Hakimiyyət Rusiya ilə dostdur, yoxsa düşmən?

«Rusiya əleyhinə kampaniya Qərbə hesablanmış oyun idi»

Azərbaycan hakimiyyətinin təkcə Qərbə deyil, eyni zamanda Rusiyaya yönəlik siyasətində də ikitirəlik var. Uzun müddətdir şimal qonşumuzun əleyhinə kampaniya aparan, Vaşinqtonda “Rusiya və Iran bizi sendviç kimi əzir” bəyanatları verən hakimiyyət indi də, rəsmi Moskva ilə dostluqdan, strateji müttəfiqlikdən danışır. Ölkə başçısı “Rusiya 24″ kanalına müsahibəsində ”Bizi heç kim Rusiya əleyhinə qərar verməyə məcbur edə bilməz”, “Rusiya bizim strateji müttəfiqimizdir”, “Rusiya ilə əlaqələr sağlam və möhkəm təməllər üzərində qurulub”, “Rusiyada hazırda həm fiziki, həm də mənəvi baxımdan köhnələn Qəbələ RLS-dən daha müasir müşahidə stansiyası mövcuddur” kimi, maraqlı bəyanatlar səsləndirib. Belə olan halda haqlı olaraq sual yaranır – bu vaxta qədər Rusiya əleyhinə aparılan anti-təbliğatın mənası nə idi?
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin fikrincə, bütün bunlar Qərbə hesablanmış oyun idi: “Bəs deyirdililər, Rusiya sərhədə qoşun yığır, Azərbaycan hakimiyyətini əzir, devirmək istəyir? Bunların hamısı, eləcə də ”Milyarderlər Ittifaqı şousu” çox bəsit, əsasən Qərbə hesablanmış oyun idi. Azərbaycan hakimiyyətinin mahiyyəti, idarəetmə forması Rusiya ilə heç bir təzad təşkil etmir. Qərblə dəyərlər məsələsində kəsişməyən nöqtələr var. Rusiya ilə isə belə bir problem yoxdur. Rusiya üçün də Azərbaycanda indiki hakimiyyətdən yaxın qüvvə yoxdur. Bu hakimiyyətin yerinə kim də gəlsə, Rusiya ilə bunlar qədər yaxın olmayacaq. Analitiklərin əsas arqumentlərindən biri Qəbələ RLS-lə bağlı idi. Mənsə əvvəldən də demişdim ki, Armavirdə tikilən stansiyadan sonra Qəbələ RLS öz əhəmiyyətini itirib. Azərbaycan prezidenti Rusiya kanalına verdiyi müsahibədə də məhz bu versiyanı səsləndirdi. Bu oyunun əsas məqsədi o idi ki, Azərbaycan hakimiyyəti Rusiya faktorundan istifadə edərək Qərblə danışıqlarda güzəşt qazansın. Obrazlı desək, Qərbə deyirdilər ki, Rusiya bizi sıxır, heç olmasa siz sıxmayın. Amma son dövrlər oyunun çox bəsit olduğu üzə çıxdığından hakimiyyət bunun davamında maraqlı olmadı”.  
N.Cəfərlinin sözlərinə görə, Rusiya hakimiyyəti Azərbaycanda hər an dəyişikliyin baş verə biləcəyinin fərqindədir. Və dəyişiklik olacağı təqdirdə o da oyunda olmaq istəyir: “Ona görə də Rusiya müəyyən addımlar atırdı. Amma bu o demək deyil ki, bu addımlar Ilham Əliyev hakimiyyətini devirmək üçün atılıb. Sadəcə Azərbaycanda dəyişikliklər baş versə, Rusiya bu oyundan kənarda qalmaq istəməyəcək. Bu da Rusiya kimi imperiya təfəkkürlü dövlət üçün normal yanaşmadır”.