İnternet-klublarda “facebook” yasağı

Cəmiyyətin fəallaşmasının «günahını» sosial şəbəkələrdə görən hakimiyyət müxtəlif təzyiq vasitələrinə əl atır

Hakimiyyət nümayəndələrinin açıqlamalarından görünür ki, onlar son vaxtlar cəmiyyətin oyanmasının, xüsusən gənclərin fəallaşmasının “günahını” əsasən “facebook”da görürlər. Bir müddət əvvəl deputatlar Fəzail Ağamalı, Siyavuş Novruzov, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov öz açıqlamalarıyla “facebook”un zərərli olduğunu iddia edirdilər. Hətta Fəzail Ağamalı bir qədər irəli gedərək, “facebook”un qadağan olunmasından danışırdı.
Son günlərdə ölkənin müxtəlif yerlərində internet-klublara təzyiqlər hakimiyyətin bu kampaniyanı hələ də davam etdirdiyindən xəbər verir. Insanların “facebook”da bir-birilə ünsiyyətinin qarşısını almaq üçün ən müxtəlif üsullardan istifadə olunur. “Azadlıq”a daxil olan məlumata görə, Günəşli qəsəbəsində yerləşən internet-klublara kompüterlərdə “facebook”a girişi məhdudlaşdırmaq haqda göstəriş verilib. Qaraçuxur qəsəbəsində isə sahə müvəkkilləri gecə saat 11-dən sonra internet-klubların fəaliyyətini dayandırmaq haqda göstəriş verib.
Qeyd edək ki, biz Günəşli, Qaraçuxur qəsəbələrinin adlarını çəkmək də bu və buna bənzər hallar bir sıra başqa yerlərdə də qeydə alınıb. Sosial şəbəkələrə, xüsusilə “facebook”a qarşı bu cür münasibətin kökündə isə vətəndaşların bu şəbəkə vasitəsilə bir-birilə ünsiyyət zamanı ölkədə baş verənlərdən, o cümlədən hakimiyyətin çirkin əməllərindən xəbər tutması dayanır.
Orduda əsgər ölümlərinə etiraz məqsədilə gənclərin yanvar və mart aylarında keçirdiyi “Əsgər ölümlərinə son!” aksiyasına hazırlıqla bağlı təbliğat işlərinin “facebook” vasitəsilə aparılması, aksiyanın kütləvi şəkildə baş tutmasından sonra artıq hakimiyyət bu şəbəkəni özü üçün təhlükə kimi görməyə başladı. Bundan dərhal sonra “facebook” əleyhinə addımlara start verildi.

İlham Hüseynli