Məsuliyyət siyasi hakimiyyətin üzərinə düşür
Mart ayının 8-dən 10-a kimi Avropa Şurası Nazirlər Komitəsinin Insan Hüquqları Toplantısı olacaq. Xəbər verildiyi kimi, bir sıra nüfuzlu beynəlxalq qurumlar Toplantıda Avropa Məhkəməsinin qərarına baxmayaraq, azərbaycanlı jurnalist Eynulla Fətullayevin həbsdən azad olunmamasını əsas məsələlərdən biri kimi müzakirəyə çıxarmağı Komitəyə təklif edib. Redaksiyamıza daxil olan məlumata görə, artıq Azərbaycanın ictimai təşkilatları, hüquq müdafiəçiləri də Avropa Şurası Nazirlər Komitəsinə eyni məzmunlu müraciətlər ünvanlayıb.
Yerli ictimaiyyətin bu məsələdə fəallaşmasının iki səbəbi var. Eynulla Fətullayevə qarşı hakimiyyətin qərəzli münasibətinin davam etməsi və onun həyatına ola biləcək təhlükə siqnallarının artması. Eynulla Fətullayev və onun vəkilləri artıq dövlət qurumlarına və ictimaiyyətə müraciət ediblər. Bakı Istintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülməsi onun həyatı üçün çox riskli ola bilər. Ağır sayılmayan maddə ilə ittiham edilən Eynulla Fətullayev məhkəmənin qərarı ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməlidir. Jurnalistin vaxtilə tənqid etdiyi xüsusilə ağır, amansız və dəfələrlə cinayətlər törətmiş residivistlərlə, ağır və mütəşəkkil cinayətkarlıq ideyalarının təbliğatçıları ilə bir müəssisədə saxlanılması təhlükəlidir. Lakin bu təhlükə ehtimalı təkcə ümumi mülahizələrə söykənmir və görünür, məhbus jurnalistin və onun müdafiəçilərinin daha ciddi əsasları var.
Hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəalları hesab edir ki, hakimiyyət orqanları bu məsələni ciddiyə almalıdır. Bütün hallarda məsuliyyət jurnalistə qarşı qərəzli münasibətini sübut etmiş siyasi hakimiyyətin üzərinə düşəcək.
Ramin DEKO