“Bu film diktatorlar üçün deyil”

Vahid Azərnevid: «Orada gerçək bir Azərbaycan filmi yoxdur və onu yaratmaq lazımdır»

Vahid Azərnevid azərbaycanlılara bir mühüm proyektlə tanışdır – “Azərbaycan saatı”ndan. Amma bu proqramı izləyənlər onu həm də Güney Azərbaycan qaçqınlarının Quzey Azərbaycanda yaşadığı məşəqqətlərə həsr edilmiş bir sənədli filmdən də tanıyırlar. Həmin film “Azərbaycan saatı”nda tamaşaçılara təqdim edilib. Bu filmdə olduqca həssas və ürəkağrıdan məqamlar var…
Amma Vahid Azərnevid daha bir film üzərində işləyir. Onun bu səyləri bir müqəddəs arzudan doğub: Güney Azərbaycanın ilk filmini yaratmaq. Ilk filmini?! Maraqlıdır, deyilmi? Birinci sualımız da bu haqdadır…

– Güney Azərbaycanın ilk filmini çəkəcəyinizi iddia edirsiniz. Doğrudanmı, bu zamana qədər Güney Azərbaycandan olan bir rejissorun, bir ssenaristin məhz, Güney Azərbaycanın yaşantılarına həsr etdikləri film olmayıb? Yoxsa, belə filmlər var, sadəcə, onlar Irandakı rejimin ideologiyasına uyğun çəkilib?
– Güney Azərbaycanlı rejissorların sayı çoxdur Iranda. Ancaq Güney Azərbaycanla ilgili film çəkən rejissor yoxdur. Iranın 100 illik sinema tarixinə baxdıqda sadəcə, Iran Islam inqilabından sonra Azərbaycan dilində çəkilmiş 2 sinema filmi var. Bu filmlər “Saray” və “Dümrül”dür. Saray və Dümrül (Dəli Dümrül) azərbaycanlıların folklor ədəbiyyatında olan yerəl (local) hekayələrdir. Yəni, neçə yüz il bundan öncə bir qızın bir ərkəyə olan eşqini anladır. Azərbaycan dilində olan bu filmlərin çəkilişi çox gözəldir, ancaq Azərbaycan millətinə və dünya insanlarına deyəcəyi bir söz və verəcəyi bir mesaj yoxdur. Azərbaycan dilində çəkilən bu filmlər sosial- siyasi anlamda Güney Azərbaycan insanını ifadə etmir və Güney Azərbaycan insanının sorunlarını ortaya qoymur. Sənətçinin ortaya qoyacağı əsər bir toplumu aydınlatmayacaqsa, o əsər, sadəcə, boş zamanı doldurmaq üçün yaxşıdır. Mən insanların boş zamanını doldurmağı öz missiyam saymıram və heç, sevmirəm.
Sinema filmi dışında Iranda Azərbaycan dilində bir çox qısa metrajlı film və dizilər çəkilib, amma sizin də dediyiniz kimi, bunların hamısı Iran Islam Cümhuriyyətinin ideologiyalarını yaymaq məqsədi daşıyır. Eynən sovetlərdə olduğu kimi. Ideologiyanı film yoluyla daha rahat yayğınlaşdırma siyasəti. Amma artıq texnologiya çox gəlişib və digital sinema işi çox rahat edib, film çəkmək üçün dövlətin ayıracağı çox böyük və ağır büdcələrə gərək yoxdur. “Pis hakimiyyət, yaxşı toplum” deyə bir düstur yoxdur və hakimiyyət pisdirsə, bu, toplumun keyfiyyət göstəricisidir.

– Sizin film hansı zamanı və hansı yaşantıları təsvir edəcək?
– Mənim filmim tamamilə günümüzə aiddir və Güney Azərbaycanda yaşayan azərbaycanlılar və ayrıca, Iran toplumunun vəziyyətinə gerçəkçi bir baxış. Mən iranlı rejissorlar kimi toplumun yaxşı olub hakimiyyətin pis olduğunu göstərmək istəmirəm. Bir hakimiyyət o toplumun siyasi yansımasıdır, inikasıdır. Izləyici bu filmə baxdıqdan sonra bir azərbaycanlının və daha doğrusu, bir Türk insanının Iranın mədəni və siyasi sistemindəki gerçək vəziyyətilə tanış olacaq. Qərblilər düşünürlər ki, Iranda sadəcə, din basqısı var və mən onlara bu mesajı vermək istiyirəm ki, dini basqılar qədər etnik basqılar da var. Onlara Iranın gerçək üzünü göstərmək lazımdır.

– Güney Azərbaycandan olan milyonlarla soydaşımız tarixi vətənin sərhədlərini aşıb başqa ölkələrdə yaşamağa məcbur edilib. Hesab edirsinizmi ki, bu film həmin iztirabları hansısa mənada əks etdirə biləcək?
– Bu sualınıza bir xatirə ilə cavab vermək istəyirəm. Bir neçə ay bundan öncə ssenarini yoldaşlarımdan birisinə oxuması üçün göndərdim. O, ssenarini oxudu və sonra mənə dediyi ilk cümlə belə oldu: “Sanki mənim hayatımı yazmısan”. Inanıram ki, bu film Iranda yaşayan bütün insanlar, özəlliklə Güney azərbaycanlıların dərdlərini və oradakı sorunları əks etdirəcək.

– Bəziləri deyirlər ki, Güney və Quzey Azərbaycan əhalisi mental və psixoloji baxımdan fərqli sosial kontingentlərə çevriliblər və bu toplumları birləşdirən çox az dəyərlər var. Amma eşitdiyimizə görə siz bu filmdə Quzey Azərbaycandan olan aktyorlara üstünlük vermək fikrindəsiniz. Sizcə, çoxlarının iddia etdiyi həmin mental-psixoloji fərqlər bu aktyorlara mane olmayacaq ki? Axı onlar sırf Güney azərbaycanlı üçün xarakterik olan psixoloji yaşantıları əks etdirməli olacaqlar…
– Quzey Azərbaycandan olan aktyorlara üstünlük verməyəcəyəm, sadəcə, filmimdə Quzey azərbaycanlı aktyorlar da olacaq. Türkiyədən də aktyorlar var. Bəzilərinin də mentalitet və psixologiya haqda dediyi sözlər bir yerə qədər doğru ola bilər, ancaq fərqliliklər hər toplumda var. Hətta Bakı şəhərinin Nardaran bölgəsində yaşayan insanlarla Badamdarda yaşayan insanlar arasında da fərqlilik var və bu, onların eyni millətdən olmadığının sübutu deyil. Düşüncələr hər zaman dəyişir, amma bir millət, bir mədəniyyət, bir musiqi heç bir zaman dəyişməz.

– Bu filmi hansı auditoriya üçün nəzərdə tutursunuz? Axı, sizin bir bəlgəsəl filminizdə həm Azərbaycan rejimi, həm də Iran rejimi sərt tənqidlə üzləşdiyi üçün bu filmi nə Iranda, nə də Azərbaycanda nümayiş etdirməyə rəsmi icazənin olmayacağı gün kimi aydındır…
– Bu filmin iki hədəf kütləsi var. Birinci kütlə qərbli insanlardır, bu film onların Iran haqda daha yaxşı bilgi sahibi olub Güney Azərbaycanı tanımaları, Iranın siyasi durumuna yeni bir açıdan baxmalarını təmin edəcək. Ikinci kütlə Türkiyə, Iran və Azərbaycan toplumudur. Mən bu filmi Iran və ya Azərbaycan diktatorları üçün çəkmirəm, əksinə, mən bu filmi orada yaşayan toplum və millətim üçün çəkirəm. Artıq texnologiya çox inkişaf edib və hər kəsin evində bir DVD player var, hamı bu filmi izləyə biləcək. Mən bu yolla pul qazanmağı düşünmürəm. Avropada mükafat almaq kimi də bir dərdim yoxdur. Çünki mənim üçün ən böyük mükafat insanların maariflənməsi və doğru düşünə bilməsidir.

– Film çəkmək bahalı bir işdir. Mühacir həyatı yaşayan bir qaçqın olaraq bu film üçün vəsait tapa biləcəksinizmi?
– Bu sualınızı Albert Jamyünün sözü ilə cavablandırmaq istəyirəm. O deyir ki, bütün böyük olayların, böyük düşüncələrin önəmsiz bir başlanğıcı var.
Dönüb tarixə baxın. Şah Ismayıl Xətai 13 yaşında şah oldu və böyük Azərbaycan dövlətini qurdu. Osmanlı dövləti isə bir çadırda quruldu. Babalarımız bunu bacarıblarsa, bir film çəkmək o qədər də çətin deyil, deyə düşünürəm. Sadəcə, inanmaq və çalışmaq lazımdır.

Ayəndə Mürsəliyeva