İsmayıllı hadisələrinə görə həbs olunmuş Xəyal Şaranov saxlanıldığı Kürdəxanı təcridxanasında aclıq aksiyası keçirir. Xəbəri Xəyalın atası Sergey Şaranov təsdiq edərək bildirdi ki, oğlu artıq 4 gündür aclıq aksiyasına başlayıb.
“İsmayıllı hadisələrinə görə həbs olunanların heç bir günahı yoxdur, onlar bu rejimin girovlarıdır. Artıq 3 aydan çoxdur ki, onlar haqqında heç bir istintaq hərəkəti aparılmır. Övladlarımıza əzab verirlər. Bu vəziyyət belə çox davam edə bilməz.
Mən özüm xəstəyəm, işləyə bilmirəm. Ailəni təkcə Xəyal dolandırırdı, onu da həbs etdilər. Xəyalın yoldaşı hamilədir. Bəs qarşıdakı problemləri kim yoluna qoyacaq? Hökumət bununla nə demək istəyir? Qəribə haldır. Həm uşaqlarımızı həbs ediblər, həm də gecə-gündüz bizə deyirlər ki, sakit oturun, yaxşı olacaq. Nə yaxşı olacaq, haçan yaxşı olacaq? Cavab verən yoxdur. Gərək biz hamımız aclıq aksiyasına başlayaq, axı belə namərdlik olmaz. İsmayıllı uşaqlarından qisas alırlar”, – deyə S.Şaranov bildirib.
Elçin İsmayıllı


