Biz gərək cəmiyyəti öyrədək ki, hansısa müğənninin, rəqqasənin, yaxud bir başqasının ərinə xəyanəti kimlərəsə maraqlı ola bilər, amma hökumətin vətəndaşlara xəyanətinin yanında bu sanki “Qumral təranələri” adlı oyun havasıdır, yəni boş şeydir. Evlilik onların, ev onların, nəticəsini də enində-sonunda özləri bilərlər, amma biz evimizi yıxan siyasəti, talanı, yalanı gərək anlamağı öyrənək.ÿDedi-qodu da ola bilər toplumda, buna maraq hər yerdə tapılır, amma özünün və ölkənin taleyini gizli oyunların axarına buraxıb, dedi-qodu ilə qalmaq əcaibdir. Bəs xalqın arxasından hansı işlər görülür, hansı gizlinlər həyata keçirilir? Lap elə aşkar edilənləri götürək, bunlar bizim marağımıza uyğundurmu?
Bu arada hakim ailənin yeni offşor şirkətləri üzə çıxdı, bu cür dəhşət bir yana qalsın, neft pullarını yalnız binaları üzləməyə, fəvvarələr qurmağa, bahalı asfalt yollar çəkməyə xərcləmək düzgünmü siyasətdir? Hətta həmin layihələrin arxasındakı yeyintiləri də kənara qoyuram, tutaq ki, bu işlərə ayrılmış pullar qəpiyinə qədər deyilən məqsədə xərclənir, bəs bizə yalnız bunlarmı vacibdir? Başqa görüləsi işlər yoxdurmu?
Bizim hökumət Türkiyədə 10 milyard dollardan çox vəsaitə emal zavodu tikir, müxtəlif Avropa ölkələrində barəsində qədərincə məlumat almadığımız işlərə sərmayələr qoyur. Hey eşidirik ki, Dövlət Neft Şirkəti orda-burda nəyisə alır. Bunlar ən doğru yoldurmu? Niyə bunlar xalqla müzakirə edilmir? Niyə xalqa dürüst izahlar verilmir?
ARDNŞ bu yaxınlarda televiziya kanalı alıb. Halbuki, qanunlara görə, bizim dövlətimiz mətbuatın dövlətsizləşməsini aparmalıdır. Bəs niyə dövlət şirkəti TV kanal alır? Buruq və boru göstərəcək bizə? Niyə bizim pullar heç bir izahsız xərclənir? Amma bu pullar bizimdir!
Dünən Dövlət Neft Fondu elan edib ki, bu ilin 3 ayında valyuta məzənnələrinin dəyişməsi fərqinə görə təxminən 570 mln. dollar itirib. Bu dəhşətli bir rəqəmdir. Bu il əsas valyutaların məzənnəsində ciddi dəyişmə olmayıb, nədən olmalıdır bu itki? Belə çıxır ki, Neft Fondu ilin axırına kimi 2 milyarddan çox pul itirə bilər? Nə üçün? Ölkə səhiyyəsinə il ərzində cəmi 660 milyon pul ayrıldığını nəzərə alıb, itkinin böyüklüyünü təsəvvür etməyə çalışın. Digər tərəfdən, biz itki ilə bağlı gümanlarımızda səhv edə bilərik, amma bunun izahı olmalıdır. Bizə söyləməlidirlər, niyə pul itiririk? Biz izah tələb etməliyik.
Biz toplum olaraq bu işlərə müğənni qalmaqallarından az maraq göstərə bilmərik. Təbii ki, bu vəziyyətin yaranmasında hakimiyyətin apardığı aşkar və gizli siyasət, hiylə və texnologiyalar da başlıca rol oynayıb. Baxın, bütün günü TV-lər də ailə qalmaqalları göstərilir. Əslində bu mövzu çox maraqlıdır insanlara, real insan tarixçələri, talesizliklər, itkinlər, 30 ildən sonra kiminsə öz doğmasını tapması dünyanın hər yerində maraqla qarşılanır. Hakimiyyət də digər mövzuları qapayıb, bilərəkdən yalnız bu maraqlı ailə dramatizminə meydan verib. Cəmiyyət də baxa-baxa öz taleyini unudur.
Internet dövründə biz bu hiyləgər situasiyanı qırmalıyıq, diqqəti ictimai problemlərə yönəltməliyik. Bu halda xalq müğənninin ərinə xəyanətinə də baxacaq, amma əsas diqqətini hökumətin xalqa xəyanətinə kökləyəcək.
Məsələn, bazar günü Ilham Əliyev nazirlərlə müşavirə keçirdi. Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas daim keçirilən bu cür tədbirlər silsiləsindədir. Həmin gün mən də işdə idim. Hər zaman iş günlərində olan bu cür iclasların bazar günü keçirilməsi diqqətimi çəkdi və çox təəccüblü bir mənzərə ilə üzləşdim. Müşavirə haqda AzərTAc cəmi 2 cümlədən ibarət xəbər vermişdi: “Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclasda çıxış etmişdir”.
Adətən böyük reportajlar verilir, Ilham Əliyevin nitqi isə bütünlüklə yayılır. Deməli, əslində, iclas qapalı keçirilib. Xalqdan gizlin olub. Niyə? Sualın cavabı olmalıdır. Amma bir məqam da var ki, bundan əvvəlki müşavirələr açıq olsa da, məzmunca, mahiyyətcə heç nəyi aydınlaşdırmırdı. Başdan-ayağa bəlağət, inkişaf nağılları, ÜDM-in artması və s. ÜDM artdıqca ölkədə dərd də artırdı…

Nazirlərlə qapalı müşavirə, Neft Fondunun 3 aya 570 milyon itirməsi…
•