Sumqayıtda 9-cu mərtəbədən özününü atdığı deyilən Seymurun ailəsi «Azadlıq»a danışdı
Portmanatı, nömrəsi yoxa çıxan Seymurun ölümüylə bağlı xeyli qaranlıq məqamlar var.
Daha bir intihar xəbəri Sumqayıtdan gəldi. 1981-ci il təvəllüdlü Seymur Nəriman oğlu Adilovun meyiti fevralın 20-də 13-cü mikrorayonda 3a saylı binanın qarşısında tapılıb. Rəsmi məlumatlarda Seymurun həmin binanın damından özünü atdığı bildirilir. Ixtisasca müəllim olan mərhum Seymur Adilov şəhərin internat məktəbində dərs deyirdi. Onun ölümünün səbəblərini öyrənmək məqsədilə dünən intiharın baş verdiyi iddia olunan binada olduq.
“Gödəkçəsinin qoltuq hissəsi cırılmışdı”
Binanın sakinlərilə söhbətdən məlum oldu ki, Seymur orada yaşamırmış: “Burada qohumu var. Onlara baş çəkməyə gəlibmiş. Binanın ”krışasına” çıxaraq özünə qəsd edib”.
Mərhumun meyiti tapılan yerdə üç-dörd dəstə qərənfil vardı. Binanın həyətində var-gəl edənlərdən Seymurun kimliyi, harada yaşadığı barədə məlumat almağa çalışdıq. Maraqlıdır ki, söhbətləşdiyimiz sakinlər müxtəlif ünvanlar söylədilər. Biri onun 12-ci mikrorayonda, digəri tamamilə başqa ərazidə yaşadığını bildirdi. Əvvəlcə, bizə nişan verilən 12-ci mikrorayona getdik. Ünvanı səhv salmamışdıq. Soraqlaşa-soraqlaşa yas yerini tapdıq. Məlum oldu ki, həmin binada hazırda Seymurun yas mərasimi keçirilsə də, ailəsi Corat bağları adlanan ərazidə yaşayır.
“Oğlumu döyüb öldürüblər!”
Mərhumun atası Nəriman Adilov deyir ki, oğlu dünyasını dəyişdiyi gün hadisədən bir qədər əvvəl kiminləsə telefonla söhbətləşib: “Kiməsə telefonda deyirdi ki, ”qaqa gəlirəm, narahat olma”. Əhvalı da yaxşı idi, deyib-gülürdü. Paltarını dəyişib evdən çıxdı”.
Mərhumun atasının sözlərinə görə, Seymur evdən çıxanda paltarı necə təmiz idisə, meyiti tapılanda da elə həmin formada olub: “9-cu mərtəbədən özünü atan adamın üst-başı yaman gündə olmalıdır. Ən azı, yağışlı havada paltarında palçıq olardı. Amma hər şey çiçək kimi idi. Yalnız gödəkçəsinin qoltuq hissəsi cırılmışdı. Aydın məsələdir ki, oğlum intihar etməyib. Sadəcə onu döyüb öldürüblər”.
N.Adilov deyir ki, Seymurun portmanatı da yoxa çıxıb: “Portmanatdan sənədləri götürülüb ki, meyiti görənlər onun kimliyini araşdıra bilməsinlər. Telefonu üstündə olsa da, nömrəsi yoxa çıxıb. Bu, artıq o deməkdir ki, Seymur öldürülüb”.
“Ölümü ört-basdır eləmək istəyirlər”
Qardaşı Teymur isə deyir ki, Seymurun meyitində onun intihar etdiyinə dəlalət edən heç bir əlamətə rast gəlməyiblər: “9-cu mərtəbədən yıxılan adam parça-parça olmalıydı. Mərhumda belə bir əlamət yox idi. Yalnız sifəti partlamışdı və boynunda cızıqlar vardı. Bu, necə intihar oldu? O hündürlükdən yerə düşən adamın təkcə sifəti partlayar?”
Seymurun müəllim və təmkinli insan olduğunu xatırladan, onun bir çoxlarına məsləhət verdiyini söyləyən Teymur qardaşının intihar etdiyinə qətiyyən inanmır: “Yolun kənarında dayanan iki taksinin ortasına meyit necə düşə bilər? Necə oldu ki, özünü damdan atanda maşınların üstünə yox, aralarına düşdü? Yalan deyirlər ki, damda ayaq izləri tapılıb. Bu yağışlı havada ayaq izləri qalar? Sadəcə, ölümü ört-basdır etmək istəyirlər”.
13-cü mikrorayonla heç bir əlaqələrinin olmadığını deyən Seymurun anası Səkinə xala da oğlunun intihar etməsilə bağlı yayılan məlumatları şayiə adlandırıb: “Bizim o ünvanda heç kimimiz yoxdur. Oğlumu döyərək öldürüb, həmin ünvana atıblar. Sifətindən başqa, bədənində heç bir iz yoxdur, mobil telefonu sınmayıb. Amma nömrə yoxdur, portmanatı yoxa çıxıb. Bütün bunlar göstərir ki, Seymur öldürülüb”.
Bir uşaq atası olan Seymurun ölümünün səbəblərilə bağlı müxtəlif versiyalar səsləndirilir. Ailə üzvlərisə birmənalı şəkildə bəyan edirlər ki, Seymur intihar etməyib, öldürülüb. “Hadisənin bizə yad bir ünvanda olması da göstərir ki, Seymur intihar etməyib. Əgər intihar etsəydi, bunu elə evdə edərdi. Müəllim, əlil və kimsəsiz uşaqlara dərs deyən bir insan necə özünü öldürə bilər?”, – deyə Səkinə xala oğlunun qatillərinin tapılmasını tələb edir.
***
Doğrudan da, Seymurun ölümü ilə bağlı bir xeyli müəmmalı məqamlar var. Onlardan biri də yaxınlarının qeyd etdiyi kimi, 9-cu mərtəbədən düşmüş bir insanın sifət nahiyəsindən başqa bədəninin heç bir yerində xəsarət izinin olmamasıdır. Həmçinin telefonu üstündə qala-qala, nömrəsinin yoxa çıxması, üstündəki sənədlərin it-bata düşməsi də müəyyən şübhələrə yol açır. Bütün bu qaranlıq məqamlara aydınlıq gətirmək isə hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir…
Ramin DEKO