Böyüklər böyüyü Xudu Məmmədov deyirdi: “Uşaqlara Vətəni sevməyi öyrətmək gərək deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Necə də gözəl deyib! Necə də aktual səslənir! Televiziyalarından, qəzetlərindən bilindiyi kimi, Əliyevlər Azərbaycanı 20 ildir (düzünə qalsa, 40 ildən artıqdır) bütün dünyaya tanıdırlar. Ancaq nə biz Ölkəmizi sevə bilirik, nə dünya bizim ölkəmizi sevə bilir. Ölkəmiz bir belə var-yatırla Afrikanın ən geridə qalmış ölkələrilə yanaşı addımlayır. Bunun niyəsi çoxdan bizə bəlli idi, indi bütün dünyaya bəlli oldu. Son 32 trilyonluq qlobal OĞURLUQ açıqlamasında Yer üzünün bir çox oğru milyarderlərinin adı ilə yanaşı bir dövlət başçısının adı çəkilir – “Azərbaycan prezidenti” Ilham Əliyevin. Başında belə bir “prezidentin” durduğu ölkəni necə sevmək olar?
Demokratiya kimi demoqrafiya da son 20 ildə bizdə varolmadan yoxolmaya doğru əliyevçi yüksəliş yolu keçib. Qabaqlar tək-tək olurdu, indi bizdə bir gündə iki qadın doğuş üstündə ölür. Hamı uğurlu doğuş üçün arvadını xaricə çatdıra bilmir – uçaq reysi seyrəkdir! Nə etməli? Uçaq reyslərinin sayını artırıb, Ölkədən daha çox… pul çıxarmalı. Yoxsa… Azərbaycanı yıxan, dağıdan, yaman günə qoyan puldur. Prezidentdən tutmuş müəllimədək hamı keçənilkindən, keçənaykından, dünənkindən, bayaqkından daha çox pul əldə etməyə qurşanıb… Vətən yaddan çıxıb!
Hakimiyətə qayıdışının ilk günlərindəcə ata-general Əliyev parlament tribunasından bütün ölkəyə, bütün düyaya bildirdi: “Bizim xalqımız vuruşmağı bacarmır”. Bu, Xalqa, Vətənə öldürücü general zərbəsi idi! Bu, Xalqı, Vətəni ölümcül duruma gətirmək mesajı idi. Ölkənin o başından bu başına bütün başlıca döyüş bölgələrində dönə-dönə olmuşdum, bizimkilərin necə qorxmaz olduqlarını, döyüşçü üstünlüklərini dönə-dönə görmüşdüm. Qarabağdakı döyüş bölgələrində olmuş türkiyəli zabitlər bizim döyüşçülərin necə qorxmaz, necə dözümlü olduqlarından sevinərək danışır, onların Türkiyə əsgərlərindən üstün olduqlarını deyirdilər. Ancaq general-prezident işə onları aşağılamaqdan başladı: ona güclü əsgər – güclü ordu deyil, böyük gəlir qaynaqları ilə dolu ölüvay bir ölkə gərək idi – buna görə!
Indi oğul Əliyev yüksək tribundan bildirir: “Əsrlər boyu Azərbaycan digər imperiyaların tərkibində olub”. Yalandır! Ola bilsin, yenidən, hakimiyəti itirmək qorxusu qarşısında, Rusiyaya sığınmağa yönəlik bir yalan! Torpağımızı tutub erməniyə verən, üstəlik, ona milyardlarla dollar dəyərində yaraq ötürən bir dövləti “strateji ortaq” adlandırmağın özü də bir mesajdır…
***
Mən o Vətəni sevmirəm. Sevə bilmərəm – o mənim Vətənim olmadığına görə! Əliyevlərin yaratdığı, tanıtdığı rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun, təkəlçiliyin DÖVLƏT siyasətinə çevrildiyi, DEMOKRATIK dəyərlərin, HUMANIST idealların tapdandığı Vətəndir – mənə belə Vətən gərək deyil. Mən bir çoxları sayaq Vətəndən nəsə istəmirəm, nəsə ummuram; mənim Vətəndən istəyim, umacağım budur: doğru-düzgünlük!
Məndən qabaqlar da, sonralar da bütünlüklə rüşvətə bürünmüş strukturun bir il başında durdum. Özüm rüşvət almadım, başqalarını da almağa qoymadım. Beləcə, Vətən içində Vətən yaratdım – mini Vətən. O çağlar – bir illik hakimiyət dönəmində – mən tək deyildim; ölkəmizin ayrı-ayrı yerlərində mənim kimi mini vətənlər yaradanlar vardı. Bəlli dönük çevriliş olmasaydı, yavaş-yavaş, seçkidən-seçkiyə Ölkədə mini vətənlərin sayı artacaq, sonra da bir Ölkəlik Vətən yaranacaqdı. Onu biz yaradacaqdıq: kürək-kürəyə, əl-ələ Azərbaycan adına gözəl Vətən yaradacaqdıq. Qoymadılar. Iç-dış düşmənlərimiz daha güclü çıxdılar. Onlar Vətəndə öz vətənlərini, Azərbaycanda öz Azərbaycanlarını yaratdılar. Bu, bizim sevə bilməyəcəyimiz vətən, bizim sevə bilməyəcəyimiz azərbaycandır. Biz bununla barışmadıq, barışmırıq, barışmayacağıq!

Əliyevlərin tanıtdığı Vətən
•