclik olmasın deyə mövcud hakimiyyəti dəstəkləyir. Belə bir şəraitdə Qarabağ münaqişəsinin həlli real görünür: “Cənubi Qafqazda əsas oyunçular ABŞ, Türkiyə və Rusiyadır. Türkiyənin dayağı NATO-dur. Rusiyaya isə regionu dağıtmaq lazım deyil. Əksinə, regiondakı layihələrdən dividendlər götürə bilər. Ona görə də belə vəziyyətdə münaqişənin həlli real görünür”.
Fizzə