“Taleyimizi özümüz müəyyənləşdirməliyik”

“Seçki kampaniyamızı “Ədalətli seçki və əxlaqlı hakimiyyət uğrunda islami hərəkat” adı altında aparacağıq”

Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov “Media forum” saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

– İrandan yenicə qayıtdığınız xəbəri yayılıb. Səfər nə ilə bağlı idi?

– Müalicə olunmağa getmişdim. Dərimdə yaralar əmələ gəlmişdi, Bakıda çarəsini tapa bilmədilər, İrana getməli oldum. Aprelin 5-dən 15-dək orada oldum.

– Tehranda?

– Qumda təhsil almışam, o şəhəri yaxşı tanıyıram, ona görə də oradakı xəstəxanalara üz tutdum. Analizlər üçün Tehrana da getdim. İndi müalicə alıram. Şükür Allaha, yaxşılaşmışam.

– Siyasi təmaslarınız oldumu İranda?

– Yox. İranda hər hansı bir siyasi görüş keçirmədim.

– Rəhbərlik etdiyiniz partiya prezident seçkisində iştirakla bağlı qərar qəbul edib. Seçki pul aparan işdir. Maliyyə məsələrini necə həll edəcəksiniz?

– Biz bu məsələdə də xalqın dəstəyinə arxalanırıq. Bütün islamçıların bu hərəkata qoşulacağına inanırıq.

– Dəfələrlə bəyan etmisiniz ki, İranın ali dini rəhbəri Seyid Əli Xamneyini lideriniz kimi qəbul edirsiniz. İranda Azərbaycan İslam Partiyasının prezident seçkisində iştirakı barədə nə düşünürlər?

– Bilmirəm. Bir vətəndaş kimi seçkidə iştirak etmək bizim haqqımızdır. Xaricdən heç kimin bu məsələyə müdaxilə etməyə haqqı yoxdur. Taleyimizi özümüz müəyyənləşdirməliyik.

Kampaniyamızı “Ədalətli seçki və əxlaqlı hakimiyyət uğrunda islami hərəkat” adı altında aparacağıq. Bu hərəkatın çoxminli olacağı şəksizdir. Azərbaycanda islamçıların sayı artır. Biz gecə-gündüz çalışırıq, təbliğ edirik ki, özünü müsəlman hesab edən hər kəs prezident seçkisində iştirak etsin, öz sözünü desin. 700 min səsə iddia edirik.

– Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun hüquqlarını müdafiə edən komitə yaradılıb. İslam Partiyası də orada iştirak edəcək. İslamçılara bu cür münasibət davam edərsə, prosesin inqilabi rəng alması mümkündürmü?

– “İnqilab” ərəb sözü olub, “dəyişiklik” deməkdir. Biz inqilabı sivil yolla nəzərdə tutmuşuq. Bu mənada seçkidə dəyişiklik özü də bir inqilabdır. Biz “Quran”a əsaslanırıq. Ona görə də kökündən tövbəni mümkün sayırıq. Əgər bu hakimiyyət tövbə edib köklü islahatlar aparmasa, bu cür hakimiyyəti istəməyəcəyik.

O ki qaldı Talehin və digər islamçıların həbsinə, bunlar ölkədəki ədalətsizlikdən xəbər verən hadisələrdir.

– Azərbaycanda islamçıların fəallaşmasının Qərbi qorxutduğu iddia olunur…

– Bizim mövqeyimiz şəffafdır. Qərbin tez-tez işlətdiyi radikal ayaması bizə aid deyil. Həmişə hakimiyyətin qarşısında tələblərimizi qoymuşuq, etirazımızı bildirmişik. Siyasi partiya olaraq ölkədəki proseslərdən kənarda qalmamışıq. Dəfələrlə bəyan etmişik ki, qeyri-qanuni heç bir addım atmayacağıq.

Qərbi qorxudan başqa şeydir. Narahat olur ki, islami hərəkat başlayıb hakimiyyəti qanuni yolla ələ alacaq və xalqın sərvətini talan olmasına göz yumulmayacaq. Biz bu məsələlərdə heç bir kompromisə getməyəcəyik. Qərb buna görə narahat olur.