İlham Əliyevdən Qərbə növbəti mesaj

«Hakim ailənin qanunsuz biznes fəaliyyətinin ifşa olunması hakimiyyəti gərgin əsəbi vəziyyətə salıb»

“Ölkənin idarə edilməsi ilə bağlı kənardan məsləhətlər lazım deyil. Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq”. Bunu prezident Ilham Əliyev hökumətin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Ölkə başçısı bunun dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsip olduğunu da deyib: “Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət var”(“Turan”).
Heç şübhəsiz ki, I.Əliyevin bu bəyanatı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı Qərbin Azərbaycanın kəskin tənqid etməsi fonunda səslənib. Son günlər belə tənqidlər bir qədər də intensivləşib. Son olaraq da Dövlət Departamenti ABŞ-ın Azərbaycandakı səfirinin çıxışını dəstəklədiyini bəyan edib. Həmin çıxışda ABŞ səfiri Azərbaycan hökumətini öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmağa çağırmışdı.
I.Əliyev həmin iclasda başqa bir maraqlı açıqlama ilə də çıxış edib. Prezident bildirib ki, Azərbaycan hakimiyyətinin xarici siyasətlə bağlı prinsipial mövqeyi var və bu mövqe bütün istiqamətlər üzrə öz müsbət nəticələrini verir.
Siyasi şərhçi Rahim Hacıyev isə Ilham Əliyevin bu mövqeyinin tamamilə əsassız olduğunu deyir: “Azərbaycan hakimiyyəti çoxlu sayda beynəlxalq konvensiyaları qəbul edib, ATƏT-in, Avropa Şurasının üzvüdür. Helsinki yekun aktını imzalamış dövlətlərdən biridir. Bütün bu sənədlərlə Azərbaycan hakimiyyəti üzərinə vətəndaşların hüquq və azadlıqlarını təmin etmək öhdəliyi götürüb. Heç kim Azərbaycan hakimiyyətindən tutalım, nefti dünya bazar qiymətindən xeyli aşağı satmağı tələb etmir. Azərbaycan hakimiyyətindən başlıca tələb üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmaqdır. Hakimiyyəti narahat edən başlıca məsələ beynəlxalq aləmin Azərbaycanda baş alıb gedən repressiyalara son qoyulması ilə bağlı tələbləridir. Belə tələblərin sərtləşməsi, hakim ailənin qanunsuz biznes fəaliyyəti ilə bağlı faktların bütün dünya boyu geniş şəkildə yayılması Ilham Əliyev və onun komandası üçün gərgin əsəbi vəziyyət yaradıb. Nəticədə də belə əsassız və Azərbaycanı ağır beynəlxalq təcrid vəziyyətinə sala biləcək bəyanatlar verilir”.
I.Əliyevin Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasət iddialarına gəlincə, R.Hacıyev bunun da absurd olduğunu bildirir: “Rəsmi təbliğatın başlıca tezislərindən biri nəyin baş verib-verməməsindən asılı olmayaraq ictimaiyyətə hər şeyin yaxşı olması fikrini təlqin etməkdir. Xarici siyasətdə uğurlar olsaydı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-da yalvarış tonunda çıxışlar etməz, Iran Azərbaycana qarşı ərazi iddiaları irəli sürməz, Azərbaycan-Qərb münasibətləri, eləcə də Azərbaycan-Rusiya münasibətləri dərin böhran mərhələsinə gəlib çıxmazdı. Hakimiyyətin nəzarətində olan KIV-lərdə anti-Qərb, anti-Rusiya, anti-Iran kampaniyalarının aparılması hakimiyyətin Azərbaycanı beynəlxalq münasibətlər sisteminin əsas güc mərkəzləri ilə ciddi böhran içərisində olmasının bariz nümunəsidir. Fevral ayında Səməd Seyidov ABŞ-da Rusiyanın Azərbaycana olan ciddi təzyiqlərindən danışır, aprel ayında isə dövlət başçısı Azərbaycanla Rusiyanın strateji müttəfiq olması bəyanatını verir. Strateji olmayan müttəfiqə strateji müttəfiqdən ittiham dolu şikayət ola bilərmi?”.