Rəhim Qazıyev DIN rəsmisinə cavab verdi

«Mən DIN-də kifayət qədər vətənpərvər, peşəkar polis əməkdaşlarının çalışdığını, ən azı sizin qədər bilirəm»

«Cənab polkovnik-leytenant, unutmayın ki, Siz hər kəsə qanun çərçivəsində və etik normalara uyğun cavablar verməyə mükəlləfsiniz»

Sabiq müdafiə naziri Rəhim Qazıyev “Azadlıq”a məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi təqdim edirik:

“13.04.2013-cü il tarixli ”Bizim yol” qəzetində DIN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadədən qəzetin əməkdaşının ölkə prezidenti Ilham Heydər oğlu Əliyevə 12.04.2013-cü il tarixdə göndərdiyim məktubda üzü maskalı şəxslərin başıma torba salıb aparılmağıma münasibət bildirməyi xahiş edib. Cənab Polkovnik-leytenantın verdiyi cavaba münasibət bildirmədən öncə onun cavabının bir hissəsində dediklərini hörmətli oxucuların diqqətinə bir daha çatdırmağı vacib hesab edirəm:
“Əvvəla, polisi quldur adlandıranın özü quldurdur. Ikincisi, Azərbaycan ictimaiyyəti Rəhim Qazıyevin müstəqilliyin ilk illərində torpaqlarımızın, xüsusən də Şuşa və Laçının erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnən cinayətkar və xəyanətkar fəaliyyətini, onun hansı əxlaq və mənəvi dəyər sahibi olduğunu gözəl bilir. Indilikdə guya azadlıq və demokratiya aşiqi olan xüsusi əməliyyat tədbiri keçirərkən lazımi vaxta və yerdə olmayan bu şəxsin polis əməkdaşlarının işgüzar imicinə və yüksək nüfuzuna kölgə salmağa hesablanmış ifadələr tamamilə qəbulolunmaz və yolverilməzdir…
…Bildiyimiz kimi R.Qazıyev xüsusi əməliyyatın keçirilməsinə mane olub, saxlanılan zaman hay-küy salıb, polisə müqavimət göstərib. Saxlanılandan az sonra sərbəst buraxılıb…
… Azərbaycan cəmiyyəti kimin kim olduğunu, o cümlədən Rəhim Qazıyevin xəyanətkar keçmişini unutmayıb və onun nimdaş personasına da kifayət qədər yaxşı bələddir…”
Cənab Orxan Mənsurzadə, mən ixtisasca riyaziyyatçıyam, peşəm isə müəllimlikdir. Siz də məndən xeyli cavan olduğunuzdan, çox “etikalı” və “hüquqi” cəhətdən həsəd aparılacaq səviyyədə “kamil”, “dolğunluqla” verilmiş cavabınıza peşəmə müvafiq açıqlama verməyi özümə borc bilirəm!
1.Cənab polkovnik-leytenant Orxan Mansurzadə, mən DIN-də kifayət qədər vətənpərvər, peşəkar polis əməkdaşlarının işlədiyini ən azı sizin qədər bilirəm.
2.Çox istərdim ki, mənim həmin məktubda yazdığım ifadəni qərəzsiz və diqqətlə oxuyub, ona, həm bir polis əməkdaşı, həm də Azərbaycan dövlətini təmsil edən bir məmur kimi cavab verəydiniz.
3.Mənim sözügedən məktubumdan sizin istinad edərək, çox əsəbi və qeyri-peşəkar cavabınıza səbəb olan hissəni olduğu kimi həm hörmətli oxuculara, həm də sizin diqqətinizə catdırıram: “Lakin heç vaxt, hətta düşünə də bilməzdim ki, ölkə prezidentinə şəxsi imzamla yazdığım məktuba görə qeyri-insani şəkildə mən 70 yaşlı vətəndaş olmağıma rəğmən, pələng cüssəli, üzləri maskalı quldurlar tərəfindən başıma torba keçirilərək, oğurlanıb aparılacam”
Orxan Mənsurzadə, həmin şəxslər, qeyd etdiyim kimi, üzləri maskada və mülki paltarda, üç-dörd nəfər birdən, getdiyim yerdə, heç bir sənəd təqdim etmədən məni arxadan götürüb, həmin anda da başıma torba keçirib, əlimə qandal vuraraq, markasını bilmədiyim qara maşının döşəməsinə uzadıb, çiynimə də ayaqlarını qoyub aparıblar. Bu gün də mən həmin fikirdəyəm ki, bu hərəkəti polis əməkdaşları yox, ancaq quldular edə bilərdilər.
Çox təəsüf edirəm ki, qeyd edirsiniz ki, mən hansısa psevdoəməliyyatı pozmuşam, polisə müqavimət göstərmişəm. Hər halda, bu, polis əməkdaşına yaraşmayan cavab, daha doğrusu, yaramazlıqla uydurulan bir yalandır. Ən azı ona görə ki, əgər doğrudan da mən polisə müqavimət göstərsəydim, heç olmasa bu “qeyri-qanuni” hərəkətlərimi əks etdirən bircə səhifəlik protokol tərtib edilmiş olardı. Əgər belə bir sənəd varsa, buyurun, ictimaiyyətə təqdim edin.
O ki qaldı ünvanıma işlətdiyiniz xəyanətkar, cinayətkar və sairə, bilavasitə cinayət məcəlləsinin konkret maddələrinin tərkib hissəsini özündə ehtiva edən, ifadələrinizə, buna görə birbaşa cinayət məsuliyyəti daşıyırsınız. Bunu unutmayın.
Cənab polkovnik-leytenant, unutmayın ki, hətta vətəndaş həddini aşıb ifadələrində təhqirə və cinayət tərkibli əməllərə yol vermiş olsa belə, Siz qanun çərçivəsində və etik normalara uyğun cavablar verməyə mükəlləfsiniz. Bu, Sizin Azərbaycan dövlətinin təmsilçisi və DIN-in əməkdaşı kimi müqəddəs vəzifə borcunuzdu. Mən bir müəllim olaraq, Sizə məsləhət görürəm ki, şəxsən tanımadığınız, heç vaxt təmasda olmadığınız şəxs barəsində ordan-burdan eşitdiyiniz bazar söhbətlərini, DIN-nin Mətbuat Xidmətinin şöbə rəisi kimi, deyib, bu önəmli və dövlətin vacib qurumunun nüfuzuna ləkə vurmayın.
Sizn mənim ünvanıma KIV-də, konkret olaraq “Bizim yol” qəzetində söylədiyiniz təhqir, hədyan, şər və böhtanlar normal, demokratik, hüquqi dövlətdə birbaşa cinayət tərkibi yaradan əməllərdir və məhkəmədə bu əməlinizə görə mütləq cavab verməli olarsınız.
Cənab Orxan Mansurzadə, Allahdan arzu edirəm ki, bundan sonrakı həyatınızda, bir müəllim olaraq bu dediklərimi nəzərə alasınız. Bu, ancaq Sizin xeyrinizə olar.
Mənim şəxsiyyətimə, keçdiyim enişli-yoxuşlu ömür yoluna, kimsənin malına əl uzatmadan yaşadığım həyata qiymət verib, barəmdə fikir söyləmək, ən azı, Sizin indiki səviyyənizin miqyası, savadınızın gücü xaricindədir.
Cənab polkovnik leytenant, son olaraq xatırladım ki, nimdaş təfəkkürə və vicdana sahib olmaqdansa, nimdaş zahiri görkəmdə görünmək daha məqsədəuyğundur”.