Dövlət Gömrük Komitəsi sədrinin əməlləri korrupsiyaya qarşı mübarizənin şou olduğunu isbatlayır
Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev “antikorrupsiya şousu” yenicə başlananda açıqlama verərək korrupsiyaya qarşı ciddi tədbirlər görüləcəyini vurğuladı. Hətta rəhbərlik etdiyi qurumda bu məsələ ilə bağlı həbslər həyata keçirdi. Lakin Dövlət Gömrük Komitəsindən baş verənlərlə bağlı əldə etdiyimiz məlumatlar bir daha sübut edir ki, Aydın Əliyev sadəcə şounun effektli alınması üçün bu addımları atıb.
Məlumatlarda bildirilir ki, korrupsiyaya qarşı “mübarizə” başlayandan gömrükdə qeyri-leqal rüsumların məbləği təxminən iki dəfə artırılıb. Özü də maraqlıdır ki, vətəndaşlar bunun səbəbini soruşanda gömrük işçiləri “korrupsiyaya qarşı mübarizədir də” deyərək onları ələ salırlar.
Konkret olaraq Simran Babayev və Nazim Musayev adlı vətəndaşlar redaksiyamıza müraciət edərək Dövlət Gömrük Komitəsində qanunlara məhəl qoyulmadığını bildiriblər. Onların sözlərinə görə, gömrük işçilərinə qanundan danışanda əhəmiyyət vermirlər və deyirlər ki, kimə istəyirsiniz şikayət edin: “Biz Gürcüstandan avtomobil gətirmişik. Gürcüstan gömrüyündə hər hansı problemlə üzləşməmişik. Lakin Azərbaycana daxil olanda hər addımda qanunsuzluq gördük. Təsəvvür edin, biz bu adamlardan avtomobilə görə dövlət rüsumunun nə qədər olduğunu soruşuruq. Lakin onlar öz istədikləri məbləği deyirlər. Bizdən dövlət rüsumundan əlavə 3000 manata yaxın rüşvət tələb etdilər. Razılaşmadıq, dedilər ki, bu halda avmobilinizi ”rastamojka” etməyəcəyik. Dedik ki, bəs korrupsiyaya qarşı mübarizə aparılır, sizin rəhbəriniz Aydın Əliyev də danışdı ki, gömrükdə qanunlara ciddi riayət olunacaq. Cavab verdilər ki, məgər bilmirsiniz ki, bunlar hamısı camaatın gözündən pərdə asmaq üçündür?!”.
Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.
İnformasiya şöbəsi