Eldar Namazov: «Ortada sadəcə, anlaşmazlıq olub»
Milli Şura ilə bağlı Ziyalılar Forumunun həmtəsisçiləri arasında fikir ayrılığı yaranıb. Qurumun təsisçilərindən olan Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında Şura ilə bağlı nikbin açıqlamalar verib. O bildirib ki, həm Müsavat başqanı Isa Qəmbər, həm AXCP sədri Əli Kərimli ilə müzakirələr apararaq bir çox prinsipial məsələlərlə bağlı ümumi fikrə gəliblər.
Bu həftə ərzində müzakirələri davam etdirəcəklərini deyən E.Namazov konkret razılıqların əldə olunacağına ümid etdiyini də deyib. Onun sözlərinə görə, aparılan danışıqlardan Milli Şura ideyasının müəllifi Rüstəm Ibrahimbəyov da məlumatlıdır.
Ziyalılar Forumunun digər üzvü Rafiq Əliyev isə mətbuata açıqlamasında Milli Şuranın yaradılması məsələsində bədgüman olduğunu bildirib. R.Əliyev deyib ki, Milli Şuranın əsas motivasiyası demokratik düşüncəli qurumları və ya ayrı-ayrı şəxsləri ortaq məxrəcə gətirmək olsa da, bu müsbət niyyət adekvat qarşılanmır: “Bu məsələ ilə bağlı mən və dostlarımız çox çalışdıq. Amma gördük ki, Milli Şura kimi uğurlu formatın yaradılması niyyəti uğursuzluğa düçar olur. Iddia bu qurumları ortaq məxrəcə gəlməyə imkan vermir. Iddia o qədər yüksəkdir ki, çəpəri aşacaqlarına inanmıram. Artıq bu qənaətdəyəm”. R.Əliyev əlavə edib ki, siyasətçilər və partiya rəhbərləri söhbətlərdə və mediaya açıqlamalarda Milli Şura ilə bağlı ictimaiyyətə hesablanmış müsbət açıqlamalar versələr də, əslində belə deyil.ÿO, Milli Şuranın yaradılması ilə bağlı heç bir addım atılmadığını da söyləyib: “Bu məsələ ideya kimi təqdim edildi və məlum münasibətlə qarşılaşdı”.ÿÿ
Eldar Namazova müraciət edib Şura ilə bağlı yayılmış iki xəbər arasında ziddiyyətin səbəbini öyrənməyə çalışdıq. E.Namazov bildirdi ki, R.Əliyevin məlum fikirlərini onlar da təəccüblə qarşılayıblar: “Rafiq müəllimin bəyanatı yəqin ki, prosesdə iştirak edənlərin hamısı üçün gözlənilməz oldu. Çünki bu bəyanat prosesin gedişinə uyğun deyil. Mən özüm də çox təəccübləndim və telefonla Rafiq müəllimlə danışdım. Söhbətdən bəlli oldu ki, onun fikirləri danışıqlar prosesi ilə bağlı deyil. O, sadəcə olaraq mətbuatda bəzi partiya liderlərinin verdiyi açıqlamalara, onlar arasında olan mübahisələrə işarə vurub. Söhbət, danışıqlarda iştirak etməyən siyasətçilərdən gedib. Bir sözlə, ortada anlaşmazlıq olub”.
E.Namazov yaxın günlərdə Rüstəm Ibrahimbəyovun Milli Şura və bu qurumun yaranması ətrafında gedən proseslərlə bağlı ayrıca yazı ilə çıxış edəcəyini də bildirib.
Gültəkin


