Əliyev böyük güclərlə üz-üzə

Prezident seçkiləri yaxınlaşdıqca beynəlxalq aləm, Qərb strukturlarının Azərbaycana, ölkədə baş verən qanun pozuntularına diqqət artır. Insan haqları və demokratiya sahəsində baş verən neqativ hallarla bağlı bəyanatların sayının artması, ABŞ və Avropa rəsmilərinin səfərlərinin intensivləşməsi də bundan xəbər verir.
ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə müavini Tomas Melianın Bakıya səfərininÿardınca mayın əvvəlində Avropa Ittifaqının  Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle də Azərbaycana səfər edəcək. Hər iki səfər zamanı Azərbaycan hakimiyyətindən demokratik islahatların həyata keçirilməsi, seçki prosesinin şəffaf aparılmasının tələb ediləcəyini gözləmək olar. Lakin Ilham Əliyevin bu günlərdə keçirdiyi müşavirədə səsləndirdiyi bəyanat Qərbin iradlarına cavab kimi qiymətləndirilir. Ölkə başçısı “ölkənin idarə edilməsi ilə bağlı kənardan məsləhətlər lazım deyil. Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq” deməklə tənqidlərdən nəticə çıxarmadığını bir daha ortalığa qoydu. Lakin bu günlərdə ABŞ rəsmilərindən birinin Azərbaycanın yol ayrıcında olduğunu deməsi Azərbaycan hakimiyyəti qarşısında seçim tələbinin qoyulacağını deməyə əsas verir.

«Hakimiyyət daxili məsələlərə qarışmağa imkan vermək istəmir»

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın Ilham Əliyevdən demokratiya və insan haqları ilə bağlı addımların atılmasını, seçkilərin ədalətli və şəffaf keçirilməsini tələb edir. Lakin bununla yanaşı Vaşinqtonu təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq da maraqlandırır. Bu mənada ABŞ ortaq mövqe tutmağa çalışır.
Ekspert Azərbaycanın təhlükəsizlik və enerci məsələlərində ABŞ-ın istəklərini yerinə yetirdiyi, lakin demokratiya sahəsində iradlara əhəmiyyət vermədiyini də qeyd etdi: “ABŞ avtoritar rejimlərlə əməkdaşlıq etsə də, bilir ki, daxildə demokratiya olmayanda ölkədə qarışıqlıq, dağıntı baş verir. Bu da enerci maraqlarına zərbə vurur. Bu səbəbdən də hakimiyyətdən islahatları gücləndirməyi tələb edirlər. Başqa məsələdir ki, Azərbaycan hakimiyyəti bunu yerinə yetirəcək ya yox”.
Ekspertin sözlərinə görə, Ilham Əliyevin son bəyanatından bəlli olur ki, hakimiyyət təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək istəyir. Lakin daxili məsələlərə qarışmağa imkan vermək istəmir. Indi önəmli olan ABŞ rəsmilərinin bu mesaja necə cavab verməsidir.

«Ölkə çapında siyasi səhnəni hakimiyyət işğal edib»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin sözlərinə görə isə Azərbaycan Avropa strukturları ilə əməkdaşlıq etdiyini desə də, reallıq fərqlidir. Əslində iqtidarın seçdiyi yol, insan haqları və demokratiya sahəsində götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu əməkdaşlığın dekorasiya olduğunu göstərir. Son vaxtlar isə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblər artıb. Seçki yaxınlaşdıqca bu cür çağırışların daha çox olacağını gözləmək olar. Lakin hakimiyyət bu istiqamətdə yalnız bağlı qapılar arxasında müzakirələr aparmaq istəyindədir.
A.Məmmədli ölkə çapında siyasi səhnəni hakimiyyətin işğal etdiyini və yaranmış vəziyyətin aradan qalxması üçün beynəlxalq təşkilatların bundan sonra da səylər göstərəcəyini deyir.
Ekspertin sözlərinə görə, Azərbaycan xalqı Avropa dəyərlərinə üstünlük verdiyini ortaya qoyur. Hakimiyyətin bu faktla razılaşması və bu tendensiyada rol alması, üzərinə düşəcək öhdəliyi yerinə yetirməsi vacibdir.

Fizzə