Köhnə hamamda uşaq ölümü

Gec də olsa yarımqapalı qalmış müşavirə barədə, yəni ötən bazar Ilham Əliyevin nazirlərlə keçirdiyi 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas haqda bir qədər geniş məlumat verildi. Ilham Əliyevin və bəzi nazirlərin nitqini oxuya bildik – təbii ki, əgər onlar tam verilibsə. Əslində, biz orada deyilənlərin təxminən eyni olmasına öyrəşmişik. Nitqlərə baxdım, elə bil dünyada heç nə dəyişməyib, zaman da yerindəcə qalıb. Hətta müşavirə sanki ötən ilkidir, elə bil AzTV köhnəsini təkrar efirə verirmiş.
Yenə həmin pafos, həmin məzmun, həmin rəqəmlərdir. Inkişaf belə getdi, uğurlar belə gəldi. Yoxsulluğun səviyyəsinin 50 faizdən 6 faizə endirilməsi fikri bu dəfə də səsləndirilib. Ötən ilin birinci rübünə aid toplantıda da bu fikir səsləndirilmişdi. Elə digər rüblərə aid iclaslarda da. Heç Avropa ölkələri bu yüksək göstəriciyə iddia etmir, amma Ilham Əliyev onu təkrarlamaqdan yorulmur.
Hətta bu dəfə də xalqın iqtidarla sarsılmaz birliyindən danışılıb. Ilham Əliyev deyib: “Xalqla iqtidar arasında birlik, vəhdət vardır”. Elə təsəvvür edin ki, Qubada icra başçısının evini yandıran özgə ölkənin xalqı imiş. Ilham Əliyevin özünün bir az öncə məmurların və onların övladlarının qudurmasından danışması isə bizim iqtidara aid deyilmiş. Yəqin Almaniya məmurlarıdır quduranlar.
Bir sözlə, heç nə dəyişməyib, eyni təfəkkür, eyni yanaşma, eyni nağıllar. Elə bil, nə ərəb ölkələrində inqilab olub, nə Qubada və Ismayıllıda xalq başçının mülkünü yandırıb. Sanki heç internet dövrü də deyil, ofşor zonalardakı gizlinlər də açılmayıb. Xalqın deyimində olduğu kimi, köhnə hamam, köhnə tas.
Müşavirənin ümumi ruhuna baxanda Azərbaycanın dünyada xoşbəxtlik vadisi olduğunu düşünürsən, ölkədəki reallığı təsəvvür edəndə isə Balzakın vaxtilə Parisdəki vəziyyəti təsvir etdiyi sözlər yada düşür: “Burada sevinclər yalan, dərdlər isə həqiqidir”.
Indi isə həqiqi olan bir məsələyə qayıdaq…
Dünən tanınmış köşə yazarı Zamin Hacı öz yazısında elə məsələlərə toxunub ki, sadəcə, onu təkrarlamaya bilmirəm. Ölkədəki vəziyyətə və uşaqlarla bağlı duruma toxunan həmkarım yazır:
“Rəsmi statistikaya əsasən, Azərbaycanda 3 milyon uşaq var. Hər 5 uşaqdan 4-ü ali təhsil müəssisələrinə qəbul imtahanlarında 300-dən aşağı bal toplayır. Hər 4 uşaqdan 1-i qısaboyludur. Hər 5 uşaqdan 2-si anemiyadan – qan azlığından əziyyət çəkir. Qısaboyluluq və anemiya isə uşaqlarda əqli inkişafa və xəstəliklərə fiziki davamlılığa təsir edən ciddi faktorlardır. Azərbaycanda hərÿil 400 uşağın qanunlarla bağlı problemləri üzə çıxır. 50 yaşadək qadınların üçdə biri yetkinlik yaşına çatmamış ailə qurmağa məcbur edilib. Əlilliyi olan hər 4 uşaqdan yalnız 1-i təhsil alır.
Ancaq bunlar da hamısı deyil. Indi ən dəhşətli faktı yazıram: Azərbaycanda hər iki saatdan bir 1 uşaq ölür! Belə bir ölkədə uşaqlara qayğıdan danışmaq üçün fövqəladə abırsız olmaq lazımdır”.
Zamin bəy ölkəmizdə hər 2 saat ərzində 1 uşağın öldüyünü yazarkən, bizim səhiyyə naziri Oqtay Şirəliyev yuxarıda söhbət açdığımız müşavirədə uşaq və ana ölümləri ilə vəziyyətin yaxşılaşdığını bəyan edirdi. Yenə də böyük Balzakın sözünü xatırlayaq: “Burada sevinclər yalan, dərdlər isə həqiqidir”.