Əliyev Azərbaycanda olmayan inkişafdan danışdı

Nemət Əliyev: «Dövlət başçısının iqtisadi inkişaf haqda söylədiyi fikirlər gerçəkliyi əks etdirmir»

Rövşən Ağayev: «Prezident «iqtisadi inkişafımızın analoqu yoxdur» deyəndə bu ölkədə insanların yaşadığı yaddan çıxmamalıdır»

Dövlət başçısı Ilham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, “bizim iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız dünya miqyasında ən sürətlidir”.
Əgər dövlət başçısının dediyi həqiqətə uyğundursa, bəs niyə 100-150 manat maaş alan həkim və ya müəllim, sağlamlığını vətənin müdafiəsi uğrunda itirmiş, dilənməklə dolanan Qarabağ əlili və s. vətəndaşlar isə “sürətli iqtisadi inkişafı” yaşayışında hiss etmir?
Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, Azərbaycan iqtisadiyyatı dünyada öyünüləsi iqtisadiyyat deyil. Fəxr olunası iqtisadi sistemin parametrləri var ki, burada da iqtisadiyyatın rəqabət qabiliyyətli, çoxşaxəli, etibarlı, səmərəli olması vacib faktorlardır: “Təəssüf ki, bunların heç birini Azərbaycanın iqtisadi sisteminə aid etmək mümkün deyil. Çünki Azərbaycan iqtisadiyyatı birtərəfli inkişaf edib, neftdən asılı vəziyyətdədir. Azərbaycanın dövlət büdcəsi də neftdən asılıdır. Ölkəmizin xarici bazarlarda mal çeşidləri baxımından mövqeləri yalnız neft, qaz mənşəlidir. Kənara çıxa bilmir. Rəqabət qabiliyyəti olmadığına görədir ki, xarici ölkələrdə istehsal olunan məhsullarla rəqabətə girə bilmir”.
Mütəxəssis onu da qeyd edib ki, ölkə daxilində iqtisadi sistem tam şəkildə monopoliyadadır: “Hətta deyərdim ki, kriminallaşmış iqtisadi sistem mövcuddur. Belə bir iqtisadi sistemdə fəaliyyət göstərib normal şəkildə pul qazanmaq imkanları da yoxdur. Bunu yalnız kriminallaşmış ünsürlər əldə edə bilir. Azərbaycan iqtisadi sistemini yalnız belə xarakterizə etmək mümkündür”.
2008-ci ildə neft bumu ilə əlaqədar sənaye istehsalındakı 40 faizlik artımdan bu gün əsər-əlamət olmadığını deyən Nemət Əliyevin sözlərinə görə, ölkənin emal sənayesi demək olar ki, dağılmış vəziyyətdədir: “Həmin o artım bu gün 0.1-1.1 faizlik artım templərilə müşahidə olunur. Sanki bir sönüklük var iqtisadiyyatımızda. Azərbaycan hökuməti neftin yaratdığı imkanlardan faydalanıb ölkədə normal iqtisadi sistem qura bilməyib. Bu baxımdan dövlət başçısının iqtisadi sistemlə bağlı söylədiyi fikirlər gerçəkliyi əks etdirmir”.

Digər iqtisadçı ekspert Rövşən Ağayev də Əliyevin söylədiklərinin reallığı əks etdirmədiyi qənaətindədir. Azərbaycan hakimiyyətinin iqtisadi rəqəmlərdən, iqtisadi situasiyadan siyasi təbliğat üçün gen-bol istifadə etdiyini deyən ekspertin sözlərinə görə, “iqtisadi inkişafımızın analoqu yoxdur” fikrini işlədəndə nəzərə almaq lazımdır ki, vətəndaşlar öz həyatlarında real sosial-iqtisadi vəziyyəti hiss edirlər. Onları aldatmaq mümkün deyil: “Prezidentə elə səviyyədə təhlillər, məlumatlar çatdırmalıdılar ki, ən azı, prezident ”iqtisadi inkişafımızın analoqu yoxdur” deyəndə bu ölkədə insanların yaşadığı, müstəqil təhlilçilərin olduğu yaddan çıxmamalıdır. Azərbaycan hökumətinin bir kriteriyası var: ölkəyə böyük neft pulları gəlir. Son 6-7 ildə neft pulları ölkəyə nəhəng bir məcrada daxil olub, Ümumi Daxili Məhsulun artımını kifayət qədər stimullaşdırıb. Qeyri-neft sektoru 9 faiz artıb. Bunu inkişaf göstəricisi kimi təqdim edirlər. Artım göstəricisi isə heç də həmişə inkişaf göstəricisi deyil. Prezidentin çıxışında ən çox vurğulananlardan biri qeyri-neft sektorudur. Qeyri-neft sektoru inkişaf edirsə, kəmiyyətcə artır. Axı bunun keyfiyyət göstəricisi də olmalıdır. Azərbaycanın hər il idxaldan asılılığı artır. 2011-ci illə müqayisədə 2012-ci ildə xaricdən 200 min ton artıq buğda gətirmişik. Kənd təsərrüfatı inkişaf edirsə, niyə idxaldan asılılığımız artır? Hanı Azərbaycanın rəqabət qabiliyyətli 2-3 adda məhsulu ki, hökumət də desin ki, bizim son 20 ildəki fəaliyyətimizin nəticəsi olaraq, dünyada neftdən başqa bir brend yaratmışıq – Azərbaycan brendidir. Yoxdur…”
Rövşən Ağayev onu da əlavə edib ki, vəziyyəti əks etdirən keyfiyyət göstəriciləri yoxdursa, təkcə artım rəqəmləri siyasi təbliğat vasitəsindən başqa bir şey deyil.

Bəyim Həsənli