Mirmahmud Mirəlioğlu Müsavatdan narazıdır

KXCP sədrinin fikrincə, artıq müsavatçılıq ideologiyasını kimsə özəlləşdirib

Tofiq Yaqublu: «Məgər kimsə Rəsulzadə və ya müsavatçılıqla bağlı tədbir keçirmək istəyib, biz qadağa qoymuşuq?»

Müsavat Partiyasının 100 illiyi ilə bağlı “Təbriz” kinoteatrında keçirilən yubiley mərasimi ilə bağlı narazılıqlar davam etməkdədir. Bu dəfə KXCP sədri Mirmahmud Mirəlioğlu təşkilatçılara iradını bildirib. Ona qarşı münasibətdən razı qalmayan M.Mirəlioğlu “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, o, tədbirə dəvət olunacağını gözləyirmiş və dəvət olunmadığı üçün iştirak etməyib:
“Onların yubileyə dəvət məsələsində bu şəkildə davranışı o deməkdir ki, artıq müsavatçılıq ideologiyasını kimsə özəlləşdirib. Lakin bu, istək ola bilər, mümkün ola bilməz. Heç olmasa deyəydilər ki, ancaq və ancaq partiyamızın üzvlərinə aiddir bu mərasim, ancaq Müsavat üzvləri iştirak edəcəklər. Lakin bunu da deməyə cəsarət lazım idi. Bilirsiniz ki, orada Müsavatın üzvü olmayanlar da dəvətlə iştirak ediblər. O mərasimin müsavatçılığa, Müsavata az aidiyyəti var idi”.
Məsələ ilə bağlı Müsavat başqanının müavini Tofiq Yaqublunun mövqeyini öyrəndik. Onun sözlərinə görə, partiya rəhbərliyi artıq mətbuata açıqlamasında bildirib ki, bu tədbirə özəl dəvətlər olmayıb: “Biz belə bir yubileyin keçiriləcəyini mətbuat vasitəsi ilə elan etmişdik və bu zaman vurğulamışdıq ki, istəyənlər qatıla bilərlər. Ona görə tədbirə heç kim fərdi şəkildə dəvət olunmayıb. O ki qaldı Müsavat ideologiyasının özəlləşdirilməsinə, məgər kimsə Rəsulzadə və ya müsavatçılıqla bağlı tədbir keçirmək istəyib, biz qadağa qoymuşuq? Bu baxımdan Mirmahmud bəyin söylədiklərini anlamıram. Əslində biz özümüz Müsavat ideologiyasının yayılmasında maraqlıyıq”. Azərbaycanda Müsavatçılıq ideologiyasını bir neçə partiyanın daşıdığını etiraf etdiklərini deyən T.Yaqublu əlavə etdi ki, eyni zamanda “Təbriz” kinoteatrında keçirilən tədbirin müsavatçılığa, Müsavata az aidiyyəti olması ilə bağlı söylənilənlər də reallıqdan uzaqdır. “Onda bu tədbirin kimə aidiyyəti var. YAP-a?”,- deyə T.Yaqublu vurğulayıb.

Xəyal