Əliyev Çexiyanın nazirindən deputatına niyə şikayət etdi?

Şvarsenberqin Azərbaycanla bağlı “ölkəni əzən ailə diktaturası” sözləri görünür, Bakıda unudulmayıbmış  

Ölkə başçısı İlham Əliyev aprelin 17-də Çexiyanın Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş barədə yayılan məlumatlardan görünür ki, İ.Əliyev “iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən qarşılıqlı səfərlərin və görüşlərin önəmindən”, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün “yaxşı imkanların” olmasından danışmaqla yanaşı, qonağa bir gileyini də çatdırıb. Belə ki, ölkə başçısı Çexiyanın xarici işlər naziri Karel Şvarsenberqin öz çıxışları ilə iki ölkə arasındakı əməkdaşlığa xələl gətirdiyini deyib. İ.Əliyev K.Şvarsenberqin “Azərbaycan və Xocalı soyqırımı ilə bağlı həqiqəti əks etdirməyən və heç bir əsası olmayan, qərəzli bəyanatlar” verdiyini bildirib və bunu “Çexiya-Azərbaycan əlaqələrinin genişləndirilməsinə mane olan addım” adlandırıb. O, Çexiya rəhbərliyinin “ikitərəfli əlaqələrin inkişafına xələl gətirən bu cür hallara” münasibət bildirəcəyinə ümidvar olduğunu söyləyib.
Qonaq isə ölkələr arasında əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində genişləndirməyin əhəmiyyətini qeyd edib və bildirib ki, Çexiya Deputatlar Palatası xarici əlaqələr komitəsi Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar “müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, kütləvi qırğın və soyqırımı qətiyyətlə pisləyən” qətnamə qəbul edib.

***

Xatırladaq ki, Karel Şvarsenberq bu il martın 4-də Praqada azərbaycanlı hüquqşunas, vəkil və insan haqları müdafiəcisi İntiqam Əliyevə “People in Need” insan haqları təşkilatının verdiyi “Homo Homini” adlı mükafatın təqdimetmə mərasimində çıxışı zamanı rəsmi Bakının ünvanına bəzi tənqidlər səsləndirmişdi.
“Əminəm ki, möhtərəm qonaqlarımızın seçimində yanılmamışıq. İstər Kubadan olan gözəl bloqqer olsun, istərsə də bu ilki mükafatın sahibi (İntiqam Əliyev – red.).
Mən onların qarşısında baş əymək istəyirəm. Çünki diktatura şəraitində hüquqşünas olub insan haqları uğrunda mücadilə etməyin nə demək olduğunu yaxşı bilirəm…
Uzun illərin təcrübəsi sayəsində deyə bilərəm ki, əgər hansısa ölkədə neft və qaz varsa, beynəlxalq görüşlərdə, təşkilatlarda və s. yerlərdə gündəmdəki insan haqları məfhumu təhlükəsizlik anlayışı ilə əvəzlənir. Biz başımızı quma salanda, sabitlik təsəvvürü yaranır. O cümlədən Azərbaycan. Heç kəs orada insan haqlarını cəmiyyəti irəli aparacaq bir motor, məxsusi bir hərəkətverici qüvvə kimi görmür. Biz yalnız insan haqlarının müdafiəsinə qalxanda dünyanı irəli apara bilərik. Özü də təkcə öz ölkəmizdə yox, həm də Azərbaycanda, Latın Amerikasında, Cənub-şərqi Asiyada, ərəb ölkələrində, ümumiyyətlə bunun vacib olduğu hər yerdə. Əgər biz dəvəquşu kimi gözümüzü yumsaq, heç vaxt irəli gedə bilmərik…
Bu mükafatı təqdim etməkdən ona görə çox məmnunam ki, bu mükafatı siyasətçilərin mənim az öncə xatırlatdığım səbəbdən gözlərini yummağa üstünlük verdiyi, insan haqlarının pozulması və uzun müddətdən bəri kök atmış, ölkəni əzən ailə diktaturasının mövcudluğu faktı haqda danışmaq istəmədiyi ölkədən gəlmiş insana (İntiqam Əliyevə – red.) veririk…”, – deyə Şvarsenberq bildirmişdi.
Çexiyalı nazir fikirlərini həmin tədbirdə iştirak edən yüzlərlə yerli və xarici qonaq, insan haqları müdafiəçiləri qarşısında edib. Buna görə də onun dediklərini təhrif etmək sadəcə, mümkünsüzdür. Lakin göründüyü kimi, ölkə başçısı İlham Əliyev çexiyalı nazirin ümumən Azərbaycan əleyhinə və xüsusən də Xocalı ilə bağlı “həqiqəti əks etdirməyən, qərəzli” bəyanatlar verdiyini bildirib. Ola bilsin ölkə başçısı öz narazılığının gerçək səbəbini pərdələmək üçün çexiya rəsmisinin bilavasitə hakimiyyəti qıcıqlandıran fikirlərinə bu cür ictimai rəyi manupilyasiya ilə etiraz etməyi məqsədə uyğun sayıb.

İnformasiya şöbəsi