Amerikada terror: Ölən və yaralananlar var (VİDEO)

Bazar ertəsi günorta ABŞ-da Boston marafonunun finiş xətti yaxınlığında baş verən partlayışlar nəticəsində azı 3 nəfər həlak olub, 140 nəfər yaralanıb. Ölənlər arasında 8 yaşlı oğlan usağı da var.

Şahidlərin dediyinə görə 2 ardıcıl partlayışın baş verdiyi ərazidə yerə bədən orqanları səpələnib. Yerli hospitallar çoxlu sayda insanın qəlpə yarası aldığını, açıq yaraların olduğunu və əl, ayaq kimi orqanlara ciddi zədələrin dəydiyini xəbər verirlər.

Yaralananlar arasında çoxlu sayda uşaq var.

Axşam çağı keçirilən mətbuat konfransında Massaçusetts ştatının qubernatoru Patrik Deval Boston sakinlərini sayıq olmağa çağırıb və şübhəli davranış haqda polisə məlumat verməyi tövsiyə edib.

Federal Təhqiqt Bürosu (FBI) insidentlə bağlı araşdırmanı öz üzərinə götürüb və hadisəni potensial terror hücumu kimi qiymətləndirir.

Boston polisinin rəisi Ed Davis hələlik insidentlə bağlı heç bir şübhəlinin saxlanılmadığını deyir.

CNN-in verdiyi son məlumata görə ayağından zədə almış Səudiyyə Ərəbistanı vətəndaşı hazırda polis nəzarəti altındadır, lakin indiki zamanda o, şübhəli hesab olunmur.

“Bu əməli törədəni tapmaq üçün əlimizdən gələni edəcəyik,” deyə cənab Davis bildirib.

ABŞ prezidenti Barak Obama Bostondakı partlayışlardan sonra xalqa müraciət edib. Lenta.ru-nun verdiyi məlumata görə, o, amerikalıları nəticə çıxarmaqda tələsməməyə çağırıb və bəyan edib ki, partlayışın təşkilatçılarının kimliyi, eləcə də, motivi hələlik məlum deyil. Barak Obama söz verib ki, partlayışa görə məsuliyyət daşıyanlar tapılacaq və cəzalandırılacaq.

Qeyd edək ki, yerli vaxtla saat 14.50-də Boston marafonunun yekun mərhələsində iki partlayış baş verib. Partlayışlar arasında 20 saniyəlik fərq olub.

Boston marafonu 1897-ci ildən keçirilir. Bu il aprelin 15-də marafonu yarım milyona yaxın adam izləyib