“Sözümü geri götürməyəcəm”

«Niyə üzr istəməliyəm, Səməd Vurğun Rəsulzadədən böyük şəxsiyyətdir?»

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin bir qrup nümayəndəsi ADP sədri Sərdar Cəlaloğlunun Azərbaycan şairi Səməd Vurğun barədə söylədiyi tənqidi fikirlərə cavab olaraq bəyanat yayıb. Bəyanatda Səməd Vurğuna qarşı işlədilən təhqiramiz ifadədən (“dılğır” ifadəsi-red.) narahat olduqlarını bildirən ziyalılar Məhəmməd Əmin Rəsulzadənin Səməd Vurğun haqqında xoş fikirdə olmasını partiya sədrinin nəzərinə çatdırıblar.
“Modern.az” isə Rəsulzadənin Səməd Vurğun barədə nə dediyini araşdırıb. Məlumata görə, Rəsulzadə Səməd Vurğun haqqında özünün 1950-ci ildə Ankarada mühacirətdə yaşayarkən yazdığı “Çağdaş Azərbaycan ədəbiyyatı” adlı əsərində danışıb: “Tərcümə əsərlərindən başqa oricinal əsərlər də yazılmışdır: bunlar arasında yuxarıda haqqında danışdığımız Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında bir də ”Vaqif” adlı mənzum dram yazmışdır. “Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə, Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır”.
“Azadlıq”a açıqlamasında Yazıçılar Birliyinin Qazax bölməsinin bəyanatına münasibət bildirən S.Cəlaloğlu orada deyilənlərin tam əsassız olduğunu deyib: “Yazıçılar Birliyi kiçik bir əsərinə görə Əkrəm Əylislini xalq düşməni elədi, amma mart soyqırımını Azərbaycan xalqının azadlıq hərəkatı kimi təqdim edən Səməd Vurğunu müdafiə edir. Xeyir ola, bu ikili münasibət nədən doğur? Onların bəyanatının bir qəpiklik əhəmiyyəti yoxdur”.
S.Cəlaloğlu deyir ki, onlar sovet dönəmində Azərbaycan xalqına qarşı xəyanət etmiş yazıçı və şairlərin adından nə vaxt üzr istəsələr, o da, məlum ifadəyə görə üzrxahlıq edəcək: “Vaqif” dramına, “26-lar” poemasına, “Rəhbərə salam” şeirinə, Azərbaycan tarixini təhrif etdiklərinə, həmçinin qırğınlara, Azərbaycan elm və mədəniyyətinin öncül simalarının məhv edilməsinə haqq qazandırdıqlarına görə nə vaxt xalqdan üzr istəsələr, mən də o “dılğır” sözünə görə üzr istəyəcəm. Amma Səməd Vurğunun Azərbaycan xalqına xəyanət etdiyi ilə bağlı sözümü heç vaxt geri götürməyəcəm. 31 martın bütün dünyada soyqırım kimi tanınmasını istəyirik. Amma Azərbaycanın “xalq şairi” bu soyqırımı azadlıq hərəkatı kimi təqdim edir. Həmin soyqırımın qarşısını almaq istəyən Azərbaycan ziyalılılarını, o cümlədən Demokratik Cümhuriyyətin banisini “şarlatan” “vətən xaini” adlandırır. Mən niyə üzr istəməliyəm, Səməd Vurğun Rəsulzadədən böyük şəxsiyyətdir? O, Rəsulzadəyə “şarlatan” “vətən xaini”, “şəxsiyyətsiz” deyə bilər, mən ona “dılğır” deyə bilmərəm?”.